Modern.az

Deputat Zahid Orucdan Qarabağ ermənilərilə bağlı yeni təklif

Deputat Zahid Orucdan Qarabağ ermənilərilə bağlı yeni təklif

9 Dekabr 2011, 16:35

Millət vəkili Zahid Oruc parlamentdə büdcə müzakirələri zamanı Dağlıq Qarabağın maliyyələşməsi ilə bağlı qaldırdığı məsələni Modern.az saytına geniş şərh edib.

“Hökümətin 2012-ci il parlamentdə büdcə müzakirələri dövründə millət vəkili olaraq bir məsələni gündəmə gətirdim. Əlbəttə, etiraf edək ki, bu kifayət qədər həssas bir problemdir. Bu ideya ilə çıxış edərkən biz bir sıra məqamları nəzərə alırıq. Söhbət heç bir halda işğal gerçəkliyinin unudulması, Dağlıq Qarabağ ermənilərinin cinayət əməllərinin ört-basdır ediılməsi, onlarla sülh-əməkdaşlıq kimi yeni bir müstəvinin seçilməsindən getmir”.

Deputat qeyd edib ki, burada məsələ başlıca bir məqama dayanır ki, bu da Ermənistanın Azərbaycana təcavüzünün ortada olmasına baxmayaraq bu prosesdə iştirak etmiş Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olmalarıdır.

“Bu ayrı söhbətin mövzusudur ki, onlar hansı məsuliyyəti daşıyırlar, separatizmdə iştirak etməklə onların əməllərinə gələcəkdə hansı qiymətlər veriləcək. Amma bu torpaqların Azərbaycanın olması fikri dəyişmir”.

Zahid Oruc Dağlıq Qarabağın Azərbaycanın xəritəsində göstərildiyi kimi, maliyyə sənədlərində də ifadə olunmasının vacibliyini vurğulayıb.

“Bu həm də bizim siyasi manevr müstəvimiz üçün çox gərəklidir və sadə dillə desək, Dağlıq Qarabağa şərti bir status vermək və onun hökümətin bütün siyasətində nəzərə alınması gərəkdir.

Konkret deyilsə, biz Xankəndinin bərpası, onun infrastrukturunun yenidən qurulması, işğalın vurduğu ağır nəticələrin ortadan götürülməsi xərcləri kimi də ifadə edə bilərik. Yəni yarımbəndlərdə təyinat dəqiq göstərilə bilər. Ancaq başlıca olaraq ölkə xərclərində Dağlıq Qarabağı göstərməliyik”.

Zahid Oruc bunun Azərbaycanın Konstitusiyasının tələbi olduğunu qeyd edib.

“Digər tərəfdən biz dəfələrlə vurğulayırıq ki, Qarabağda normal iqtisadiyyat qurula bilməyib, əsasən terrordan, narkotikadan maliyyələşmə var. Ermənilər xüsusilə də beynəlxalq dairələrindən gələn yardımlar hesabına yaşayırlar. O cümlədən bir sıra hallarda Amerika Birləşmiş Şatatlarının hər ilin maliyyələşməsində 8 milyon dollara yaxın vəsait müxtəlif hümanitar məqsədlərlə bura yönəldilir. Bunun bizim tərəfimizdən süngü ilə qarşılanması da normaldır, çünki bu Qarabağa ayrı bir subyekt kimi yanaşmaq və Azərbaycanın başı üzərindən bizim suveren hüquqlarımıza xələl gətirərək addımlar atmaqdır. Qarabağın sanki müstəqilləşməsinə bir maliyyə dəstəyidir”.

Millət vəkili bildirib ki, buna görə də Qarabağın maliyyələşməsi büdcə smetalarında nəzərdə tutulmalıdır.

“Biz 125 dairədən, o cümlədən Xankəndi dairəsindən millət vəkili seçirik. Bu yeri ermənilərə sanki saxlamış kimi oradan iki dönəm seçkilərdə heç kim namizəd olaraq irəliyə sürülmədi. Sonradan artıq hiz gördük ki, etnik amillərə görə seçki keçirilmir.
Eyni ilə də maliyyə məsələlərində biz bunu nəzərdə tutmalıyıq. Və dünyaya göstərmərliyik ki, nə zaman onlar Azərbaycan Respublikasının Konstitusiyasının qanunlarına hörmətlə yanaşacaqlar, ərazi bütövlüyümüzü tanıyacaqlar, o zaman Azərbaycan onlara vətəndaş kimi sahib duuracaq və o bölgənin öz ərazisi kimi inkişafını, gələcək quruculuğunu tamamilə üzərinə götürəcək”.

Deputat bunun həm də Qarabağda çox ağır şəraitdə yaşayan ermənilərin də öz saxta hökümətlərinə, Ermənistana qarşı çıxacaqlarına bir vasitə olacağını düşünür.

“Baxın Çeçenistana yönəlik Rusiya hansı siyasəti yürüdür. Biz də eynilə onu Qarabağa yönəltməliyik. Əlbəttə ki, sənədlərdə göstərilən vəsaitlər xərclənməmiş qalacaq. Amma Azərbaycanın bütün ərazilərinə vahid tam kimi yanaşmasını və Qarabağ ermənilərinin vətəndaş haqlarını tanımağa hazır olduğunu dünyaya göstərmək üçün bu edilməlidir. Bu yöndə addımlar atmalıyıq və iki gün öncə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin bəyan etdiyi kimi, Qarabağda yaşayan ermənilər də Azərbaycanın vətəndaşlarıdır, lakin təcavüzlə əməkdaşlıq bir araya sığmır. Ona görə də onlar Azərbaycan qanunlarına itaət göstərsələr, vətəndaş hüquqlarından geniş istifadə edə biləcəklər”.

Zahid Oruc həmçinin qeyd edib ki, büdcə maliyyələşməsində Qarabağın azərbaycanlı icmasına müəyyən məbləğin ayrılması da Qarabağ ermənilərinə bir mesajdır ki, onlar bu prosesdən, Azərbaycanla birgə olmaqdan nələr itiblər. Onun sözlərinə görə, bu, eyni zamanda Qarabağ ermənilərinin Ermənistana qarşı davranış göstərməsi üçün bir siqnaldır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu