Arxiv
3 mart 2019, 11:11 | REPORTAJ
“Alo, bura AzEdu.az-dır?!” - Təhsil cameəsinin hər gün zəng etdiyi 1 yaşlı saytdan REPORTAJ  

Bu gün qonşu otaqda bayramdır. 1 ildir eyni redaksiyanı paylaşdığımız AzEdu.az saytının kollektivi ilk yaş gününü qeyd edir. Fürsət düşmüşkən, biz də Modern.az olaraq bu bir ilin hər günü bir yerdə olduğumuz gənc jurnalistləri təbrik etməyi qərara aldıq.

AzEdu.az-ın otağına daxil olub reportaj hazırlamağa gəldiyimi söyləyəndə ciddiyə almadılar. Axı hər gün birlikdə işləyir, birlikdə deyib-gülür, birlikdə yeyib-içir, sevinəndə də, hərdən kədərlənəndə də paylaşırıq.

Öncə Mail Ağaxanov (saytın redaktoru - red.)  zarafat etdi ki, reportaja yox, “səhər yoxlaması”na gəlmisən deyəsən... Çünki hər gün səhər salamlaşmaq üçün girdiyim otaqdan müsbət bir aura ilə çıxdığımı hamı bilir. Təbriklərimizi çatdırandan sonra ciddiliyimi anladılar və beləcə söhbətə davam etməyə məcbur oldular..


İlk olaraq, Modern.az və AzEdu.az portallarının rəhbəri Elşad Eyvazlının da təhsil sahəsi üzrə ixtisaslaşmış saytın 1 yaşı münasibətilə söyləmək istədikləri var. E.Eyvazlı deyir ki, adam özü özünə real qiymət verə bilmir, gördüyün işin, əldə etdiyin uğurların qiymətləndirməsi kənardan yanaşdıqda daha yaxşı gözə çarpır:


“Bu 1 il müddətində AzEdu.az təhsil sahəsində hədəflərinə çata bilməsə də, tanına bildi. Hər kəsə məlum oldu ki, təhsil sahəsindən yazan belə kreativ, hadisələrə çevik yanaşan, yalnız rəsmi xəbərləri deyil, problemləri də ortaya qoyan, araşdırmalar, maraqlı layihələr təqdim edən sayt var. Amma nə qədər sevildiyini, baxımlı sayt olduğunu AzEdu.az-ın yaradıcısı kimi deməkdə çətinlik çəkirəm”.


- Maraqlıdır, saytın təsis edilməsi ideyası necə yarandı?

- Açıq deyəcəm: media məkanında daim dəyişikliklər, yeniliklər baş verir. Bir neçə il əvvəldən  yazılı media – qəzetlər öz yerini elektron mətbuata – saytlara verdi. Mən düşünürəm ki, artıq konkret sahəni əhatə edən saytlar meydanı ümumi xəbər saytlarından alırlar. Özüm yazılı mediada çalışmışam, istəsəydim qəzet çıxara bilərdim. Amma mən hələ 10 il əvvəl Modern.az-ı yaratmaq ideyasını ortaya atanda, onda düşünmüşdüm ki, qəzetin aktuallığı gedir. Onda məni qınayırdılar ki, sən nə danışırsan? Amma indi də həyəcan təbili çalıb, izah etmək istəyirəm: bir müddət sonra ümumi xəbər saytları yox olacaqlar. Artıq hər şeyi sosial şəbəkələrlə edirlər. Ona görə, konkret sahəni əhatə edən saytlara ehtiyac yaranıb. Bizim digər sahələrə uyğun saytlar yaratmaq planımız da var.

Bir şeyi də qeyd edim ki, genimdən təhsil adamıyam. Atam müəllim olub. Jurnalistikaya ilk gəldiyim illərdə “Hər gün” qəzetində işləyirdim. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin o vaxtı rəhbəri ilə müsahibəyə göndərmişdilər. Müsahibədən sonra mənə dedi ki, sən çox gəncsən, amma təhsil sahəsindən məlumatlısan. Həmişə dərk etmişəm ki, millətin gələcəyi təhsildədir. Təhsil adamı olmaq millətin təhsilinə fayda vermək deməkdir. AzEdu.az saytı ilə təhsilin inkişafını bir millimetr belə qabağa apara biləcəyiksə, nə mutlu bizə.

Gənclərlə işləyəndə adam özü də gəncləşir”
 

AzEdu.az saytının bütün əməkdaşları gənclərdir. Elşad Eyvazlıdan gənclərlə işləməyin müsbət və mənfi tərəflərini də soruşdum:

“Modern.az da vaxtilə ən gənc əməkdaşları olan sayt idi. Sadəcə artıq 10 ildir fəaliyyət göstərir və 10 ildir burada çalışan insanlar var. Hər işdə daha çox gənclərlə çalışmağa üstünlük verirəm. Gənclər daha fəal olurlar. Təcrübələri olmasa da, onların işə vurğunluğu, iş görmək istəyi, orta nəsillə, 3-5 il təcrübəsi olanlarla müqayisədə daha yüksək olur. Gənc jurnalisti və bir neçə il çalışmış jurnalisti eyni yerə reportaja göndərsən, gənc daha heyrətlə danışacaq. Ona görə, gənclər inkişafa meyillidirlər, sosial medianın tələb etdiyi gücləri orta nəsillə müqayisədə üstündür. Bir nəfəri ilk olaraq, sən işə alacaqsansa, o sənin müəssisənin işçisi olacaq, kənara o qədər də meyl etməyəcək. Mən ona görə gənclərlə işləməyə üstünlük verirəm. Həmişə zarafatla deyirəm ki, gənclərlə işləyəndə adam özü də gəncləşir”.

- AzEdu.az-ı daha böyük nailiyyətlərə çatdırmaq üçün arzularınız nələrdir?

- Əslində romantik adam üçün arzular lap çox olur. Amma müəyyən yaşdan sonra arzular cibinə uyğun olur. Belə vəziyyətdə o qədər də kefin açılmır. Hər halda AzEdu.az-la bağlı ciddi planlarımız, ciddi layihələrimiz nəzərdədir. Hətta böyük şirkətlər, transmilli korporasiyalar belə AzEdu.az-la əməkdaşlıq edirlər. Biz düşünürük ki, təhsilin hansısa sahəsi ilə bağlı sualı olan, cavab tapmaq istəyən bizə ünvanlasın, rahat cavab tapa bilsin. Bunu edə biləcəyiksə, hədəfimizə tam çatmış olacağıq. Bu gün isə müəyyən qədər hədəfə yaxınlaşmışıq.
Gənclərdən çox məmnunam. Hətta düşünürəm ki, gənclərin hər biri 10 Elşad Eyvazlı qədər gücə, potensiala, işə can yandırmağa malik gənclərdir.



Gənc saytın gənc baş redaktoru Elmin Nuri kollektiv haqqında çox müsbət fikirlər səsləndirdi. AzEdu.az-dakı işi Elmin bəyin baş redaktor kimi ilk təcrübəsidir...


“Sosial şəbəkədəki statusumda da belə yazmışdım: “1 il ərzində ən böyük qazancımız bu cümlə oldu: artıq Azərbaycanda da təhsil portalı var!

Doğru dediniz, bu baş redaktor kimi ilk təcrübəmdi. Böyük etimada görə, Elşad müəllimə minnətdaram. Amma hər dəfə başımı qaldıranda, bu ETİMADı başımın üzərində, yəni, məndən daha yuxarıda gördüm. Məncə, ilk ilimizdə tam alınmasa da, gələn il, 2 yaşımızda bu Etimadın düz yanında olmağa çalışacağam.

Əslində, işim idarə etmək deyil; burada hər şeyi heç zaman bizdən əl çəkməyəcək təhsil sevgisi idarə edir. Biz isə bayaq dediyim etimadın işığından tuta-tuta, müəyyən istiqamətləndirmə işlərini aparırıq.

“Gənclərlə  işləməyin hansı müsbət və mənfi tərəfləri var” sualını mən deyil, nisbətən yaşlı bir əməkdaş, məsələn, Mail Ağaxanov daha doğru cavablandıra bilər. Burada hamımız həqiqi və məcazi mənada gəncik. Portalın kollektivi orta yaşlı şəxslərdən də formalaşsaydı belə, biz yenə gənc olmağa borclu idik. Çünki yönəldiyimiz hədəflər, əldə olunası məqsədlər mahiyyətcə gəncdir. Təhsil hər zaman yenilik, kreativlik,  tam fərqli baxış bucağı tələb edən sahədir...

AzEdu.az-dakı gənclərin də əsas özəlliyi bu enerji və yeni baxışlara sahib olmalarıdır. Doğrudur, məsələlərə daha da yaradıcı yanaşıb, daha orijinal materiallar ərsəyə gətirmək olardı. Bu, mənə də, buradakı hər kəsə də aiddir.

Amma bizim kollektivdəki qızlar öz yazılarında – xüsusən də müsahibə, reportaj və müxtəlif  layihələrlə bağlı materiallarda bacardıqları qədər yaradıcı, fərqli görünməyə çalışır, deyərdim ki, bunu bacarırlar da... Materiala fərqli yanaşmanı hər zaman dostyana rica  etmişəm və sağ olsunlar, xahişimi yerə salmayıblar. Reportajlarda fərqli gedişlər, maraqlı keçidlər, qeyri-adiliyə yaxın manevrlər, xüsusən iki müxbirimizdə daha çoxdur. Amma təbii ki, bunları daha da inkişaf etdirmək lazımdır.

Bir yazar kimi məni hər zaman məzmun maraqlandırıb. Saytları oxuyanda da məni istedadın müxtəlif çalarlarını üzərinə hopduran, məna çəkisi olan cümlələr maraqlandırıb.  Multimedianın hökmranlıq etdiyi sürətli mediada da əsas diqqət Böyük Məzmuna və Böyük Cümləyə verilməlidir. Biz bəzən, formaya, məsələnin texniki tərəfinə diqqət etdiyimiz qədər məzmuna fikir vermirik.

Amma getdikcə maraqlı məzmun yenilikləri edən jurnalistlərimiz də var. Onların tapıntıları, mətn üzərində maraqlı gəzişmələri çox maraqlıdır. Bu mənada, Nəzrin Cavid və Nəzrin Rüstəmovanı xüsusilə fərqləndirmək lazımdır...

Ən çox narazı qaldığım detal isə uşaqlardakı bəzən yaşanan motivasiyasızlıqdı. Hərdən, uğurlu iş gününün ardınca, ən xırda neqativlik belə onları həvəsdən salır. Bu, hamıya aid deyil təbii ki! Amma istərdim, hamımız xaraktercə güclü olaq ki, sonda qazanan AzEdu.az olsun!”.


- Yəqin ki, hərdən müxbirlərinizin sizinlə razılaşmadığı məqamlar da olur. Bəs maraqlıdır, ən çox hansı məsələlərdə fikirləriniz üst-üstə düşmür?

- Bu, təbii ki, olur və olmaması mümkün deyil. O zaman burada hər hansı normal iş mühitindən danışa bilməzdik. Fərqli baxışlı gənclər bir aradadırsa, demək, hər hansı məsələ ilə bağlı razılığa gəlməmək də normaldı...

Həyatda iki bacarığım varsa, (zatən çox da deyil) onlardan biri insanları, onların ruhlarını oxumaq, duymaqdı. Eqo kimi qəbul etməyin, amma kiminsə üzünə bir anlıq baxmaqla, onun yaşantılarını, problemlərini, fikirlərini oxuya bilirəm. Artıq bir ildir ki,  eyni yerdə işlədiyim uşaqlarda isə bu bacarığı tutmaq təbii ki, mənim üçün daha asandır...

Hər zaman çalışmışam ki, buradakı dostlar üçün özümü “yaxşı”  sözü şəklində “yazım”. Onlara özümü bu cür “oxutdurum”. Amma dediyim kimi, bəzən kiməsə ötəri nəzər salanda “yaxşı” sözünün dəyişdiyini görürəm (gülür)... Amma sonra həmin sözün özü də “yaxşı” şəklində dəyişir... İş zamanı bu “oxu prosesi”nin dəyişməsi təbii haldır... Amma nə yaxşı ki, iki nəfərin “mütaliə”sində “yaxşı” sözü heç zaman dəyişməyib. Adlarını çəkməyəcəm, amma bilsinlər ki, mən həm onları, həm də digərlərini yalnız bir söz kimi “oxuyuram” – “MÜKƏMMƏL!”.


“AzEdu.az-ı daha uğurlu pillələrə qaldırmağın formulu inanmaq, inandırmaq və “İnam” ifadəsinə çevrilməkdir” deyən baş redaktor düşünür ki, birinci, kollektiv özü öz gücünə inanmalıdır:

“Məhz bu etapdan sonra neqativləri dəyərləndirib, aradan qaldırmaq yollarını düşünməliyik. Amma dediyim kimi, əvvəlcə, “inanmaq” etapından keçmək şərtiylə... Əks halda...

İkincisi, inandırmaq... Biz güclü olmamıza, güclü olub neqativləri, boşluqları aradan qaldırmamıza hər kəsi inandırmalıyıq. Bunun üçün isə yüksək əzmlə yorulmadan işləmək lazım gələcək Bu da çətin deyil: çünki biz ilk etapda “inanmaq” mərhələsindən keçmişik.

Üçüncüsü isə, İnamın özünə çevrilmək. Bütün şagird, tələbə, abituriyent, valideyn, müəllim təbəqəsi bizi İnam kimi görəcəksə, bundan böyük uğurumuz olmayacaq. O zaman siz  ən uğurlu pillənin özünə AzEdu.az-ın yanına qalxmağı arzulamalı olacaqsınız”.


- Aydındır ki, hər işdə çətinliklər, problemlər olur. Bir qədər də çətinliklərdən danışaq.

- Bizim heç bir çətinlik, problem və qayğılarımız yoxdu... Sadəcə, müəyyən çatışmazlıqlarımız var. Bəzən işə özünəinamsızlıq pəncərəsindən baxanda, həmin çatışmazlıqlar problem sifətində görünür.


Baş redaktor sonda kollektivə və özünə olan arzularını da dilə gətirdi:

“Kollektivə arzularım budur ki, həyatda qazandıqları uğurlarından, onları hamıdan fərqləndirən özəlliklərindən, müsbət və pozitiv tərəflərindən yaxşıca bir daş düzəldib, bayaq dediyim özünə inamsızlıq pəncərəsini sındırsınlar...

Mənə gəlincə isə... Yaxşısı budur, gedim, “daş” axtarım” (gülür).


“Bəzən məcbur olub bazar günləri də kollektiv işləyirik”


Lap əvvəldə adını qeyd etdiyim və hamının hörmətini qazanmış redaktor Mail Ağaxanov AzEdu.az-ın ad günü ilə bağlı təəssüratlarını belə ifadə etdi:

“AzEdu.az yalnız təhsil sahəsini əhatə etməsinə baxmayaraq, qısa zaman çərçivəsində özünü doğrultmağı bacaran bir sayta çevrilib. Həm özəl, həm də dövlət təhsil müəssisələri tərəfindən kifayət qədər ciddi bir sayt kimi tanınırıq. Bir çox rəsmi qurumlar AzEdu.az-la ortaq layihələr həyata keçirməkdə maraqlıdırlar və deyərdim ki, artıq bəziləri bu işə başlayıblar da. Mən misal da göstərə bilərəm: Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi və ölkəmizdə fəaliyyət göstərən bir çox nüfuzlu ali təhsil müəssisələri AzEdu.az-la işləməkdə maraqlıdır.

AzEdu.az-da çalışanlar əsasən gənclərdir. 1-2 nəfəri çıxmaq şərti ilə digərlərinin ilk iş yeri buradır. Mən AzEdu.az-a ötən ilin may ayında gəlmişəm. Buna qədər bir neçə sayt və qəzetdə işləmişdim. Mənə yeni yaranan bir saytda işləmək ilk növbədə asan gəlirdi. Amma burda çalışan gənclərin iş prosesini, sayta necə can yandırmalarını görəndə anladım ki, heç də əvvəldən düşündüyüm kimi deyilmiş. Onlarla ayaqlaşmaq lazım idi. Mənim işə başlamağım həm də dərs ilinin axırlarına təsadüf edirdi. Şükür Allaha ki, bizi utandırmadı...
Gündəmdən geri qalmamaq üçün bəzən bazar günləri də kollektivcə işləyirik”.


“Saytınızın gələcək yerini, mövqeyini harada görürsünüz? sualına gəlincə, Mail bəyin cavabı bu oldu ki, hədəfləri AzEdu.az-ın elektron portallar arasında birinci olmağına çalışmaqadır:

“AzEdu.az bircə ildə müəyyən naliyyətləri əldə edə bilib. Bu gün xəbər bazarına təhsil saytı kimi daxil olmasına baxmayaraq, kifayət qədər ciddi media orqanı kimi qəbul olunur. Artıq mövqeyimiz bəllidir. Gələcək yerimiz ölkəmizdə fəaliyyət göstərən nufuzlu saytlardan biri və birincisi olmaqdır”.


“AzEdu.az təhsil və elm sahəsi ilə maraqlananlara mayakdır”
 


Saytın xaricdə təhsil alan gənclərlə çalışan müxbiri Günel Yaşarqızı ilə söhbətləşdik. Günel deyir ki, çalışdığı sayt insanları maarifləndirməklə yanaşı, həm də izləyicilərinə ölkədə və dünyada baş verən təhsil, elm sahəsinə aid xəbərləri doğru, operativ çatdırmağa çalışır:


“Məncə, AzEdu.az 1 il ərzində təhsil cameəsində layiqli mövqeyini tuta bilib. Çünki AzEdu.az yaranana qədər bu sahədə insanları maraqlandıran suallara cavab verən, onların problemlərini ışıqlandıran, xaricdə təhsil almış gənclərimizi oxucularla yaxından tanış edən belə bir portal yox idi. İndi Azərbaycan mətbuatının AzEdu.az-ı da var. Redaksiyamıza hər gün oxuculardan gələn çoxlu zənglər, mesajlar, müraciətlər bunu söyləməyə əsas verir ki, AzEdu.az təhsil və elm sahəsi ilə maraqlananlara, bu sahədə çalışanlara bir mayakdır”.

Günel 7 aya yaxındır ki, AzEdu.az-da çalışır. Özünün dediyinə görə, gələndə bu sahədə heç bir təcrübəsi olmayıb:

“Baş redaktorumuz Elmin bəy, müxbirimiz Lamiyə xanım mənə çox şeyi başa saldılar. İndi də öyrənməyə davam edirəm. Kollektivimiz çox yaxşıdır. Ümumiyyətlə, bir şeyi etiraf edim, mən rahatlığıma düşkün insanam. Burada da bəxtim gətirib ki, çox rahat kollektivimiz var. İstədiyim kimi danışıram, deyib-gülürəm, zarafatlarımı edirəm. Bu da mənim üçün həqiqətən, çox önəmlidir. Qısaca, AzEdu.az yalnız mənim karyera başlanğıcım deyil, eyni zamanda məktəbimdir.

Xaricdə təhsil alan gənclərlə silsilə müsahibələr hazırlayıram. Onlarda danışmaq, dünyagörüşlərini qələmə almaq çox maraqlıdır. Yəqin ki, həmin müsahibələr kənardan da maraqlı görünür. Belə olmasaydı, müsahibələrimi oxuyan xaricdə təhsil alan digər tələbələr də onlarla söhbətləşməyim üçün sosial şəbəkələrdə yazmazdılar. Mənim üçün çox xoş haldır. Çünki xaricdə təhsil alan fəal, aktiv gənclərimizi oxucularımız da tanımalıdır”.

Gənc müxbir iş yoldaşlarına ürək sözlərini də elə onların yanındaca çatdırdı:

“İş yoldaşlarıma, kollektivimizə hər zaman səmimi, mehriban, çalışqan qalmağı arzu edirəm”.

“Ofisdən gecə saat 11.00-da çıxdığımız vaxtlar olub”


AzEdu.az kollektivində maraqlı bir məqam da var: burada 3 nəfər Nəzrin çalışır. Bu səbəbdən də söhbət əsnasında onları fərqləndirmək üçün soyadlarını əzbərləmişdim.

Başlayaq Nəzrin Rüstəmovadan... Nəzrin deyir ki, AzEdu.az onun ikinci iş yeridir. İlk dəfə IV kursda oxuyanda o biri Nəzrinlə (Nəzrin Cavid – red.) birlikdə Modern.az-a gəlib və 2 ay orada təcrübə keçib:

“Yadımdadır, baş direktorumuz Elşad Eyvazlı tələbə olmağıma baxmayaraq, məni işə götürmüşdü. Qısa müddət olsa da, ilk iş təcrübəmi, məhz Modern.az-da qazanmışam. Xüsusilə, redaktor Aqşin Kərimovun bizə göstərdiyi dəstəyi və ondan öyrəndiklərimi qeyd etməsəm, haqsızlıq olar.

AzEdu.az-da isə artıq 1 ildir, yəni sayt yaranan gündən çalışıram. Hər şeyə sıfırdan başlamaq çətin və məsuliyyətli olduğu qədər, həm də qürurvericidir. Elşad müəllim tərəddüd etmədən AzEdu.az-ı bizə, gənclərə həvalə etdi. Bu, təbii ki, məsuliyyətimizi birə beş artırdı və etimadı doğrultmağa çalışdıq. Ötən bir ilə nəzər saldıqda, saytın hər köşəsində bütün kollektivin, eləcə də sənin payının olması, insanda fərəh hissləri yaradır.

Kollektivimiz gənclərdir və əksəriyyət ixtisasca jurnalistdir. Bunun üstünlüyünü hər zaman hiss etmişik. 1 ildir ki, təhsil sahəsi ilə maraqlanan, təhsildə çalışan, oxuyan bəlkə də minlərlə insanı məlumatlandırmağa çalışırıq. Özünü cəmiyyətə faydalı gənc kimi hiss etmək duyğusu 1 ilin mənə qazandırdıqları içərisində ən ön sıralarda yer alır. Zənnimcə, AzEdu.az bu gün bir çox saytın edə bilmədiyini etməyi - cəmiyyətin inamını qazanmağı bacarıb”.

Şagirdlər, valideynlər, tələbələrlə çalışan Nəzrin Rüstəmova bu mövzuda diqqətli olmağa və onlara kömək etmək üçün bir çox məlumatı çatdırmağa çalışır:
 

“Tələbələrin əksəriyyəti həyatda özünə müəyyən qədər yer tapmağa çalışan və qəbul stressindən sonra daha çox əyləncəyə vaxt ayıran gənclərdir. Onlarla işləmək nə qədər rahatdırsa, bir o qədər də çətindir. Ona görə ki, hazırda tələbələri ən çox nələrin maraqlandırdığı və onlar üçün faydalı olacaq məqamları bəzən özləri belə bilmirlər.

AzEdu.az yeni yarananda biz, hətta axşamlar belə çalışırdıq. Ofisdən gecə saat 11.00-da çıxdığımız vaxtlar olub. Bu günün özündə də asudə vaxtlarımızın planını, demək olar ki, yeni layihələrin hazırlanması üzərində qururuq. 1 il ərzində həyata keçirilən layihələr düşündüklərimizin sadəcə bir qismidir. İnanıram ki, AzEdu.az kollektivi olaraq, gələcəkdə daha böyük uğurlara imza atıb, təhsil xəbərlərinin ən etibarlı mənbəsi olmağa davam edəcəyik”.


“Elə bil AzEdu.az-da işə başlamağımız dünən olub”


“Bir il nə tez keçdi belə?” deyib, təəccüb qarışıq sevincini dilə gətirən Lamiyə Süleymanlı növbəti həmsöhbətim oldu. Deyir, “elə bil AzEdu.az-ın yaranması ilə bağlı ofisdə toplaşmağımız dünən olub”:

- 1 ilə görə xeyli nailiyyətlərimiz olub. Ən azından hansısa abituriyent, müəllim və ya valideyn məlumat almaq üçün birbaşa AzEdu.az ilə əlaqə saxlayırsa, deməli, nələrsə qazanmışıq. Geridə qalan bir ilə baxanda xeyli zəhmət görürəm. Müəyyən layihələrlə yaddaşda qaldıq. Özümüzə hər zaman tənqidi yanaşdıq ki, inkişaf edək. Bu, bəzən bizim ruhdan düşməyimizə səbəb olsa da, daha da irəlini görməyimizə yol açdı

AzEdu.az yarananda universiteti yeni bitirmiş, işlə əlaqədar bir neçə yerə müraciət etmişdim. Belə bir təhsil portalının yaranmasından xəbərsiz idim. Bundan əvvəl kiçik bir televiziya layihəsində, radioda təcrübə keçmişdim. Amma ağız dolusu "təcrübəm var" deyə bilməzdim. Çünki müraciət etdiyim əksər vakansiyalar 2-3 illik təcrübə tələb edir, ya da iş rejimi uyğun olmurdu. AzEdu.az-la belə bir vaxtda qarşılaşdım. Mənə, təcrübəsiz bir gəncə dəstək olaraq, jurnalist kimi formalaşmağıma məhz burada dəstək göstərdilər.

Bəlkə də illər sonra gözümü açıb, özümü müxtəlif işlərdə tapacam. Amma AzEdu.az mənim üçün bir ilkdir. İlklər isə həmişə bir başqa olur, unudulmur”.

“Hər kəslə dil tapıb, maraqlı yazı hazırlamaq asan olmur”

Lamiyə Süleymanlı işdəki çətinliklərdən də danışdı:

“Məsələn, söhbət hər hansı şikayətdən gedirsə, mütləq qarşı tərəfin aqresiyası ilə qarşılaşırsan, ya da ki, yazdığın tənqidi material birmənalı qarşılanmır. Problemə hamının baxış bucağı eyni olmaya bilər. Buna görə, bəzən sosial şəbəkədə müzakirə zamanı müəllif adına haqlı olmayan yanaşma görürsən. Belə şeylər insanı ruhdan sala bilir. Amma səbrli olmalı, istənilən fikri başqa birinin subyektiv yanaşması kimi qəbul etməli olursan.

İşləyəndə də müxtəlif xarakterli, hətta çətin müsahiblərlə qarşılaşmışam. Hər kəsin "dilini tapıb",  oxucular üçün maraqlı material hazırlamaq asan olmur. Mən özümə çox tənqidi yanaşmağım , bəzən əldə etdiklərimi də kiçildir. Amma əminliklə deyirəm ki, AzEdu-dan çox şey öyrəndim. Bura mənim üçün məktəb oldu. Yalnız karyera deyil, hətta xarakter baxımından da püxtələşdim.

Saytımız tam boşluq olan bir istiqamətdə fəaliyyətə başlamışdı. Bundan öncəyə qədər təhsillə bağlı sualları cavablandıran, problemləri işıqlandıran portal yox idi. Hətta rəqabət olmayan mühitdə belə arxayınlaşmamağı, üzərimdə çalışmağı öyrəndim. Ətrafımdakıların təhsillə bağlı verdiyi sualı nə vaxtsa cavablaya bilməmək qorxusu ilə daha çox öyrənməyi, araşdırmağı sevdim. Ən əsası isə AzEdu.az mənə təhsili daha çox sevdirdi”.

“...mənə “AzEdu” deyə müraciət edirlər”


Yeni bir saytın uğurlu fəaliyyət qura bilməsi üçün onun tanıdılmasına çox böyük ehtiyac var. AzEdu.az-da saytın tanıdılması, sosial mediada aktivliyi işini üzərində götürən şəxs Firayə Allahverdiyevadır. Firayə deyir ki, oxucular müxbirləri öz adıyla çağırırlar, amma imzasını tanımadıqları, üzümü görmədikləri üçün ona “AzEdu” deyə müraciət edirlər:


“Təəssüratım  hər kəsdən daha fərqlidir. Dediyim kimi mənə “AzEdu” deyə müraciət edildiyindən özümü AzEdu.az-ı özəlləşdirmiş kimi hiss edirəm (gülür). Heç kəs bir işdə daimi olmur. Gələcəkdə harada işləsəm də, AzEdu.az daim xatırlanacaq, buna əminəm.

AzEdu.az portalında işləməzdən əvvəl sosial media meneceri (SMM) kimi fəaliyyət göstərməmişdim. Mənim üçün bu sayt məktəb oldu. Əvvəllər daha çox tənqid olunurdum, çünki işi bilmirdim. İndi isə işlər qaydasındadır. Sadəcə çalışıram ki, daha yaxşı olsun. Və indi məni maraqlandıran yalnız işimin uğurlu davam etməsidir”.


Xüsusi qeyd etmək istəyirəm ki, Firayə AzEdu.az-la bərabər Modern.az-ın da SMM vəzifəsini üzərinə götürüb. Özündən də soruşdum: İki işdə çalışmaq, çətin deyil ki?


“Yaşım azdır deyə pafoslu səslənə bilər, amma səslənməsin. Hər iki sayt övladım kimidir. İstədiyim reaksiyanı almayanda çox məyus oluram. Bəlkə də dəstəkləyənlər olmasaydı, çoxdan işi yarımçıq saxlamışdım. Hər bir xəbəri diqqətlə paylaşıram, bir informasiyanı belə yola vermirəm. SMM işi çox ağırdır. Lakin bu işdə kollektiv çalışırıq. Hər kəs tənqid, təklif və tövsiyələrini bildirir.

Mən bundan sonra da kollektivimizə indiyə qədərki kimi, hətta indiyə qədərkindən də artıq mehriban, birlik olmağı arzu edirəm”.

“Müəlliməm, maaşım azdır, siz nə işə baxırsınız?”



AzEdu.az-ın müəllimlərlə çalışan müxbiri Nəzrin Cavid də əvvəlcə Modern.az-a təcrübə üçün gəlib və təhsil portalı yaradılanda orada çalışmağa başlayıb:

“Biz Nəzrin Rüstəmova ilə birlikdə Modern.az-a təcrübə üçün gəlmişdik. Hər gün mövzular düşünməliydik, yeni, maraqlı yazılar hazırlamalıydıq. Bəzən əhəmiyyətli mövzular tapa bilirdimsə, bəzi günlərdə uydurma mövzular olurdu. Elşad müəllim əvvəldən bildirmişdi ki, bir neçə aya qədər AzEdu.az təhsil portalı açılacaq, sizin üçün yeni planlar var. Bununla bağlı 2 aya yaxın müzakirələr aparırdıq.

Əvvəllər AzEdu.az-da ümumi təhsilə aid yazılar yazırdıq.  Qısa müddət sonra bizə müraciətlər çoxaldı. Şagirdlər, müəllimlər, valideynlər, abituriyentlər, tələbələr – təhsillə əlaqədar olan hər kəs zəng edir, müxtəlif suallar verirdilər. Belə olanda qərara gəldik ki, hərə təhsilin bir sahəsini götürüb, onunla əlaqədar məlumatlılığını artırsın. Mən müəllimlərlə bağlı məsələləri, diaqnostik qiymətləndirmə, sertifikasiya, onların qaydaları və s. sahəni götürdüm. İndi müəllimlər tez-tez mənimlə əlaqə saxlayır. Hətta gecə saatlarında da mənə zəng edən, sosial şəbəkələrdə yazan müəllimlər var. Hətta bəzən “müəlliməm, maaşım azdır, siz nə işə baxırsınız?” deyib, şikayətlənənlər də olur. Keçən dəfə işlərim çox olduğundan bir nəfərin mesajına gec cavab yazdım, incidi. “Bir sizə ümidim var idi, siz də müraciətimə baxmadınız” deyə mesaj yazmışdı.

AzEdu.az cəmi 1 ilə təhsil portalı kimi yüksələ bildi. Mən iş yoldaşlarıma, dostlarımıza uğurlar arzu edirəm. Nailiyyətlərimiz daha çox olsun”. 


“Komanda ilə birlikdə işləmək bacarıqlarını məhz burda qazanmışam”

AzEdu.az-da təkcə yazılı müsahibələr, sorğular deyil, videoreportajlar da yayımlanır. Bu videoreportajların isə mən deyərdim ki, baş qəhrəmanı onların hazırlanmasında əməyi keçən Nəzrin Abduldur. Nəzrin deyir ki, AzEdu.az-dakı işinin sevdiyi tərəfi, insanlarla canlı ünsiyyətdə olmasıdır:

“Bir var, kiminsə haqqında yazasan, bir də var, kiminlə isə canlı söhbət edəsən. Reportaj və layihələrlə bağlı çəkdiyimiz videolarda dəyərli insanlarla, savadlı, istedadlı şəxslərlə tanış oluruq.

Mən portalımızda çalışmağa başlamazdan əvvəl sərbəst işlərdə özümü sınamışam. Hətta deyə bilərəm ki, AzEdu.az mənim kollektiv olaraq, çalışdığım ilk müəssisədir. Komanda ilə birlikdə işləmək bacarıqlarını məhz bu portalda qazanmışam.

Çəkilişlərdə maraqlı hadisələr çox olur. Əsasən çəkiliş üçün getdiyimiz orta məktəblərdə, sorğular zamanı maraqlı hadisələrlə qarşılaşırıq. Məsələn, mən gündəlik iş zamanı rahat, idman stili geyimlər geyinməyi üstün tuturam. Amma çəkilişlərə təbii ki, daha klassik geyimdə qatılıram. Bir dəfə yenə həminki abu-havada, idman paltarı ilə işə gəlmişdim. Qəfil bir orta məktəbə çəkilişə getməli olduq. Əksərən, kamera arxasında olduğum üçün, geyimimin gözə batmayacağını düşündüm. Amma videomüsahibə götürəcəyimiz məktəb direktoru qapıdan içəri girən kimi məni geyimimə görə danladı. Sakit və səbirlə dedim ki, sizin jurnalistin geyiminə qarışmaq hüququnuz yoxdur. Ondan sonra səhvini anlayıb, üzr istədi. Mənim üçün ən yadda qalan hadisə bu idi. Düzünü desəm, direktora etiraz etsəm də, ondan sonra özümə dərs götürdüm, daha da diqqət etməyə çalışdım”.  



Həddindən artıq sakit təbiəti ilə tanıdığımız Nəzrin və İsmətin videolarının montajçısı Fərid Babayev isə bu dəfə də söhbət etməyə xəsisliyi ilə seçildi. AzEdu.az-ın 1 yaşı münasibətilə onun təəssüratlarını güc-bəla ilə qopara bildik:

“Mən videoreportajlar olanda montaj etmək üçün ofisə gəlirəm. Daha çox birlikdə işlədiyimiz Nəzrin və İsmətdir. Nə deyə bilərəm, bu kollektivdə çalışmaq maraqlıdır. Hər birimizə gələcək illərimizdə daha böyük uğurlar arzu edirəm. AzEdu.az olaraq, hər zaman öndə olaq”. 

“AzEdu.az ifadəyə gəlməyəcək dərəcədə möhtəşəm kollektivdir” 

AzEdu.az-a təcrübə üçün gələn tələbələr də var. Rəna Nəbi 3 aydır ki, bu saytda jurnalistika təcrübəsini qazanmağa çalışır. O deyir ki, AzEdu.az iş təcrübəsindən əlavə, ona səmimi dostlar da qazandırıb:


“İşdə təcrübəsiz olduğum üçün redaktorlarımız və müxbir dostlarım istər yazılarda, istərsə də mövzu tapılmasında daim dəstək olublar. Əgər gələcəkdə bu saytdan çıxıb, başqa media orqanında çalışmağa getsəm, heç vaxt bu insanları unutmayacam.

Təhsillə bağlı saytda çalışaraq, bilmədiyim çox məlumatı öyrəndim. Hələ öyrənəcəyim çox şey də var...

İnanıram ki, 1 il ərzində AzEdu.az-ın qazandıqları gələcəkdə qazanacağımız nailiyyətlərin yanında çox kiçik qalacaq. Portalımıza gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıram. Yolumun AzEdu.az-la kəsişməsində rolu olan, mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.


“Müsahiblərə “AzEdu.az-dan gəlmişik” deyəndə məmnunluqla qəbul edirlər”

Hər kəsi işıqlandıran, özü isə kadr arxasında qalan fotoqraf İsmət Paşanın da ürək sözləri var:  



“AzEdu.az təhsil portalı fəaliyyətə başlayandan bu kollektivlə işləyirəm. Mənə görə, saytımız cəmi 1 ilə cox böyük işlər görüb. Bunu getdiyimiz çəkilişlərdə də hiss edirik. Artıq kiməsə “AzEdu.az saytından gəlmişik” deyəndə məmnunluq hissi ilə qəbul edirlər. Məncə, saytımızın uğurları böyükdür”.

İsmət etiraf edir ki, çəkiliş işi olduqca maraqlıdır. O sayt üçün getdiyi çəkilişlərdə başına gələn maraqlı məqamları da bölüşdü:

“Bir dəfə çəkilişə gedəndə fotoaparatın SD kartı yadımdan çıxıb ofisdə qalmışdı. Mən isə çəkiliş başlayanda xəbər tutdum. Nə yaxşı ki, tədbirdə digər saytlardan gələn həmkarlar da var idi. Operator dostumuzdan xahiş etdim, üzərində olan əlavə kartı mənə verdi. Çəkilişi üzüağ yekunlaşdıra bildim.

Tək bu danışdığım deyil, təbii ki... Maraqlı hadisələr çox olub. Əsas odur ki, müsahibələrimiz, çəkilişlərimiz oxucular üçün faydalı olsun. Bu baxımdan, kollektivimizə bol-bol uğurlar arzulayıram”.

 

Belə... 1 yaşlı saytı tanıtım reportajına burda nöqtə qoyuram. Yəqin ki, uzun alındı, amma oxuyanda yorulmadınız. Sonda öz kollektivimiz adından “qardaş sayt”a uğurlar, böyük hədəflərə doğru mətin addımlarla irəliləmək və ən azı Modern.az-ın yaşına  çatmağı arzulayıram... 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv