Modern.az

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasından İTTİHAM

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasından İTTİHAM

Qarabağ

27 Fevral 2019, 20:23

“İşğal edilmiş Azərbaycan ərazilərində yaradılan qondarma rejimin “nümayəndələri”nin   Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirən yersiz və qeyri-konstruktiv açıqlamaları artıq təəccüb doğurmur”. Modern.az xəbər verir ki, bunu  "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib.

 

Özünü Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin "prezidentinin müşaviri"  qismində təqdim edən Tiqran Abramyanın erməni KİV-də səsləndirdiyi fikirlərə cavabında Tural Gəncəliyev bildirib ki, Tiqran Abramyanın səsləndirdiyi fikirlər münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara  xələl gətirir: “O, qoşunların təmas xəttində hazırkı vəziyyəti şərh edərək, vəziyyətin qiymətləndirilməsi üçün çoxsaylı amillərin nəzərə alınmalı olduğunu və Azərbaycanın təmas xəttində guya qeyri-stabillik yarada biləcək fəaliyyət apardığını iddia edib. 

 

Tiqran Abramyanın və qondarma rejimin diqqətinə çatdırmaq istərdim ki,münaqişənin sülh yolu ilə birdəfəlik tənzimlənməsinin yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkündür. Bunun əvəzinə, qondarma rejimin “təmsilçilərinin” dili ilə qeyri-konstruktiv atmosfer yaradılması qəbuledilməz haldır. 

 

Tiqran Abramyana həmçinin xatırlatmaq lazımdır ki, işğalçı Ermənistan adambaşına düşən gəlir səviyyəsi və həbi sahəyə ayırdığı xərclərə görə təkcə regionda deyil, beynəlxalq səviyyədə hərbiləşmiş ölkə kimi tanınır.

 

Onu da qeyd etmək yerinə düşər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırda aparılan danışıqların ruhuna və formatına zidd olaraq, qondarma rejimin nümayəndələrinin danışıqlara cəlb edilməsi ilə bağlı Tiqran Abramyanın səsləndirdiyi təxribat xarakterli fikir və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının bərabərhüquqlu icmalar olduğunun qeyd edilməməsi Ermənistanın münaqişəsinin birdəfəlik sülh yolu ilə həll edilməsində maraqlı olmadığına dəlalət edir”.

 

“Avropa İnsan hüquqları məhkəməsinin Çıraqov və digərləri Ermənistana qarşı işi üzrə verdikti bir daha təsdiq edir ki, qondarma rejim bilavasitə Ermənistanın təsiri altındadır və onun siyasi, maliyyə və hərbi dəstəyi sayəsində mövcuddur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər də bu işğalçı siyasətdən əziyyət çəkirlər.

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır. Hər iki icmanın xoşbəxt gələcəyi və regionun təhlükəsiz iqtisadi inkişafı işğalın nəticələrinin aradan qaldırılması ilə mümkündür”,- deyə Tural Gəncəliyev vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir