Modern.az

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Cenevrədən qayıdıblar

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Cenevrədən qayıdıblar

Təhsil

8 Dekabr 2011, 15:58


Noyabrın 23-dən dekabrın 1-dək İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 18-ci Baş Assambleyası (23-25 noyabr), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Nümayəndələr Şurasının görüşü (26 noyabr ), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Beynəlxalq Konfransı (28 noyabr-01 dekabr) keçirilib.

Bu barədə Modern.az saytına Qızıl Aypara Cəçiyyətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 4 nəfərdən ibarət Nümayəndə Heyəti ilə Beynəlxalq Federasiyanın 18-ci Baş Assambleyasında, Hərəkatın Nümayəndələr Şurasının görüşündə və Beynəlxalq Konfransda iştirak edib. Nümayəndə heyətinin rəhbəri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili, fəlsəfə doktoru Novruz Aslanov, üzvləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibi Bəylər Talıbov, İcraçı Katibin müavini Şaban Şayev və Milli Cəmiyyətin Gənclər Komitəsinin sədr müavini Bayram Vəliyev olub.

Beynəlxalq Konfransda eyni zamanda Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının ofisi və digər Beynəlxalq Təşkilatlarla iş üzrə daimi missiyasının birinci katibi İsmayıl Əsədov və attaşesi Rəşad Şirinov da iştirak edib. Assambleyanın plenar iclası 3 gün davam edib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, nümayəndə heyətinin rəhbəri cənab Novruz Aslanov Baş Assambleyanın əsas mövzularından sayılan “Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin gücləndirilməsində Humanitar Diplomatiyanın rolu” haqqında çıxış edib.

Nümayəndələr Şurasının 1 günlük keçirilən görüşündə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti N. Aslanovun çıxışı əsas mövzu kimi qoyulmuş “Nüvə Silahlarının istifadəsinin qadağan olunmasına dair” olub. 4 günlük müddətdə təşkil olunmuş Beynəlxalq Konfransın rəsmi açılışında İsveçrə Konfederasiyasının prezidenti, xanım Mişelin Kalmi-Rey çıxış edərək bildirib ki, bu kimi beynəlxalq səviyyədə vacib olan mövzular üzrə təşkil olunmuş konfransın ölkəsində keçirilməsindən məmnundur.

Beynəlxalq Konfransda Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Dövlətinin birgə Nümayəndə Heyəti 6 nəfər ilə təmsil olunub. Beynəlxalq Konfransda əsas mövzu kimi təqdim olunmuş Beynəlxalq Humanitar Hüququn idarə olunması, həyata keçirilməsi, pozulması və s. ətrafında 80-dən çox dövlət və Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Nümayəndələrinin çıxışları ilə səciyyələnib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili N. Aslanov plenar iclasda çıxış edərək Beynəlxalq Humanitar Hüququn vacibliyi, onun təəssüf ki, bir çox hallarda pozulması, bu kimi halların Azərbaycan sərhədlərində də pozularaq qurbanlara səbəb olması haqqında ətraflı çıxış edib.

N.Aslanov eyni zamanda Azərbaycanda 9 milyon əhalidən 1 milyonun, yəni ölkədə hər 9 nəfərdən biri qaçqın və məcburi köçkün olduğunu  bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. O, bundan sonra Beynəlxalq Humanitar Hüquq üzrə Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərini, Cenevrə Konvensiyaları və ona əlavə protokol və aktları imzalamış və öhdəlik götürmüş dövlətləri bir daha bu hüquqa hörmətlə yanaşmasının vacibliyini vurğulayıb.

N. Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Tadateru Konoe ilə, Türk Kızılayının prezidenti Ahmed Lütfi Akarla, İran Qızıl Aypara Cəmiyyətinin prezidenti Əbülhəsən Fəqhihlə, Ukrayna Qızıl Xaç Cəmiyyətinin prezidenti İvan Usiçenko ilə, Belorusiya Qızıl Xaç Cəmiyyətinin prezidenti Valeriy Malaşko və s. rəsmilərlə müxtəlif səpkidə müzakirələr ətrafında görüşlər keçirib.  

Yapon Qızıl Xaç Cəmiyyəti tərəfindən təşkil olunmuş rəsmi qəbulda Yapon Qızıl Xaç Cəmiyyətinin, həmçinin Beynəlxalq Federasiyanın prezidenti  Tadateru Konoe Azərbaycan Qızıl Aypara Cəmiyyətinə Yaponiyada baş vermiş zəlzələ zamanı dəstək olmaq üçün həyata keçirdiyi pul yığımı kampaniyasına görə rəsmi təşəkkürnaməni təqdim etib.

29 noyabr 2011-ci il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri xanım Paskal Mejvaqner və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa Zonasının rəhbəri xanım Anitta Underlin tərəfindən əməkdaşlığa dair üç tərəfli saziş imzalanıb.   

Qeyd etək ki, Beynəlxalq Federasiyanın Baş Assambleyası və Hərəkatın Nümayəndələr Şurası iki ildən bir, Beynəlxalq Konfrans isə dörd ildən bir keçirilir.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır