Modern.az

Azərbaycan parlamenti ABŞ Konqresinə müraciət etdi

Azərbaycan parlamenti ABŞ Konqresinə müraciət etdi

15 Dekabr 2009, 18:42

ABŞ Konqresinin 2010-cu il üçün Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa 8 milyon dollar həcmində vəsait ayırması barədə qərar qəbul etməsi Milli Məclisin etirazı ilə qarşılanıb. Modern.az xəbər verir ki, dekabrın 15-də Azərbaycanın Milli Məclisi Dağlıq Qarabağdakı separatçı rejimə 2010-cu il üçün maliyyə yardım ayrılmasına etiraz əlaməti olaraq ABŞ Konqresinə müraciət edib.

Milli Məclisdə müraciəti deputat Musa Quliyev oxuyub. Müraciətdə Dağlıq Qarabağda separatçı rejimin yaradıldığı, həmin ərazilərin terrorçu təşkilatların sığınacaq yerinə çevrildiyi qeyd olunub. Müraciətdə bildirilib ki, Konqresin bu addımından sonra Ermənistan rəhbərliyi Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinə daha da çox əngəl törədəcək: “Qərar ABŞ-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və məntiqinə ziddir. 1990-cı illərin əvvəllərində qonşu Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları həyata keçirmək niyyəti ilə işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayon işğal olunub.

ABŞ Konqresinin bu qərarını həyəcan və təşvişlə qarşıladıq. Mahiyyətcə o qədər də böyük olmayan maliyyə vəsaitinin ayrılmasını humanitar yardım kimi deyil, separatçılığa, torpaqların işğalına verilən mənəvi dəstək kimi qiymətləndiririk. Əgər bunun humanitar yardım olması təkid edilirsə, bu halda qarşıya belə bir məsələ çıxır. ABŞ ərazi bütövlüyünü tanıyırsa, onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ üçün ayrılması nəzərdə tutulan vəsait Azərbaycana ayrılan maliyyə vəsaitinin tərkibinə daxil edilməli idi. Ayrılan maliyyə vəsaitinin hansı məqsədlərə yönələcəyi başqa məsələdir, amma bütün hallarda bu dəstək ona dəlalət edir ki, Ermənistan rəhbərliyi arxayınlaşacaq, münaqişənin həllini bir qədər də uzatmağa səy göstərəcək, danışıqlar prosesini əngəlləyəcək. Biz ümid edirik ki, bu yaxınlarda Nobel sülh mükafatı almış ABŞ prezidenti Barak Obama veto hüququndan istifadə edərək Cənubi Qafqazda sülh və əmin-amanlıq yaranmasına mane olan belə səylərin qarşısını alacaq”.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı