Modern.az

Azərbaycan filmi Niderlandın ən məşhur +31mag jurnalında

Azərbaycan filmi Niderlandın ən məşhur +31mag jurnalında

Aktual

21 Fevral 2019, 13:05

Niderlandın ən məşhur +31mag jurnalı Azərbaycan istehsalı olan “Şollerin arxivi” bədii filmindən yazıb.

+31mag Niderlandın ən məşhur jurnallarından biridir, nəşrdə ingilis və italyan dillərində xəbərlər yerləşdirirlər.
Bu jurnalın saytının ana səhifəsində “Şollerin arxivi” bədii filmi ilə əlaqədar iki məqalə yerləşdirilib.

Bu barədə Modern.az-a filimin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, jurnalda bildirilib ki, film Niderlandın “European Cinematography Awards” festivalında “Ən Yaxşı Dram” kateqoriyası üzrə uğur qazanıb və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib.

““Şollerin arxivi” filmi Niderlandın “European Cinematography Awards” festivalında ötən ay səhnələşdirildi, iki kateqoriya üzrə uğur qazandı, lakin maddi imkansızlığa görə film heyəti festivalda iştirak edə bilmədi. Bu festivalın qalibləri içərisindən ancaq “Şollerin arxivi” barədə xəbər yerləşdiriblər və artıq neçənci gündür ki, xəbər saytın ana səhifəsindədir”.

“Ekran əsəri Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir”, - deyə C.Qasımov söyləyib.

Vurğulayıb ki, ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir. Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Tahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı