Modern.az

Sinxron tərcüməçi: “Tərcüməçinin mən olduğumu biləndə qadın təəccübləndi” - MÜSAHİBƏ

Sinxron tərcüməçi: “Tərcüməçinin mən olduğumu biləndə qadın təəccübləndi” - MÜSAHİBƏ

Mədəni̇yyət

6 Mart 2019, 11:25

Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitunun dissertantı, Bakı Dövlət Universiteti İran filologiyası kafedrasının müəllimi, tərcüməçi Şahin Yusifli Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik. 


- Haralarda, hansı şəxslər və qurumlar üçün sinxron tərcüməçi olmusunuz?

- 2012-ci ildə Tatarıstanda İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçiriləndə biz də Azərbaycanın nümayəndə heyəti olaraq ora seçilmişdik. İlk dəfə özümü şifahi tərcümələrdə orada sınadım. Daha sonra yüksək görüşlərə Azərbaycan dəmiryolu idarəsinin rəisi ilə başladım. Şimal və cənub dəhlizinin yaradılması zamanı dəmiryolu məsələlərinin dövlətlərarası tənzimlənməsi və həllində iştirak etdim. Hazırda isə məhkəmələrdə, hüquq-mühafizə idarələrində ardıcıl tərcümələr edirəm.

 

- Sinxron tərcümə zamanı yaşadığınız ən maraqlı hadisə nə olub?

-Bizim fars dili üç dilin qovşağı olduğuna görə, İran, Əfqanıstan və Tacikistanın hər üçünü də mən tərcümə edirdim. Görüşün sonunda bir qadın yaxınlaşaraq bu dilləri kimin tərcümə etdiyini soruşdu, cavabında "mən" deyəndə isə xeyli təəccübləndi. Ən maraqlı hadisələrdən biri də tərcümə zamanı mikrofonu yandırmağı unudub, qapalı mikrofona danışmağım olub.

- Bioqrafiyanızdan bildiyimiz qədəri ilə yaşınız azdır. Bu yaşa kimi bu qədər ixtisaslaşmağınıza səbəb nədir?

-Universitet illərinə qədər ixtisasımla bağlı məlumatlı deyildim, sonradan başa düşdüm ki, bu çoxşaxəli bir sahədir. Böyük coğrafi arenanı əhatə edən İran kimi regionda əsrlər boyu ən dəbdə olan dil fars dili idi. Bütün ədəbi əsərlər, danışıqlar bu dildə aparılmışdı. Bizim dahi Nizami də bu dildə söz deyib. Bu, elə bir sözdür ki, farsca oxunsa da, onu başa düşən biri üçün ana dilində Nizamini hiss etməyə şərait yaradır: "Nizami fikrini duymaq, Mövlanəni hiss etmək, Xəyyamdan qidalanmaq insanı ixtisaslaşmağa sövq edir".

- Şahin Yusifli üçün dublyaj sənəti necə bir məna ifadə edir?

-Mən universitetə işə qəbul olmamışdan əvvəl dublyaj studiyasında tərcüməçi idim. Orada İran filmlərinin bir çoxunu tərcümə edirdim. Səsləndirmələrdə bu sənətə könül verənləri görmüşəm. Öz səsimin dublyaj üçün yararlılıq səviyyəsini tərcümələrin birində kəşf etdim. Farsca reklam işi səsləndirərkən tanınmış aktyorlardan biri möhtəşəm səsimin olduğunu dedi. Hər halda dublyaj sənəti incəsənətə daha yaxındır, mən uzağı şeir səsləndirə bilərəm

- Gələcəkdə ixtisasınızla bağlı ən böyük məqsədiniz nədi?

- Uşaqlıqdan həmişə fikirləşirdim ki, hansı işlə məşğul olsam, Azərbaycanın xeyrinə olaram. Çünki ürəyimdə həmişə Azərbaycan sevgisi olub. Universitetə daxil olandan sonra da, dili öyrənəndən sonra da fikirləşirdim ki, bu dili ölkənin xeyrinə bir iş üçün istifadə etməliyəm. Qismət elə oldu ki, mən indi universitetdə müəlliməm, düşünürəm ki, müdafiə etməliyəm, elmi dərəcə almalıyam. Əgər bir gün müəllimliyi tərk etsəm, özümü diplomatiya sahəsində sınamaq istəyərəm.

 

Semra Ələkbərli

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır