Modern.az

Bakı metrosunda daha bir YENİLİK

Bakı metrosunda daha bir YENİLİK

21 Fevral 2019, 14:38

Cari il ərzində metropolitendə istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək.

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O qeyd edib ki, bununla əlaqədar olaraq, Rusiyanın “Artyomovsk Maşınqayırma Zavodu “Ventprom” Səhmdar Cəmiyyəti ilə müqavilə bağlanılıb.

Həmin saziş əsasında bu ilin may ayına qədər müəssisənin istehsalı olan 7 ventilyator Bakıya gətiriləcək. Bu yaxınlarda "Bakı Metropoliteni" QSC-nin nümayəndəsi Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində “Ventprom”un baş ofisində və səhmdar cəmiyyətinin Artyomvskda yerləşən zavodunda olub, sifariş edilən qurğuların zavod şəratində sınaqdan çıxarılması prosesində iştirak edib.

“Bakı Metropoliteni” QSC nümayəndəsinin tələbi ilə sınaq prosesi ventilyatorun qarşısında tuneli imitasiya edən aerodinamik boru quraşdırılaraq, qurğunun bütün texniki parametrləri yoxlanılmaqla aparılıb.

Sınaqdan əvvəl isə idarəetmə lövhələrinin elementləri, avtomatik idarə sistemi, bütün nəzarət-məlumat ötürücüləri yoxlanılıb. Qurğuların istehsal texnologiyası, komplektləşdirici materialların keyfiyyəti analiz edilib. Yoxlamalar və aparılan sınaq prosesi sifarişçinin təqdim etdiyi texniki şərtlərin yerinə yetirildiyini təsdiq edib”.

Onun sözlərinə görə, ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir:

“Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı meropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Bu ventilyatorlar istismardan çıxarılan avadanlıqlarla müqayisədə quraşdırılacağı tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq. Əvvəlki avadanlıqlar 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yeni avadanlıqların havalandırma imkanı 60-70 m3/saniyədir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?