Modern.az

Soydaşlarımızın qəlbi Xocalıdadır

Soydaşlarımızın qəlbi Xocalıdadır

21 Fevral 2019, 12:29

Xocalıda törədilmiş soyqırımının 27-ci ildönümü ərəfəsində dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinin diqqəti bir daha bu qətliama yönəlib.
Belə ki, dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə  soyqırımı qurbanlarının xatirəsi anılır, qətliamın dünya ictima­iyyətinə tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirilir.

Dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın qəlbi bu günlərdə Xocalı ilə döyünür. Xaricdəki həmvətənlərimiz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən, Xocalı şəhidlərinin əziz xatirəsini yad edir, onların ruhlarına Allahdan rəhmət diləyirlər.


Təəssüf ki, 27 il keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri insanlığa sığmayan cinayətə görə hələ də cəza almayıb. Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır cinayətlərdəndir. Mahiyyəti etibarilə, Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni qəbildəndir.. Xocalıda törədilmiş məqsədyönlü soyqırımı aktı erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, bu il Amerika Birləşmiş Ştatları, Kanada, Avropa ölkələri, Latın Amerikası ölkələri və Avstraliya da daxil olmaqla dünyanın 50-dən çox ölkəsində Xocalı soyqırımının qurbanları yad edilir.


ABŞ tarixində ilk dəfə olaraq azərbaycanlılara məxsus olmayan qeyri-hökumət təşkilatları - Amerika Sefardlar Federasiyası, Amerika Müsəlmanları Liderləri İttifaqı fevralın 25-də Xocalı soyqırımı qurbanlarına həsr edilmiş geniş tədbir keçirəcəkdir. Fevralın 17-də ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Holokost Muzeyi və Təhsil Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Bununla yanaşı, ABŞ-ın Vaşinqton, Nyu-York, Bruklin, Boston, Solt Seyk Siti, Çikaqo və Meyn şəhərlərində, o cümlədən Florida Ştatında da fevralın 26-dək Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirləri təşkil olunacaq.

 

Fevralın 23-dən etibarən Kanadanın Toronto, Edmonton, Ottava şəhərlərində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulub.


Türkiyənin İzmir, İstanbul, Kahramanmaraş, İğdır, Kayseri kimi şəhərlərində, Kocaeli vilayətində Xocalı mövzusunda konfrans, fotosərgi və s. tədbirlərin təşkili planlaşdırılır. Bununla yanaşı, Gürcüstanda da fevralın 26-dək ölkənin Marneuli və Laqodexi rayon­ların­da, eləcə də paytaxt Tbilisidə Xocalı qətliamına həsr olunmuş yürüşün təşkili, məlumatlandırıcı bukletlərin paylanılması, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur.


Xocalı qətliamının qurbanları Almaniya, Fransa, Belçika, Niderland, Avstri­ya, Finlandiya, Estoniya, Macarıstan, Serbiya, Latviya, Rumıniya, İs­veç­rə, Yunanıstanda da yad ediləcək. Fevralın 23-də Belçika Krallığının Brüssel şəhərində Lüksemburq meydanında keçiriləcək mitinqin də əsas şüarlarını “Xocalıya Ədalət”, “Xocalıya biganə qalma” kimi çağırışlar təşkil edəcək.


Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Perm şəhərləri daxil olmaqla, 25-dən çox regionunda Xocalı soyqırımının ildönümünə həsr edilmiş müxtəlif formatlı anım mərasimləri keçiriləcək. Bundan başqa Ukrayna, Moldova, Belorusiya, Tacikistan, Qazaxıstan, Özbəkistanda da faciə ilə bağlı seminarlar, xatirə gecələri, film nümayişi və sərgilərin təşkili, eləcə də beynəlxalq təşkilat­lara etiraz bəyanat­larının göndərilməsi nəzərdə tutulur.


Qeyd edilənlərlə yanaşı, İsrailin paytaxtı Tel-Əvivdə və Akko şəhərində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimləri keçiriləcək.


Diaspor təşkilatlarından Dövlət Komitəsinə daxil olan məlumatlara görə, ümumilikdə 50-dən çox ölkədə, 100-lərlə şəhərdə 170-dən çox anım tədbirinin keçirilməsi planlaş­dırı­lır.

Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının hazırladıqları bəyanatlarda bildirilir ki, Xocalı faciəsi layiqli qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır.

Bu səbəbdən də dünyanın müxtəlif yerlərində Xocalıda törədilən cinayətin soyqırımı aktı kimi tanınmasına çağırışlar səsləndirilməkdədir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər