Modern.az

Bizimkilər - Afət Telmanqızı: “Hələlik reallaşdıra bilmədiyim bir reportaj var” - FOTOLAR

Bizimkilər - Afət Telmanqızı: “Hələlik reallaşdıra bilmədiyim bir reportaj var” - FOTOLAR

Media

2 Mart 2019, 15:10

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı Real TV-nin əməkdaşı Afət Telmanqızıdır.

Cəfərova Afət Telman qızı Bakıda anadan olub. Orta təhsilini Nəsimi rayonundakı  42 saylı orta məktəbdə alıb. 

 

1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən məzun olub.  2000-ci ildə isə magistratura pilləsini bitirib. Tələbəlik illərindən jurnalist fəaliyyətinə başlayıb. İlk iş yeri “Səhər” qəzeti olub. Sonradan bir çox mətbu orqanlarda çalışıb. Televiziya sahəsində isə fəaliyyəti 2001-ci ildən başlayıb. ANS TV-də müxtəlif vəzifələrdə çalışıb. Qısa müddətli olsa da yolu “Space” TV-dən də keçib. Hazırda Real TV-də çalışır. Atası iqtisadçı, anası tibb işçisi olub. 2 qardaşı var. Ailəlidir, 2 övladı var. Qızı Cəmilə 3-cü sinifdə oxuyur, oğlu Ülvi 4 yaşındadır.

 

- Jurnalistikaya gəlməyinizdən başlayaq. Bu sahə sizin uşaqlıq arzunuz olub yoxsa, iş tapmaq məqsədilə üz tutmusunuz?

 

- Jurnalistika uşaqlıq arzum olub. O vaxt  “Göyərçin” jurnalında yazılarım dərc olunurdu.  Jurnalistikaya marağım, sevgim sonsuz idi. Jurnalistika arzum idi. Arzuma da çatdım.

 

- Bildiyimiz qədərilə jurnalistikaya qəzetdə başlamısınız. Necə oldu ki, televiziya keçmək qərarına gəldiniz?

 

- İlk əməkdaşlıq etdiyim “Səhər” qəzeti olub. İlk dəfə imzam orda görünüb. O anı sözlə təsəvvür edə bilmirəm. İmzamı imzalar içində görəndə sevincimin hüdudu yox idi.

Jurnalistika fəaliyyətim yazılı mediadan başladı. Sonra iş elə gətirdi ki, məni televiziyada işə dəvət etdilər. Və bundan sonra TV-də fəaliyyətim davam etdi. Mən həmişə demişəm. Jurnalistin yetişməsində yazılı medianın rolu böyükdür. Kimlər ki, qəzet və informasiya agentliklərindən sonra TV-də fəaliyyətə başlayırsa, o jurnalistin yazıda, sözdə problemi olmur. Mübtəda xəbərin yerini bilir. Baş üzvlərlə ikinci dərəcəli üzvlərin yerini bilir.

 

- Qəzetdən televiziyaya keçiddə hansı çətinlikləri yaşadınız?

 

- Qəzetdən tv-yə keçiddə heç bir çətinliyim olmadı. Qəzetdə işləmək də çox maraqlı idi. TV-də işləmək də.

 

- ANS məktəbi sizə nələri öyrətdi?

 

- ANS məktəbi telejurnalistikanı öyrətdi.

 

- Adətən işləyən xanımlar ev işlərinə, övladlarına vaxt ayıra bilmədikləri üçün şikayətlənir. Bəs siz ev işlərinə, uşaqlarınıza vaxt ayıra bilirsiniz?

 

- İşləyən xanımların ev işlərinə vaxtı qalmır. Amma çalışıram ki, onlara da vaxt ayıram. Nə dərəcədə nail oluram, deyə bilmərəm. Amma çalışıram ki, onlar diqqətdən kənarda qalmasın.

 

- İllərdir jurnalistikadasınız, sizinlə başlayanlardan bəziləri bu sahədən ayrıldı. Siz də nə zamansa başqa sahədə çalışmağı düşünürsünüz?

 

- Jurnalistika fakültəsinin məzunuyam. Bakalavr və magistratura pilləsini bitirmişəm. Bu, mənim sənətimdir. Bu, mənim arzumdur. Başqa sahədə çalışmağı da heç vaxt düşünməmişəm.   

 

- Həyat yoldaşınız nə işlə məşğul olur? Bildiyimiz kimi jurnalistlər hər zaman qaçaqaçda olur, həyat yoldaşınız bundan şikayətlənir?

 

- Həyat yoldaşım  mühəndisdir.  “Azəriqaz”da çalışır.  Həyat yoldaşım  mənimlə ailə quranda qaçaqaçda olduğumu görürdü də, bilirdi də.  Bundan şikayətçi deyil.

 

- Övladlarınıza tərbiyə verərkən nələrə diqqət edirsiniz?

 

- Övladlarıma tərbiyə verərkən böyüklərə sayğılı olmaları,  dürüst olmaları, vətənpərvər, savadlı vətəndaş kimi yetişmələrinə diqqət edirəm.

 

- Xəyalınızda reallaşdıra bilmədiyiniz bir reportaj varmı?

 

- Hələlik reallaşdıra  bilmədiyim bir reportaj var. İşğal altından azad olunacaq Qarabağdan reportaj hazırlamaq. İnanıram ki, o gün uzaqda deyil.

 

- Dostlarınız jurnalistikadandır yoxsa, başqa sahələrdən? Bir araya toplaşanda müzakirələriniz mediadan olur?

 

 - Dostlarım jurnalistikadadır.  Bir yerə toplaşanda əsasən mediadan olur müzakirələrimiz.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir