Modern.az

“Bank of Baku”dan etiraz - Qarşı tərəfin MÖVQEYİ  

“Bank of Baku”dan etiraz - Qarşı tərəfin MÖVQEYİ   

22 Fevral 2019, 09:32

Modern.az saytının 13 fevral 2019-cu il tarixdə saat 11:04-də dərc etdiyi ““Amrahbank” və “Bank of Baku” BAĞLANIR?” başlıqlı məqalə adları çəkilən kommersiya müəssisələrinin etirazı ilə qarşılanıb.

Qeyd edək ki, maliyyə bazarındakı adı açıqlanmayan mənbənin ehtimal etdiyi məlumat əsasında hazırlanan yazıda bankların birmənalı olaraq bağlanacağı bildirilməyib. Buna baxmayaraq, məqaləni hazırlayan müxbir peşə etikasını əsas tutmaqla hər iki bankın rəsmi mövqeyini də öyrənərək, onların PR menecerlərinin açıqlaması ilə yazıya əlavə edib.

Lakin qarşı tərəfin də rəsmi mövqeyinin əks olunduğu yazı “Bank of Baku”nun kəskin etirazına səbəb olub və bununla əlaqədar müəssisə rəhbərliyi adından redaksiyamıza məktub göndərilib.


Bildirilib ki, hazırda kapital adekvatlığı və likvidlik dərəcəsi kifayət qədər yüksək səviyyədə olan “Bank of Baku” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyanın ləğvi və ya məcburi ləğvə məruz qalacağına dair heç bir rəsmi məktub daxil olmayıb.

Bank rəhbərliyi adı çəkilən yazını müəssisənin işgüzar nüfuzuna zərbə kimi qiymətləndirdiyindən Modern.az olaraq qurumun genişləndirilmiş mövqeyini bird aha dərc etməyi vacib sayırıq..

 
“Bank of Baku” ASC-nin Modern.az-a göndərdiyi məktubda bəyan edilib:

“Bütün müştərilər qarşısında olan öhdəliklərimizi tam şəkildə icra etmək iqtidarındayıq. Müştərilərimizdən əmanətlərinin geri qaytarılmasına dair kütləvi müraciətlər daxil olmayıb və bunun üçün heç bir təhlükə və əsas da yoxdur. Əmanətlərin böyük qismi “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” qanunlara uyğun şəkildə qorunmaqdadır”.

Əlavə edilib ki, 2018-ci ili 3 milyon 473 min manat xalis mənfəətlə başa vuran “Bank of Baku” ASC həyata keçirdiyi tədbirlər sayəsində fəaliyyətini əhəmiyyətli dərəcədə sabitləşdirib, son illər baş vermiş iki devalvasiyanın yaratdığı mənfi təsirləri tez bir zamanda aradan qaldırmağa nail olub.

Eyni zamanda bildirilib ki, “Bank of Baku” bazardakı mövqeyini qoruyub saxlamaqla bütün maliyyə, texniki, kadr və digər imkanlar hesabına yeni kredit məhsullarının yaradılması, biznes layihələrinin həyata keçirilməsi, habelə problemli kreditlərin restrukturizasiyası yolu ilə itkilərdən sığortalanmağı bacarıb.

Bu açıqlamanı dərc etməklə müəssisənin işgüzar nüfuzunu zədələmək niyyətimizin olmadığını bir daha bəyan edir, “Bank of Baku”ya qarşı hər hansı qərəzli mövqeyimizin olmadığını vurğulayırıq.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir