Modern.az

Mətbuatda siyasi kollajlar...

Mətbuatda siyasi kollajlar...

Media

9 Dekabr 2011, 14:49


Azərbaycan mətbuatının bəzi məşhur ənənələri itir... Siyasi kollajlar da mətbuat səhifələrindən izi itən media ənənələrindən biridir. Halbuki, yaxın illərdək mediada siyasi kollajlardan geniş istifadə olunurdu. Kollaj kəsib yapışdırmaq, kəsikləri birləşdirib bütövləşdirmək deməkdir. Azərbaycan mətbuatında siyasət cəbhəsinin müxtəlif qanadlarını əhatə edən kollajlar bəzən qalmaqallara səbəb olsa da, oxucular tərəfindən maraqla qarşılanırdı.

Bəs bu gün medianın siyasi kollajlardan imtina etməsinin səbəbləri nə ilə bağlıdır? Modern.az saytı bu suala cavab tapmağa çalışıb.

Hazırda “TV +” jurnalında çalışan, vaxtilə müxtəlif qəzetlərin məsul katibi olmuş və siyasi kollajlar hazırlamaq sahəsində tanınan rəssam Rasim Mədətin sözlərinə görə, indi həyatda insanların bir-birinə münasibətlərindən tutmuş siyasi oyunlara, düşüncələrə qədər hər şey adiləşib. Amma onun fikrincə, həyatda gördüyümüz neqativ, pozitiv haların hamısı kollajdır.  

Vaxtilə nəşr olunan “7 gün”qəzetinin hər sayının birinci səhifəsində kollajlardan istifadə olunduğunu deyən Rasim Mədətə görə, artıq həmin kollaşların işlənməsinə eytiyac duyulmur. Onun sözlərinə görə, texnika inkişaf edib, kompüterin imkanları hesabına istənilən nəticəni əldə etmək olar.
“Kompüterdə istənilən adamın başını kəsib başqa şəkilə calayırlar, istənilən adamı şantaj edirlər. Ancaq biz kollajları şantaj etmək üçün yox, yaxşı məqsədlər üçün istifadə edirdik. Məsələn, o vaxt bizim məşhur “Ev bazarı” kollajımız dərc olunmuşdu. Bu kollajla ev növbəsində dayananların, evsiz insanların vəziyyətini icra nümayəndələrinə çatdırmışdıq. Ayaz Mütəllibovun, Rüfət Ağayevin, Hacı Əbdülun, Həsən Həsənovun və siyasətdə olan digərlərini biz ev bazarına çıxarıb hər birinin boynuna “pilka” asmışdıq ki, “ev axtarırıq, ev satırıq”.
Məsələn, Hacı Əbdül o vaxt türmədə idi, yazmışdıq: “Bayıl türməsindəki birotaqlı kameranı Azadlıq prospektindəki bir mənzilə dyişmək istəyirəm”. Yəni bu yolla biz Hacı Əbdülün  azadlığa çıxmaq istəyini oxucuya çatdırmışdıq.
Sabiq xarici işlər naziri Həsən Həsənov Bakını bəyənməyib Nyu-Yorkdan ev almaq istəyirdi, biz onun siyasi kollajını dərc etmişdik. Bu yolla məmurların nələr düşündüyünü oxucuya çatdırmışdıq”.  

R.Mədət deyir ki, siyasi kollajların dərc olunduğu vaxt müxtəlif hadisələrlə rastlaşırmışlar. “Bəziləri belə kollajlardan inciyirdi, bizi məhkəməyə verirdilər, amma sonradan dostlaşırdıq. Eyni zamanda, bu kollajlarla edilən təqdimata görə sevinən insanlar da az deyildi”.


Tanınmış jurnalist Çingiz Sultansoyun fikrincə, mətbuatda siyasi kollajların olmaması söz, fikir və ifadə azadlığının məhdud olması ilə əlaqədardır. Ç.Sultansoy deyir ki, Azərbaycan mətbuatında siyasi karikaturalar da yox dərəcəsindədir.
“Təkcə rəssam Rəşad Şerifi çıxmaq şərtilə, siyasi karikatura çəkən yoxdur. Bəli, bu gün siyasi kollajlar yoxdur, amma mətbuatda nə var ki?!  Məmurlar sorğulara cavab vermirlər. Bu bir yana qalsın, mətbuat xidmətləri də sorğulara cavab vermir, onları yerində tapmaq olmur”.

Ç.Sultansoy deyir ki, kollaj və karikatura üçün jurnalist və rəssamdan iki xüsusiyyət - istedad və təcrübə tələb olunur. Bu iki xüsusiyyət istənilən müstəqil jurnalist və  yazar üçün vacibdir.

Onun sözlərinə görə, kollajlara müraciət edilməməsinin bir səbəbi də rəssamın və jurnalistin öz təhlükəsizliyindən əmin olmaması, təqiblərə məruz qalmasından qorxması ilə bağlıdır.
“Elmar Hüseynovun “Monitor” jurnalında siyasi karikaturalara yer ayrılırdı. Eynulla Fətullayevin “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərində də həmçinin. Amma belə nəşrlər artıq yoxdur”.

Müstəqil jurnalist Ülkər Abdullayevanın sözlərinə görə, mətbuatda siyasi kollajların olmaması mənfi haldır. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti kifayət qədər qapalı cəmiyyətdir. Və bu cəmiyyətdə insanlar hər şeyin gizlində edilməsinin tərəfdarıdırlar.
“Rüşvət almağı, yaltaqlanmağı ayıb saymırlar, şərəf və ləyaqətlərinin alçaldılması hesab etmirlər, amma kimsə onların şəklini kollaj eləsə, ya da karikaturalarını çəksə, qiyamət qoparırlar”.

Ülkər Abdullayevanın sözlərinə bu, neqativ bir stereotipdir. O, deyir ki, mətbuat özünü təqiblərdən, təzyiqlərdən, məhkəmə çəkişmələrindən sığortalamaq üçün siyasi kollajlardan imtina edib. Müsahibimiz düşünür ki, bu məsələdə mətbuat azadlığının olmamasının da payı var.
“Nə iqtidar mətbuatı hakimiyyət nümayəndələrinin, nə də müxalifət qəzetləri öz liderlərinin surətlərini, yaxud da siyasi fəaliyyətini ehtiva edən rəsmləri kollaj etməyə səy göstərirlər. Anlayışla qarşılanmayacaqlarından qorxurlar”.

Jurnalist deyir ki, kollajlar həm də yaradıcılıq qabiliyəti tələb edir. Hazırki mətbuat dizaynerlərinin çoxunun fantaziyasının məhdud olduğunu deyən Ü.Abdullayeva bildirib ki, onlar bir maketin üzərində günlərlə işləyirlər. “Hazır yazıları və şəkilləri hazır çərçivəyə atırlar, bununla da missiyalarını bitmiş hesab edirlər”.

Ü.Abdullayeva deyir ki, kollajlar həm də zaman tələb edən işdir. Onun sözlərinə görə, bu barədə media rəhbərləri də düşünməlidirlər.
“Mətbuatda çalışan dizaynerlərin vaxtı və aldıqları məvacib çox azdır. Onlar gündəlik materialları çətinliklə gecə yarısına qədər yığa bilirlər. Bu barədə media rəhbərləri, onların siyasi ideoloqları, sponsorları fikirləşməlidirlər ki, "İskra" qəzetinin ənənələr dövrü çoxdan keçib. Yeni dövr yeni yanaşma tələb edir”.

Ü.Abdulayeva deyir ki, insanlar özlərinə gülməyi, özünü tənqid etməyi öyrənməlidirlər. Qəbul etməlidirlər ki, onlar heç də ideal deyillər. Onun sözlərinə görə, yalnız bundan sonra kollajları,  karikaturalarını rahat həzm edə biləcəklər.

Jurnalistin fikrincə, mətbuat yavaş-yavaş qeyri-siyasi kollajlardan başlayıb siyasi kollajlara qədər getməyə cəhd etməlidir. “Bu sahədə olan buzları tədricən qırmaq lazımdır”.

“Mediaform” saytının redaktoru İsmayıl İsmayılova görə, mətbuatda siyasi kollajların olmamasının müxtəlif səbəbləri var. Yumor hissinin olmaması, təhqiri qəbul edə bilməmək, söz azadlığının məhdudluğu əsas faktorlardandır.

İnsanların kollajlara dözümsüzlük göstərdiyini deyən İ.İsmayılov eyni zamanda bildirib ki, bu sahə ilə məşğul olan işçilər də yoxdur.
“Biz “Mediaform” saytında “Media açarı” ilə bağlı kollajlar yaradırdıq. Bununla ayrı bir əməkdaş məşğul olurdu. Vaxtını səhərdən axşama qədər bu işə sərf edirdi. Ola bilsin bu sahə ilə məşğul olan insanlar yoxdur, ona görə də mətbuatda siyasi kollajlar yoxdur”.

Kollajlarla xüsusi işləyən işçilərin lazım olduğunu deyən İ.İsmayılov bildirib ki, qəzetərin maddi vəziyyəti də buna imkan vermir.

Sədaqət Süleymanova  

P.S. Yuxarıdakı kollaj "Mediaforum"a məxsusdur

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı