Modern.az

Süpürgəçilər bircə gün işə çıxmasalar...  

Süpürgəçilər bircə gün işə çıxmasalar...   

4 Mart 2019, 13:49

Ötən günlərdə Modern.az-da paytaxt sakini Rahim Axundovun müraciəti dərc olunmuşdu. Qeyd edilirdi ki, Xətai rayonunda Mənzil Kommunat Təsərrüfatı Birliyi (MKTB)  işçiləri, xüsusən də Əhmədli ərazində çalışan xadimələr, küçə süpürən əməkdaşlar bayram, istirahət günləri, hətta matəm günləri də işləyirlər. R. Axundov misal da çəkərək, Zığ yolu, Cavanşir küçəsi, Rahib Məmmədov küçəsi və s. yerlərdə hər gün səhər tezdən xadimələri iş başında gördüyünü vurğulamışdı:

“Ürəyim yanıb, bazar və matəm günü - yəni 20 yanvar tarixində küçə süpürən azərbaycanlı xanıma yaxınlaşdım. Bu gün bazar və matəm günü olduğunu ona desəm də, qeyd etdi ki, onları hər gün işlədirlər. Əmək Məcəlləsinin 43-cü maddəsinin ə) bəndinə görə, "işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması müddəaları əmək müqaviləsində öz əksini tapmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi hara baxır? Prezident cənab İlham Əliyevin fərmanı var və orada yazılıb ki, Əmək Müfəttişliyi vətəndaşların istirahət hüququnu təmin etməlidir. Bəs niyə eləmir? Nə işlə məşğuldurlar? Sadəcə hər gün işə gəlib kabinetdə oturmaq hələ dövlətə xidmət etmək demək deyil”. 

Xadimələrin istirahətsiz işlədilməsi haqqında iddialara cavab tapmaq üçün Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əlaqə saxladıq. Deportament əməkdaşları saytımıza bildiriblər ki, süpürgəcilərin işə götürülmə qaydaları, əmək müqaviləsinin şərtləri və imzalanması sahə üzrə fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı birliklərinin səlahiyyətindədir.

Bunu nəzərə alıb, Xətai rayonu Zığ yolu sahəsində yerləşən Mənzil-Kommunal Təsərrüfatı birliyinə zəng etdik. Birliyin səlahiyyətli işçisi ilə söhbətimizdə məlum oldu ki, süpürgəçilərlər məşğulluq idarələrinin işçiləri sayılır:

“Onlar 170-180 manat maaş alırlar. Əlavə maaş təyin olunarsa, əmək müqaviləsinin şərtlərinə görə verilə bilər. Süpürgəçilər məşğulluq idarələrinin işçiləridir. Hər gün küçələrdə çalışmasalar, təmizləməsələr şəhərimizi zibil götürər. Süpürgəçilərin hərəsinin öz ərazisi var.

Hər hansı problemlə qarşılaşdıqda, üzrlü səbəblərdən işə gələ bilmədikdə xadimələr icazə ala bilirlər. Məsələn, biz “JEK” işçiləri həftənin 6 günü işləyirik, səhər saat 9-dan 6-a kimi. Amma süpürgəçilər səhər işə çıxırlar, bir neçə saata yekunlaşdırıb, evlərinə qayıdırlar. Nəzərə alın ki, onlar süpürgəçidirlər və bircə gün işə çıxmasalar sakinlər şikayət edərlər. Amma onların istirahət günləri də var. Bəzi hallarda bazar günləri çalışmırlar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi