Modern.az

Avropa İttifaqı-Azərbaycan münasibətləri müzakirə olundu

Avropa İttifaqı-Azərbaycan münasibətləri müzakirə olundu

Ölkə

7 Mart 2019, 22:54

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, T.Klaar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

 

Nazir Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib. Nazir Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatları haqqında danışaraq bu kimi bəyanatların danışıqlar prosesinə xələl gətirdiyini qeyd edib. Nazir Elmar Məmmədyarov münaqişənin həll olunmamasının regionun dayanıqlı inkişafı və rifahı baxımından ciddi maneə olduğunu bildirərək, beynəlxalq ictimaiyyətin işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərinin boşaldılmasını, bu ərazilərdən qovulmuş insanların öz torpaqlarına geri qayıtmasını və beləliklə də bölgədə sülhün təmin olunmasını birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb. Bu xüsusda, nazir Elmar Məmmədyarov Avropa İttifaqı rəsmilərinin münaqişənin həlli ilə bağlı səsləndirdiyi son bəyanatlara istinad edib.

 

Öz növbəsində, T.Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini bildirdi və Avropa İttifaqının əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu vurğulayıb.

 

Daha sonra tərəflər Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, qarşılıqlı səfər mübadiləsi, o cümlədən ikitərəfli əməkdaşlıq əlaqələrinin hüquqi bazasını təşkil edəcək yeni saziş üzrə davam edən danışıqlar barədə fikir mübadiləsi aparıblar.

 

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər də müzakirə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub