Modern.az

Ermənistandan azərbaycanlıların deportasiyası beynəlxalq simpoziumun Bəyannaməsinə salınıb

Ermənistandan azərbaycanlıların deportasiyası beynəlxalq simpoziumun Bəyannaməsinə salınıb

15 Dekabr 2009, 17:18

Türkiyənin Bursa şəhərində “Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldığı insan haqları məsələləri” ilə bağlı simpozium noyabrın 13-də başa çatıb. Əllidən artıq ölkənin 200-ə yaxın nümayəndəsinin  iştirak etdiyi tədbirdə yekun Bəyannamə qəbul edilib. Modern.az-ın məlumatına görə, bu barədə simpoziumda iştirak edən millət vəkili, Azərbaycan nümayənədə heyətinin rəhbəri Qənirə Paşayeva məlumat verib.

Onun sözlərinə görə, Bəyannamədə tədbir iştirakçılarının irəli sürdüyü bütün məsələlər nəzərə alınıb: “Bizim təkliflərimiz də yekun sənəddə əksini tapdı. Ötən əsrin 90-cı illərində Ermənistandan deportasiya olunmuş 300 minə yaxın soydaşımzın pozulmuş hüquqları, tarixin müxtəlif dönəmlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri  soyqırımlar və sair məsələləri qaldırdıq. 2010-cu ilin Qarabağ, Xocalı ili elan edilməsi, bununla bağlı türk və müsəlmanların yaşadıqları ölkələrdə aksiyaların, yürüşlərin keçirilməsi də təkliflərimiz sırasında idi. Bəyannamədə bu məsələlərin hamısı əks olundu”.

Deputat hesab edir ki, “Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldığı insan haqları məsələləri” ilə bağlı simpozium türk dünyası, müsəlman aləminin üzləşdikləri problemlərin beynlxalq sferaya çıxarılmasında əhəmiyyətli olacaq: “Tədbirdə qeyd edildi ki, iştirakçılar geri döndükdən sonra əməli işə başlamalıdırlar. Mən də hesab edirəm ki, ağlamaqla problemlər həllini tapmayacaq. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin  irəli sürdüyü “Müdafiə mövqeyindən hücuma keçməliyik” fikri bütün türk dünyası üçün  tezis olmalıdır:”.

Deputat onu da qeyd etdi ki, türk dünyasının, müsəlman dünyasının Azərbaycandan böyük gözləntiləri var: “Simpoziumda çıxış edənlərin əksəriyyəti Azərbaycandan dəstək istəyirdilər. Özümüzün üzləşdiyimiz Qarabağ probleminə rəğmən türk, müsəlman qardaşlarımız bizdən kömək umurlar. Bu, məni xeyli qürurlandırdı. Bu, Azərbaycanın türk dünyasında, müsəlman dünyasında olan nüfuzu ilə bağlıdır. Təbii ki, Azərbaycanın mövqeyi zəif olsaydı, yaxud da bu məsələlərə Azərbaycan biganə yanaşsaydı, bizdən heç nə ummazdılar. Mən simpoziumda çıxış edərkən bu barədə geniş danışdım”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi