Modern.az

İki deputat Avstraliyadadır

İki deputat Avstraliyadadır

Aktual

21 Fevral 2019, 14:29

Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Avstraliyada səfərdədir.

 

Modern.az-ın xəbərinə görə, nümayəndə heyətinin tərkibinə işçi qrupunun rəhbəri, deputat Xanlar Fətiyev və deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə daxildir.

 

Fevralın 20-də Azərbaycan nümayəndə heyəti Kanberra şəhərində Avstraliya federal parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirib. Görüşlərin əsas məqsədi Avstraliya parlamentində fəaliyyət göstərən Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinə Xocalı soyqırımı barədə məlumat vermək, iki ölkə arasında münasibətlərin hazırkı durumu və inkişaf perspektivlərini müzakirə etmək, eləcə də hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparmaq olub.

 

Həmin gün Azərbaycan nümayəndə heyətinin üzvləri Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kreq Kelli ilə görüşüb. Kreq Kelli 2018-ci ildə Azərbaycana etdiyi səfər barədə xatirələrini bölüşüb, ölkəmizin inkişafının onda xoş təəssüratlar doğurduğunu qeyd edib. O, ötən ilin aprelində Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etdiyini deyib və bununla bağlı təəsüratlarını paylaşıb. Görüşdə Avstraliyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu bildirilib, bu münasibətlərin siyasi, iqtisadi, elm və mədəniyyət sahələrində böyük potensiala malik olduğu diqqətə çatdırılıb.

Sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Avstraliya Senatının üzvü xanım Konçetta Fierravanti-Uels, Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Milton Dik, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü xanım Ənn Ali, deputatlar Mariya Vamvakinu və Stiv Qeorqanas ilə görüşlər keçiriblər.

 

Görüşlərdə iki ölkənin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin təhsil, mədəniyyət, multikulturalizm, enerji, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcudluğu diqqətə çatdırılıb. Söhbət zamanı Avstraliya və Azərbaycanın universitetləri arasında mübadilə proqramları və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti bildirilib.

 

Avstraliyalı parlamentarilər Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını və ölkənin bu istiqamətdə əldə etdiyi uğurların qonşu dövlətlər üçün nümunə olduğunu vurğulayıblar. Fikir mübadiləsi zamanı Azərbaycanın multikulturalizm modelinin regionda yayılması üçün böyük potensialın olduğu qeyd edilib. Avstraliyalı parlamentarilər xatırladıblar ki, Azərbaycan bir sıra Qərb ölkələrindən əvvəl qadınlara seçmək və seçilmək hüququ verib. Görüşlərdə Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı vurğulanaraq, bu kimi dəyərlərin regionda dini münaqişələrin aradan qaldırılmasına müvafiq töhfə verə biləcəyi qeyd edilib. Azərbaycanın terrorizm və dini radikalizm ilə mübarizədə oynadığı rol xüsusi vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır