Modern.az

Azay Quliyev: “ABŞ götürdüyü öhdəliyə zidd addım atmamalıdır”

Azay Quliyev: “ABŞ götürdüyü öhdəliyə zidd addım atmamalıdır”

15 Dekabr 2009, 15:50

Dekabrın 15-də Milli Məclisin iclasında cari məsələlərin müzakirəsi zamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı ayırmasına münasibət bildirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ABŞ Konqresinin belə bir təşəbbüsünü qanunsuz hesab etdiyini deyib: “Bu, ABŞ-Azərbaycan münasibətlərinə ziddir. ABŞ Azərbaycan ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağdakı rejimin separatçı bir rejim olduğunu dəfələrlə bəyan edib”.

Millət vəkilinin fikrincə, ABŞ Dövlət Departamentinin yaydığı hesabatlarda Dağlıq Qarabağ nəzarətsiz bir zona kimi təsvir olunur və haqlı olaraq həmin zonadan istifadə edərək bir çox çirkli biznes nümayəndələrinin narkotik ticarət ilə məşğul olduğu qeyd olunur. Belə olan halda, ABŞ Konqresi bu cür təşəbbüsdə çıxış edən zaman özlərinin əvvəlki siyasətlərinə istinad etməlidirlər.

ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsinin açıqlamasına toxunan Azay Quliyev “Biz Dağlıq Qarabağı tanımırıq. Biz bu vəsaiti Dağlıq Qarabağ ərazisini minalardan təmizlənməsinə kömək üçün veririk” fikri ilə bağlı əks tərəfə sual ünvanlayır: “Mən sual edirəm: Dağlıq Qarabağda minaları kim basdırıb? Ermənistanın nəzarəti altında olan əraziyə, yəni işğal altında olan ərazilərdə minaları kim basdırıb?”. Millət vəkili bu qənaətinə görə, ümumiyyətlə orada minaların olması ilə bağlı ciddi problem yoxdur. “Ona görə də bu izahat məqbul sayıla bilməz”.

Azay Quliyev hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ götürdüyü öhdəliyə zidd addım atmamalıdır. “Bu addım ondan ibarətdir ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və hər hansı separatçılığa, bölücülüyə yol verilməməlidir”-deyən Azay Quliyev hesab edir ki, əgər onlar doğurdan da, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağa hansısa humanitar yardım etmək istəyirlərsə, bunu balanslı şəkildə etməlidirlər və bu, Azərbaycan vasitəsilə olmalıdır. Sənədlərdə məhz bu qrafada belə göstərilməlidir: “Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində olan insanlara müəyyən yardımların edilməsi”. “Bu da Dağlıq Qarabağın həm erməni icmasına, həm də azərbaycanlı icmasına bərabər şəkildə edilməlidir. Onda biz ABŞ-ın tərəfsiz və ədalətli mövqeyi haqqında qəti fikir söyləyə bilərik”-bu millət vəkili Azay Quliyevin fikirləridir.

Millət vəkili əlavə edib ki, Azərbaycan ictimaiyyəti bu addıma çox kəskin etirazını bildirir və etirazlar bu gün də davam etməkdədir. Bu məsələ ilə bağlı fikirlərini açıqlayan millət vəkili Azay Quliyev deyib: “QHT-lər çoxsaylı müraciətər qəbul edib, onlar ABŞ Konqresinə göndərilib. QHT-lərə Dövlət Dəstəyi Şurası olaraq bizə də müraciətlər olub ki, bir qrup nümayəndə heyətilə ABŞ-a gedək. Orada mətbuat və digər vastələrə öz etirazımızı bildirək. Hesab edirəm ki, etirazlar ən müxtəlif formalarda olmalıdır. Hələ ki, şans var. İmkan var ki, qanun layihəsi Konqresdən keçməsin. Bu hələlik Konqresdə müzakirə üçün təqdim olunan bir layihədir. Dünya azərbaycanlıları, Türkiyə diasporası tərəfindən lazımi təpki olarsa, inanıram ki, bu qanun layihəsi konqresmenlərin müzakirəsindən keçməz”.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər