Modern.az

Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınmasının hüquqi əsasları

Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınmasının hüquqi əsasları

Aktual

22 Fevral 2019, 00:30

SSRİ hökumətinin diz çökməyə başladığı tarixi şəraitdən istifadə edən ermənilər 1992-ci ilin fevralında Xocalı şəhərinin əhalisinə vəhşicəsinə divan tutdular. Fevralın 25-dən 26-na keçən gecə ermənilər Rusiyanın 4-cü ordunun 23-cü diviziyasının 366-cı motoatıcı alayının   və Ermənistan  Silahlı Qüvvələrinin tabeçiliyində olan silahlı qrupların, müxtəlif ölkələrdən gəlmiş muzdlu əsgərlərin, köməkliyi ilə Xocalı şəhərinə silahlı basqın edərək, bütöv bir şəhəri yer üzündən sildilər. Hücum zamanı 613 azərbaycanlını məhz azərbaycanlı olduqlarına görə güllələdilər.  

 

Xocalı hadisəsi zamanı həlak olmuş insanların meyitləri müayinə olunarkən onlarda baş dərisinin soyulması, burun və qulaq qığırdaqlarının kəsilməsi, dişlərin sındırılması, qadınlarda döşlərin kəsilməsi, müxtəlif kəsici-deşici alətlərlə yetirilmiş xəsarətlər, üzərindən hərbi texnika keçməsi, bədənin müxtəlif ətraflarında alçaqcasına edilmiş zorakılıq əməliyyatları müşahidə edilmişdir. Məhkəmə tibbi ekspertizanın müayinəsindən keçən 181 meyitdə (130 kişi, 51 qadın), qəlpədən (20 nəfər), güllədən (151 nəfər), küt alətdən (10 nəfər) ölümlər aşkarlanıb. 13 meyit azyaşlı uşaq olub. Ölənlərin 40 nəfəri baş nahiyəsindən, 74 nəfəri döş qəfəsindən, 17 nəfəri qarın nahiyəsindən, 11 nəfəri isə ətraf nahiyələrdən xəsarət alıb. Meyitlərin 3 nəfərində ətrafların donması, 33 nəfərdə işgəncə ilə ölüm – qadınlarda döşlərin kəsilməsi, onların cinsiyyət üzvlərinə odlu silahdan atəş açılması, ölənlərin burun və qulaqlarının kəsilməsi, başın dərisinin soyulması, dişlərin, göz almalarının çıxarılması, kişilərin cinsiyyət üzvlərinin kəsilməsi, üzərindən hərbi texnikanın keçilməsi əlamətləri müşahidə olunub.

 

 

 

"Soyqırımı" anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilmiş hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı cinayət hərəkətlərini əhatə edir:

belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;

  • qrup üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi;
  • hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması;
  • belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;
  • uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.

 

Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. Bu obyektiv cizgi, soyqırımı cinayətini digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir.

 

Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, belə bir hərəkətin törədilmə niyyətinin vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların, soyqırımı kimi tövsif olunması üçün kifayət deyil. Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur.

 

Erməni silahlı qüvvələrinin təcavüzündən xilas olmağa can atan Azərbaycan mülki əhalisinin (Xocalı sakinlərinin) əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırımı niyyətini sübut edir. Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmiş olduğu göz qabağındadır.

 

Soyqırımı cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır:

  • məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı;
  • belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması (mens rea);
  • məlum qrupa münasibətdə soyqırım kimi təfsir olunan hərəkətlərdən hansısa birinin törədilməsi (actusreus).

 

Soyqırım aktı mütləq milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlmiş olmalıdır. Digər qrupa qarşı, məsələn siyasi və sosial qrupa qarşı yönəlmiş belə hərəkətlər soyqırımı kimi tövsif oluna bilməz. Soyqırımı anlayışı qadağan olunan hərəkətin ümumi nəticələri üzrə konkret niyyətin olmasını tələb edir.

 

 

Soyqırım  cinayətinin tövsif olunmuş əlaməti olaraq niyyət özündə bir neçə fərqli tərkib hissələrini birləşdirir:

  • niyyət bu və ya digər konkret qrupa mənsub şəxslərin təsadüfi olaraq bir nəfərinin və ya bir neçə nəfərinin məhv edilməsindən ibarət olmamalı, bütövlükdə qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur;
  • niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı bütöv bir insan qrupunun mövcudluğa hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırımı) ayrıca bir fərdin yaşamağa hüququnu tanımaqdan imtina kimi xarakterizə olunur. Müvafiq olaraq, actus reus (qadağan edilmiş hərəkat) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarşı yönəlmiş olmalıdır;
  • niyyət qrupun məhz tamamilə və ya qismən məhvindən ibarət olmalıdır;
  • niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.

 

Soyqırım cinayətinə görə, məsuliyyətin tövsif olunması üçün bütöv qrupun məhv edilməsi kimi son nəticəyə nail olunma tələb edilmir. Bunun üçün etnik qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətlərdən birini törətmək yetərlidir. Soyqırımın obyektiv tərəfi olan "məhv etmək" anlayışı fiziki və ya bioloji təsir yolu ilə «həyatdan məhrum etmək» anlamına gəlir.

 

BMT-nin beynəlxalq məhkəməsi "Barselona Traction" işi üzrə qərarında soyqırımı aktının qadağan edilməsi üzrə öhdəliyi erga omnes öhdəlikləri adlandırmışdır. Beynəlxalq məhkəmə "Soyqırım cinayətlərinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyasının əsasında duran prinsipləri bütün dövlətlər üçün məcburi xarakterli normalar kimi tanımışdır.

 

Aşağıdakı sənədlər Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırımı cinayəti aktı kimi tövsif etməyə imkan verir:

  1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli, "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası;
  2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizamnamədə soyqırım cinayətinə birbaşa istinad edilməsə də, soyqırımı təşkil edən hərəkətlər onda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur);
  1. Beynəlxalq Cinayət Tribunalının keçmiş Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4);
  2. Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (maddə1);
  3. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6);
  4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103);
  5. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı.

 

İnsanlığa qarşı yönəlmiş irimiqyaslı cinayət olan Xocalı qətliamı azərbaycanlıları qorxutmaq, onların mübarizə əzmini qırmaq, beləliklə azərbaycanlıları min illərlə yaşadıqları doğma yurd yerlərindən qovaraq, bu xalqa məxsus torpaqları işğal etmək, oradakı tarixi, arxeoloji, mədəniyyət abidələrini dağıdıb məhv etmək, mənimsəmək  və s. bu kimi çirkin məqsədlər güdürdü. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı  Azərbaycana qarşı erməni siyasətinin ağır və faciəvi  nəticəsidir.

 

Faiq İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar