Modern.az

İnsanlar tikdiyi evlərin rəsmi sahibi ola bilmirlər - Sənədsiz evlər PROBLEMİ  

İnsanlar tikdiyi evlərin rəsmi sahibi ola bilmirlər - Sənədsiz evlər PROBLEMİ   

22 Fevral 2019, 08:54

Çoxmənzilli binaların istismarına icazə verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərmanla 2020-ci il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla, tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarına (yaşayış komplekslərinə) çıxarış veriləcək.

Ekspertlər bu fərmanla “kupça”sız mənzillərin probleminin həll olunacağını qeyd edirlər.

Eyni zamanda Bakıdakı sənədsiz evlər məsələsinin də növbəti mərhələdə həll olunacağı üçün müvafiq addımlar atılacağını vurğulayırlar.

İllərdir Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməməsi problemi gündəmdən düşmür.  Min bir əziyyətlə başa gələn evlərin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın arzusu olaraq qalır.  Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, hələ ki konkret nəticə hasil olmayıb.

 

Hələ bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən sənədsiz evlərin sayının 700 mindən artıq olduğunu açıqlamışdı.

 

Ölkə başçısı 2015-ci ilin yanvarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb. 

Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
 

Mətbuatın da diqqətlə izlədiyi məsələ öz həllini nə vaxt tapacaq?


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, sənədsiz evlərin problemlərinin həll olunması üçün dövlət başçısı göstəriş verib:

“Müəyyən arayışlar hazırlanıb və lazımi instansiyalara təqim olunub. İllərdir ki, insalar tikdiyi evlərin rəsmi sahibi ola bilmirlər. Ölkə başçısı sənədsiz tikintilərə son qoyulması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. İnanıram ki, bu problem də ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq öz həllini tapacaq.

Necə ki, Prezident çoxmənzilli yaşayış binlarının istismarına icazə verilməsilə bağlı sənədə qol çəkdi”.

 

Parlament üzvünün sözlərinə görə, çoxmənzilli binalara çıxarışların verilməsilə bağlı çox böyük narazılıqlar və şikayətlər var idi:

“Təsəvvür edin ki, 8-10 il müddətinə o binada yaşayan vətəndaş çıxarış ala bilmirdi. Suyu, qazı, işığı da var, amma çıxarış, sənədi yoxdur. Ona görə də Prezident İlham Əliyevin bu addımı tikinti ilə əlaqədar bir çox problemləri həll edəcək. Məndə olan məlumata görə, Bakıda 400-ə yaxın bu cür çoxmənzilli yaşayış binası var, hansı ki, sakinləri “kupça” ala bilmir. Təşkilati məsələlər həll olunduqdan 3 ay sonra bu problem tam həll olunacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir