Arxiv
10 mart 2019, 23:31 | ÖLKƏ
“Qız iplərə dəyərək yıxıldığından az zədələnib” - Deputat təfərrüatı açıqladı

"Bir qədər əvvəl saytlarda Mingəçevirdə 18 yaşlı bir qızın beşinci mərtəbədən yıxıldığı xəbərini oxudum. Dərhal Mingəçevir şəhər səhiyyə şöbəsinin rəhbərinə zəng etdim və qızın səhhəti ilə maraqlandım".

Modern.az-ın məlumatına görə bu sözləri deputat Aydın Mirzəzadə bildirib.

 

A.Mirzəzadə qeyd edib ki,  ehtiyatsızlıqdan yıxılan qız aşağı mərtəbələrin eyvanlarındakı sərgi iplərinə dəyə-dəyə düşdüyünə görə belə hadisə üçün az zədə alıb:

 

"Deyildiyi kimi, başı və və onurğa sümüyü ağır zədə almayıb, qolları sınıb və bədənində zədələri var, vəziyyəti stabildir".

Deputatın sözlərinə görə, Mingəçevirdə tibbi sığorta tətbiq olunduğu üçün qızın müalicə xərcləri tam qarşılanır:

"Bakıdakı lazımi tibb professorlarla məsləhətləşmələr aparılıb. O hələ ki, Mingəçevirdə müalicə alır, ciddi ehtiyac yaranarsa, vəziyyətə uyğun olaraq ya şəhərə Bakıdan təcrübəli mütəxəssis çağrılacaq, ya da qız Bakıya göndəriləcək".

 

A.Mizəzadə xəsarət alan xanımın ailə üzvlərilə də əlaqə saxladığını söyləyib:

 

"Telefon nömrələrini taparaq qızın atası, nənəsi və qayınanası ilə danışdım. Səhiyyə rəhbəri ilə söhbətim barədə onlara məlumat verdim və qıza şəfa arzuladım. İstənilən vaxt mənə zəng etmələrini xahiş etdim.

 

Sağalandan sonra qızın toyuna ya özüm gələcəyimi, ya da hədiyyə göndərəcəyimi bildirdim".

 

Qeyd edək ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 9 ünvanında qeydə alınıb. 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva yaşadığı 9 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılıb. S.Qarayeva dərhal xəstəxanaya yerləşdirilib.

Yaxınlarının dediyinə görə, S.Qarayeva ehtiyatsızlıqdan yıxılıb.

 

Məlumata görə, S.Qarayeva nişanlıdır, martın 24-ü toyu  olacaqmış.

 

Faktla bağlı araşdırma aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv