Modern.az

Mətbuat Şurasından yeni TƏKLİF: Həmin qəzet və saytların rəhbərləri də cəzalandırılsın!

Mətbuat Şurasından yeni TƏKLİF: Həmin qəzet və saytların rəhbərləri də cəzalandırılsın!

12 Mart 2019, 22:27

“Xəbərdarlıq edilməsinə baxmayaraq, iki dəfə Mətbuat Şurasının “qara siyahısı”na düşmüş mətbuat orqanları var”.

Bu barədə Modern.az-a Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli məlumat verib. O qeyd edib ki, Şuranın əsasnaməsinə görə, “qara siyahı”ya düşmüş mətbuat orqanı fəaliyyətində dəyişiklik edərsə, Mətbuat Şurasına müraciətlə “qara siyahı”dan çıxa bilər:

“Amma həmin mətbuat orqanı yenidən ciddi yalnışa yol verərsə, barəsində əsaslandırılmış şikayət daxil olarsa, adı yenidən “qara siyahı”ya daxil edilir.

Bizə belə müraciətlər edilmişdi. Sonuncu dəfə martın 1-də “Təzadlar” qəzeti ilə bağlı əsaslandırılmış şikayət olduğundan qəzetin adı ikinci dəfə “qara siyahı”ya salındı. Başqa belə nümunələr də var.

Buna baxmayaraq, KİV-lərin fəaliyyətinə hər hansı məhdudiyyət qoyulması Mətbuat Şurasının səlahiyyətində deyil. Biz sadəcə ictimai qınağı nümayiş etdirə bilərik. “Qara siyahı”ya salmaq da ictimai qınağın ən yüksək formasıdır”. 

M. Ələsgərli onu da vurğulayıb ki, bu il Mətbuat Şurasının “KİV haqqında” qanuna dəyişiklik edilməsi ilə əlaqədar yeni təklifləri var və həmin təkliflər rəsmi qurumlara təqdim edilib: 


“İstəyirik ki, KİV haqqında qanunvericiliyə yeni düzəliş edilsin, sənədə KİV orqanının təsisçisi ilə bağlı müddəa daxil olunsun.

İndiyə qədər belə idi ki, qanun pozuntusuna yol veriləndə KİV orqanının özü cərimələnirdi. Biz isə təklif edirik ki, cəzalar həm də qəzet və ya saytın təsisçisinə yönəlsin. Çünki qanun pozuntusuna yol verən mətbuat orqanı hüquq-mühafizə orqanlarının da  müdaxiləsi ilə sıradan çıxır. Nüfuzdan düşdükdən sonra bir çox mətbuat orqanları fəaliyyətini dayandırır. Həmin şəxslər isə fəaliyyətindən əl çəkmir və bir müddət keçdikdə fərqli adlarda yeni KİV qurumu təsis edirlər. Hətta dəfələlərə yeni KİV orqanı təsis edərək, “reket”çilik edənlər var. Düşünürük ki, qanunsuzluğa yol verən KİV orqanlarının rəhbərlərinə ən azından müəyyən müddətlik yeni KİV orqanı təsis etməyə məhdudiyyət qoyulmalıdır.

Onlayn medianın inkişaf etdiyi dövrdə buna daha çox ehtiyac var. Çünki “reket” jurnalistlər domen adında xırda dəyişiklik etməklə arxivlərini köçürüb, yeni sayt yarada bilirlər. Bir müddət əvvəl Realliq.info saytının fəaliyyəti haqqında qərar çıxarıldı. Başqa şikayətlər də olduğundan, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi onun fəaliyyətinə məhdudiyyət qoydu. Sonradan bu saytın rəhbəri realliq.az, realliq.com və s. domenləri alıb, fəaliyyətini davam etdirə bildi. Ona görə, təklif edirik ki, KİV orqanının  fəaliyyətində ciddi nöqsanlar aşkarlandıqda onun rəhbəri haqqında da ölçü götürülsün. Bu həm onlayn, həm də çap mediasına yönəlib. Güman edirik ki, parlamentdə tezliklə təklifimizə baxılacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi