Modern.az

Bey­nəlxalq festivallarda ən çox mükafat qazanan rejissor Tağıyevdən film çəkəcək-VİDEO  

Bey­nəlxalq festivallarda ən çox mükafat qazanan rejissor Tağıyevdən film çəkəcək-VİDEO   

4 Mart 2019, 14:51

Azərbaycanda SSP Production şirkətinin ekranlaşdırdığı “Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub.  Belə ki, film son 8 ayda 25 bey­nəlxalq festivalda uğur əldə edərək,  Azərbaycan kino sahəsində ən çox mükafat qazanan ek­ran əsəri olub. “Şollerin arxivi” Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Filmin quruluşçu rejissoru Cəlaləddin Qasımov Modern.az-a bildirib ki, ekran əsəri Prezident İlham Əliyevin almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə imzaladığı sərəncama ictimai dəstək olaraq çəkilib:

““Şollerin arxivi” filmi dünya film bazarında Vimeo, Amazon ABŞ, Amazon İngiltərə, UDU Digital, Hollivud produserləri ilə əlaqə məkanı olan iPitch.tv platformalarında yerləşdirilib.

Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik.   

“Şollerin arxivi” filminə görə bir çox festivallar bizə dəvətlər göndərib, ön sırada yer veriblər, qırmızı xalça üzərindən keçənlərin siyahısına əlavə ediblər, lakin maddi çatışmazlıq üzündən gedə bilməmişik. Keçən ay İtaliya, Hollandiya və Meksika festivallarından dəvət almışdıq, özümüz gedə bilməsək də, film ən yüksək mükafata layiq görülüb”.

 

Cəlaləddin Qasımov deyib ki, “Şollerin arxivi” bədii filmi barədə Niderlandın “31mag” jurnalının saytında iki məqalə yerləşdirilib. Məqalədə qeyd edilib ki, film Niderlandın “European Cinematography Awards” festivalında “Ən yaxşı dram” kateqoriyası üzrə uğur qazanıb.
“Şollerin arxivi” eyni zamanda, Hollivudda yerləşən “Global Nonviolent Film Festival” da ən yüksək mükafat alan film kimi “Daria! Magazine” jurnalında göstərilib, orada barəsində ətraflı məlumat verilib.

“Biz Azərbaycanı daha çox ölkədə, daha çox festivalda tanıtmaq əzmindəyik, amma konkret maddi dəstəyə ehtiyac olduğunu da gizlətmirik.

Prezident İlham Əliyev cənablarının “Azərbaycan kinematoqrafiyasının konsepsiyası” layihəsi, kinomuzun inkişafı ilə bağlı sərəncamı özəl pradakşınlara böyük dəstəkdir. Ölkəmizi, mədəniyyətimizi  beynəlxalq festivallarda təmsil edəcəyik”.
 

Cəlaləddin Qasımovun sözlərinə görə, SSP Production şirkətinin növbəti filmi Hacı Zeynalabdin Tağıyev barəsində olacaq:

“Artıq bu sənədli filmin çəkilişlərinə başlamışıq. Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuduğum illərdən topladığım arxiv sənədləri, müəllimlərimdən aldığım məlumatlar, topladığım faktlar əsasında filmin çəkilişlərinə başlamışam.

 

Əlavə olaraq bildirim ki, növbəti bədii filmimiz arxivlərdən toplanmış məlumatlar əsasında Fransanın Milli Qəhrəmanı, Armed Mişel ləqəbli Əhmədiyyə Cəbrayılov  və Fransanın prezidenti olmuş məşhur siyasi xadim Şarl De Qol haqqında çəkiləcək. Filmin ssenarisi Əhmədiyyə Cəbrayıl və Şarl De Qolun dostluğunun tarixindən bəhs edir. Çəkiliş üçün respublikamızla yanaşı, Ukrayna və Belarusda uyğun məkanlar seçilib. Bu film Fransada azərbaycanlılar və fransızlar arasında böyük dostluğa yol açacaq deyə, ümid edirik. Onu da vurğulayım ki, Əhmədiyyə Cəbrayılov barəsində bəzi yeni bilgilər aşkar etmişəm”.


S.Qasımov deyib ki, “Şollerin arxivi” filminin Avropada nümayişindən sonra dünyanın nüfuzlu festivalları ilə əlaqələr yaradıb:

“İnanıram ki, Fransanın Milli Qəhrəmanı Əh­mə­diy­yə Cəbrayılov barəsində film çəkilsə, dünya festivallarında uğur qazanacaq, daha bir qəhrəman Azər­baycan oğlu  tanınacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir