Modern.az

Ali məktəblər indi necə mühafizə olunur?

Ali məktəblər indi necə mühafizə olunur?

8 Sentyabr 2009, 15:36

MODERN.AZ ƏMƏKDAŞININ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MÜŞAHİDƏ ETDİKLƏRİ

"Yeni tədris ilində bütün təhsil müəssisələri dövlətin vəsaiti hesabına mühafizə olunacaq. Biz dövlətin müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələr qurmuşuq və dərs ili başlayan andan problem həllini tapacaq. Özəl və dövlət ali təhsil müəssisələri, orta məktəblər, eləcə də uşaq bağçaları mühafizə ediləcək”. Bu sözləri təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında bildirib.
Aprelin 30-da Dövlət Neft Akademiyasında baş verən dəhşətli terror hadisəsindən sonra bütün təhsil müəssisələrində mühafizə xidmətinin gücləndirildiyi elan olunub. Yeni tədris ilinin başlanmasına bir neçə gün qalır. Modern.az-ın əməkdaşı Bakıdakı bəzi ali məktəblərdə olub, təhlükəsizliyin necə təmin olunduğunu araşdırmağa çalışıb.

Neft Akademiyasına müəllimlər də vəsiqə ilə buraxılır

Öncə faciə baş vermiş Azətbaycan Dövlət Neft Akademiyasının (ADNA) binasına baş çəkdik. Binaya daxil olmaq cəhdimiz baş tutmadı. Çünki burda nəinki tələbələri, hətta müəllimləri də içəri vəsiqə ilə buraxırlar. Mülki geyimdə olan mühafizəçilər vəsiqə tələb edir, çantaları yoxlayırdılar. Mühafizə xidmətinin əməkdaşı Akifin sözlərinə görə, Neft Akademiyasının binasında kameralar da quraşdırılıb. O, ali məktəblər arasında ən ciddi mühafizə işinin məhz Neft Akademiyasında qurulmasının səbəbini məlum hadisə ilə əlaqələndirdi. 

Mühafizə əməkdaşları 300 manat maaş alırlar

Növbəti ünvanımız Dövlət Dillər və Slavyan universitetləri oldu. Dərslər başlanmadığı üçün tələbə izdihamı müşahidə olunmurdu. Slavyan Universitetinin məzunu Orxan bizimlə söhbətdə dedi ki, onlarda mühafizə məsələsi həmişə nəzarətdə olub: “30 aprel faciəsindən sonra mühafizə bir qədər də gücləndirildi”. Slavyan Universitetinin mühafizə xidmətinin əməkdaşları bildirdilər ki, işlərinə məsuliyyətlə yanaşmaya bilməzlər: “Ayda 300 manat maaşı bizə elə-belə vermirlər ki...” Dövlət Dillər Universitetində də mühafizə xidməti gücləndirilib Hər iki ali təhsil müəssisəsində izləyici kameralar da yerləşdirilib.

Tibb Universitetində mühafizə xidməti yaradılıb

Mühafizə xidmətinin gücləndirildiyi təhsil ocaqları sırasında Tibb Universiteti (ATU) də var. Yeri gəlmişkən, ADNA-da baş verən olaya qədər ATU-da mühafizə xidməti olmayıb. İndi isə artıq universitetdə nəzarət gücləndirilib, mühafizə xidməti fəaliyyət göstəriri.
Dövlət İqtisad Universiteti də gücləndirilmiş mühafizə rejimində işləyir. Təhsil müəssisəsində bir neçə mühafizəçi çalışır. Onlar içəri girənlərdən tələbə və müəllim vəsiqəsi tələb edir, çantaları yoxlayırlar. Universitetin tələbələri də təsdir etdilər ki, binaya vəsiqəsiz daxil olmaq mümkün deyil.
Bakı Dövlət Universitetinə də mühafizə gücləndirilmiş iş rejiminə keçib, çantalar yoxlanılır, izləyici kameralardan istifadə olunur.

Özəl təhsil ocaqlarında

Özəl ali məktəblərdə də müşahidələr apardıq. Beynəlxalq, Kooperasiya, Qərb, Təfəkkür universitetlərinin giriş qapısında ciddi nəzarət var. Yeri gəlmişkən, məlum terror olayından sonra Beynəlxalq Universitetdə bir dəfə həyəcan yaşanıb. Belə ki, maliyyə-kredit fakültəsinin tələbəsi qaz tapançası ilə binaya daxil olaraq tələbələri qorxudub. On görə də bu müəssisədə mühafizə xidməti digərləri ilə müqayisədə daha ciddi işləyir. Sentyabrın 15-dək mühafizə ilə bağlı bir sıra yeniliklərin şahidi ola bilərik. Təhsil naziri M.Mərdanov belə deyib.

Emil Salamoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir