Modern.az

4046 azərbaycanlı itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi qeydiyyatdadır

4046 azərbaycanlı itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi qeydiyyatdadır

9 Dekabr 2011, 21:03

Dekabrın 9-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 2011-ci ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş iclası keçirilib.
İclasda çıxış edən Dövlət Komissiyasının sədri Eldar Mahmudov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması nəticəsində əsir və girov kimi humanitar problemin davam etməsi ciddi narahatlıq doğurur.
Eldar Mahmudov deyib ki, ötən iclasda Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişi” ilə bağlı qarşıda duran vəzifələr bu təşkilatın nümayəndələri ilə coxsaylı görüşlərdə müzakirə olunub. Yekunda itkin düşmüş şəxslərin yaxın qohumlarından qan nümunələrinin götürülməsi və müvafiq qan bankının yaradılması təklif edilib. Bankın və naməlum sümük qalıqlarının beynəlxalq aləmdə qəbul olunmuş qaydada saxlanması üçün müasir tələblərə uyğun laboratoriyası olan xüsusi mərkəzin yaradılması vacib sayılıb. Məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edilib və dövlət başçısı bununla əlaqədar Nazirlər Kabinetinə göstəriş verib. Yeni mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılması planlaşdırılır. Dövlət Komissiyasının işçi qrupu isə öz növbəsində respublika ərazisində mövcud olan naməlum şəhid məzarlarının yerinin müəyyənləşdirilməsi və qeydiyyatının aparılması kimi ciddi bir işə başlayıb.
Dövlət Komissiyasının 2011-ci il ərzindəki fəaliyyəti barədə işçi qrupun rəhbəri Firudin Sadıqov hesabat məruzəsi ilə çıxış edib. O, bildirib ki, 2011-ci il dekabrın 1-nə olan məlumata görə, Dövlət Komissiyasında qeydiyyatdan 4046 nəfər itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi keçir.
Komissiyada olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 663 nəfər barədə 1053 sorğu göndərilib. 1500-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların “axtarış-araşdırma iş”lərinə əlavə olunub. Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 230 nəfərlə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar təhlil edilib və sistemləşdirilərək müvafiq bazalara əlavə edilib.
Komissiyanın katibi Şahin Sayılov Dövlət Komissiyasının 1500 nüsxədə materiallar toplusunun, 13 dildə, 24 adda 3 mindən artıq kitab, 12 adda 6 min 500-ə yaxın kitabın, filmlərin və fotofaktların əks olunduğu kompakt diskin, müxtəlif dillərdə erməni terrorunu ifşa edən sənədli flimlərin hazırlanması və yayılması təşkil olunub.
Bundan başqa, Dövlət Komissiyasının sədri və komissiya üzvləri xarici ölkələrə səfərləri zamanı, Hesabat məruzələri ətrafında aparılan müzakirələrdə Komissiyanın üzvləri Xələf Xələfov, Oruc Zalov, Xanlar Vəliyev, Gülər Əhmədova, Yaqub Mahmudov, Bəkir Nəbiyev, İsmayıl Ömərov, eləcə də Milli Təhlükəsizlik naziri xidmətinin rəhbəri Fərhad Vahabov və başqaları çıxış edərək görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə rəğbətlə qarşılandığını və beynəlxalq ictimaiyyətdə maraq doğurduğunu bildiriblər.
İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı