Modern.az

“İsveçrədəki minarə qalmaqalı bəşəriyyəti fəlakətə gətirib çıxara bilər”

“İsveçrədəki minarə qalmaqalı bəşəriyyəti fəlakətə gətirib çıxara bilər”

15 Dekabr 2009, 17:41

Milli Məclisin (MM) Beynəlxalq Münasibətlər və parlamentlərarasi əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacibəyli Modern.az saytının suallarını cavablandırıb.

- Gültəkin xanım, minarələrin ucaldılmasına qadağa qoyulması ilə bağlı İsveçrədə referendum keçirilməsi məsələsi geniş müzakirəyə səbəb oldu. Sizcə, bu məsələnin ortaya atılması nəylə bağlı ola bilər?

- Böyük mütəfəkkir və filosof Samuel Hantikton “Sivilizasiyaların çatışması” adlı əsərini  dünyaya təqdim edərkən, bir çox insanlar burada qoyulan fikirləri bölüşmür və bildirirdilər ki, müasir dünya insan haqları, demokratiya sahəsində ali standartlara can atan, onu bərqərar etməyə çalışan dünya sivilizasiyaların çatışmasının qarşısını almaq gücündədir.

Bunun üçün ən azı Avropa və ABŞ, o cümlədən digər inkişaf etmiş ölkələrin siyasi iradəsi yetərlidir. Ancaq İsveşrədə baş verən son olay Hantikton nəzəriyyəsinə, sivilizasiyaların qarşıdurması ilə bağlı fikirlərə tamamilə yeni bir baxış sərgiləmək üçün əsas verir. Bu gün Avropanın mərkəzində baş verən bu hadisə, əslində çox ciddi altyapısı, kökü olan və bundan da daha ciddi fəsadlar törədə biləcək bir hadisədir. Heç də təsadüfi deyil ki, bir çoxları bu hadisəni yeni və mədəni səlib yürüşü adlandırırlar.

- Deməli, məsələ növbəti səlib yürüşünə qədər gedib çıxa bilər?

- Hər halda, bu məsələyə yanaşanlar onu ən azı səlib yürüşünün başlanğıcı kimi qiymətləndirirlər. Avropanın ürəyində yerləşən, insan haqlarının, azadlıqlarının, liberal dəyərlərin ən yüksək səviyyədə bərqərar olduğu bir dövlət olan İsveçrədə vicdan azadlığına qoyulan bu qadağa çox mənfi nəticələr verə bilən bir addımdır. Düşünürəm ki, bu, əslində, bəşəriyyətə qarşı cinayətə çevrilə biləcək bir addımdır. Çünki bu addım gerçəkləşdiriləcəyi təqdirdə, ən azı dünya sivilizasiyasının iki mühüm qolu olan İslam və xristian mədəniyyətinin qarşıdurması ilə nəticələnəcək. Bu baxımdan, özünü demokratik adlandıran, insan hüquqlarına, azadlıqlarına  dəstək verən ölkənin belə bir qərar qəbul etməsi – özü də bunu referenduma çıxarması çox ciddi bir çağırış, müsəlman dünyasına qarşı bir qıcıq, siqnal, gələcəkdə İslam dünyasından adekvat reaksiyaların gəlməsi üçün zəmin hazırlayan bir təxribatdır. İndi Avropanın bəzi ölkələrində buna bənzər çağırışların səslənməsi, onu deməyə əsas verir ki, bu addım sadəcə bir ölkənin niyyəti deyil, bəlkə də gözəgörünməyən, kluarlar arxasında gedən çox ciddi bir oyunun ilk pərdələridir. Bu gərginlikdə məni az-çox sakitləşdirən bir məqam ondan ibarət oldu ki, dünya birliyi sərt reaksiya verdi. İstər Avropa Birliyindən, istər Avropa Şurasından çox ciddi bir təpki gəldi.

- Bunu gecikmiş bir reaksiya hesab etmək olarmı?

- Tamamilə doğrudur. Hesab edirəm ki, bu hadisə referenduma çıxarılmamışdan öncə təpkilərin sərgilənməsi daha məqəsədəuyğun idi. Mən belə düşünürəm ki, vicdan azadlığının məhdudlaşdırılmasına yol verən hər hansı bir məsələ referendumun predmeti ola bilməz.

Bununla yanaşı ümid edirəm ki, İsveçrə hökuməti özündə bu addıma yenidən baxacaq qədər siyasi iradə tapa biləcək, xristian və islam dünyasını qarşı-qarşıya qoyan, əslində müharibəyə, çox dərin bir münaqişəyə aparan bu addımdan çəkinəcək. Əks təqdirdə, hadisələrin nə ilə nəticələnəcəyini, hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin olsa da, onu deyə bilərəm ki, bu, ümumilikdə bəşəriyyət üçün fəlakətə gətirib çıxara bilər.

- Yeri gəlmişkən, Fransa prezidenti Nikola Sarkozi İsveçrənin bu hərəkətini alqışlayaraq, gələcəkdə ölkəsində də bu istiqamətdə addım atılmasının mümkünlüyünü bəyan edib.

- Çox təəssüf hissi  ilə qeyd etmək istəyirəm ki, ümumiyyətlə, Nikola Sakozinin bir sıra məsələlərə münasibəti adekvat deyil, ən azı, bu, Avropa demokratiyasının beşiyi sayılan Fransanın dövlət başçısının səsləndirəcəyi fikirlər deyil. Onun Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı bəyanatları, yanaşması da heç bir halda məqbul sayıla bilməz. Sarkozinin İsveçrənin məlum addımına dəstəyi də birmənalı olaraq, Fransa hakimiyyətinin demokratiyaya, vicdan azadlığına zidd mövqe tutmasından xəbər verir.

- Yeri gəlmişkən, bir neçə gün öncə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərindən biri Yelena Jivkovanı Qrex əvəzlədi. Mətbuatda isə bu, vaxtilə Azərbaycan üzrə həmməruzəçi olmuş Andreas Qrossun fiaskosu kimi qiymətləndirildi. Məsələni siz necə dəyərləndirirsiniz?

- Gerçəklik ondan ibarətdir ki, Andreas Qross başqa şəxsin namizədliyini irəli sürmüşdü, ancaq səsvermə nəticəsində onun təklif etdiyi namizəd yox, digər bir namzizəd səs çoxluğu ilə təsdiq olundu. İstəməzdim ki, biz indi rəngləri tündləşdirək. Bəli, reallıq odur ki, Qrossun dəstəklədiyi namizəd keçmədi, ancaq bunu da indi kiminsə fiaskosu, kiminsə uğuru kimi təqdim etmək düzgün deyil. Əslində, bizi kimin həmməruzəçi olması bir o qədər də maraqlandırmır. Bizim üçün ən önəmlisi Avropa Şurası ilə əməkdaşlığın dərinləşməsidir. Həmməruzəçinin kimliyi isə  bir o qədər əhəmiyyət daşımır.

- Yeni həmməruzəçi ilə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin tanışlığı varmı? 

- Qeyd edim ki, cənab Qrex AŞ PA-da yeni bir millət vəkilidir. Onunla şəxsən elə bir tanışlığımız yoxdur. Sadəcə, komitə iclaslarında onu bir neçə dəfə görmüşük.

- Həmməruzəçilərin yaxın zamanlarda Azərbaycana səfərləri gözlənilirmi?

- Həmməruzəçilər bölgəyə birlikdə səfər edirlər və ümumiyyətlə,  hər bir səfər Monitorinq Komitəsində dəqiqləşdikdən sonra reallaşdırılır. Bu dəfə də məhz belə olacaq.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?