Modern.az

Türkləşmək, islamlaşmaq, avropalaşmaq=azərbaycançılıq

Türkləşmək, islamlaşmaq, avropalaşmaq=azərbaycançılıq

14 Dekabr 2011, 11:02

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki,  “Dövlət rəmizləri və gənclik” mövzusunda tələbələrin yazılarına çox diqqətlə baxacaq: “Mən tələbələri bu məsələdə fəal olmağa çağırıram”.   
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

Bayraq qaldırmaq birmənalı qarşılanmır. Nəzərə alsaq ki, bayraq parçadır. Onun da öz rəngi var. Ağ bayraq məğlubiyyətin, qara bayraq matəmin, qırmızı bayraq yenilməzliyin rəmzidir. Geniş mənada bayraq mənsub olduğu xalqın kimliyinden xəbər verir. Məhəmməd Əmin Rəsulzadənin qaldırdığı üçrəngli istiqlal bayrağı kimi.

Yüzillik əsarət dərsindən sonra ikiillik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Uzun illər rus hansı havanı çaldısa, biz də ona oynadıq. Etıraz etsək də, səsimizi boğdular. İçimizdən biri istiqlal bayrağı qaldırdı. Bu al-qırmızı bayraq xürrəmilərin ərəblərə qarşı qaldırdığı bayraq idi ki, indi Rəsulzadənin qurduğu cümhuriyyətin başı üzərində dalğalanırdı.
Sonra dövlət rəmzimiz Azərbaycan turançılarının siyasi fəlsəfəsinə uyğun olaraq “türkləşmək, islamlaşmaq, müasirləşmək" ideyasını özündə əks etdirdi. Hardan qaynaqlanırdı bu fəlsəfə?

Hələ XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə məqalələrinin birində fədai axtarırdı. Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai. Bu fikir füyuzatçılar tərəfindən təkmilləşdirilərək türkləşmək, islamlaşmaq, avropalaşmaq=azərbaycançılıq şəklində təbliğ olundu. Bayraq parlamentin binasında, Almaniyanın salonlarında bayraqdarın uğurlu çıxışlarının şahidi olmuşdur. Vaxtı ilə Rəsulzadənin Nuru paşa ilə qaldırdığı türk bayrağını endirdi bolşeviklər. Sözsüz ki, burada Şekspirin "Otello" əsərində "Yaqolar", zamanın yaqoları az rol oynamadı. O bayraq parlamentdən endirilsə də, ürəklərdən asılı qalmışdı. Axı Rəsulzadə demişdi."Bir kərə yüksələn bayraq bir daha enməz". 

Yetmiş il sonra parlamentdən yenidən asdıq onu. İndi xatırlamadığımız, xatırlamaq belə istəmədiyimiz Elçibəyin köməyi ilə. Bu gün yenidən dalğalanır Türkün bayrağı. Amma,cümhuriyyətin sərhədlərində yox, itirilmiş vətən torpaqlarına həsrətlə baxaraq. Biz endirmədikmi bayrağı qəlblərimizdən? Auditoriyada asılmiş bayrağın qarşısında tələbədən rüşvət alan müəllim, geyimində bayraq ünsürü əks olunan "qanun keşikçisi”, seçki ərəfəsində bayrağı qucaqlayıb şəkil çəkdirən namizədlər, yalan vədlər verməklə endirmədinizmi bayrağı? Himnin mənasını dərk etməyib əzbər oxumaqla aldatmadıqmı o rəmzləri? Biz azərbaycanlılar imam Mehdinin zühur etməsinə inanırıq. Rəsulzadə demişdi ki, xalqın idealı olan Azərbaycan Mehdisi istiqlal bayrağının təkrar asıldığı gün zühur edəcək.
Qarabağda gözlədiyimiz Mehdinin zühur etməsi ümidi ilə..
           
                                                                                                             
Leyla Məhərrəmova
tələbə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı