Modern.az

Mustafa Hacıbəyliyə hökm oxundu

Mustafa Hacıbəyliyə hökm oxundu

21 Fevral 2019, 13:17

Bakı Ağır Cinayətlər Məhkəməsində "Bastainfo.com" saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək M.Hacıbəylinın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti olmaqla cəza təyin edilməsini istəyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən M.Hacıbəyli barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti olmaqla cəza təyin edilib.

İttihamda yazılır ki, M.Hacıbəyli rəhbəri olduğu saytda 5 iyulda yayımlanmış "Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb", 6 iyulda isə "Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb" başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub. Yazılardan birində AXCP üzvlərinin həbsindən, digərində isə Gəncənin icra başçısı Elmar Vəliyevin gülllənməsi, ona qarşı bu əməli törətməkdə təqsirləndirilən Yunis Səfərovun həbs olunduqdan sonra üzərində xəsarət izləri olan fotolarının yayılması və s. məsələlərdən bəhs olunur.

İttihamda yazılıb ki, M.Hacıbəyli "Gəncə və Mingəçevirdəki hadisələr nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədiylə" bu yazıları rəhbərlik etdiyi sayta yerləşdirib.

Daha sonra ittihamda göstərilir ki, Xəzər rayon sakinləri olan üç qadın - İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyub qorxuya düşüblər və narahatlıq keçiriblər.

M.Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər