Modern.az

Bu bayrağı əldə etmək üçün hansı mücadilələrdən keçdik...

Bu bayrağı əldə etmək üçün hansı mücadilələrdən keçdik...

14 Dekabr 2011, 12:53

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki,  “Dövlət rəmizləri və gənclik” mövzusunda tələbələrin yazılarına çox diqqətlə baxacaq: “Mən tələbələri bu məsələdə fəal olmağa çağırıram”.   
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

Dövlət rəmzlərinə hörmət etmək hər bir Azərbaycan vətəndaşının müqəddəs bir borcudur və onlar Azərbaycan Respublikasının Konstitusiyanın 23-cü maddəsində göstərildiyi kimi Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himnidir.

Dövlət Bayrağı bu adi bir parça deyildir. Bayrağa tarix boyunca həmişə xüsusi önəm verilmişdir. Bayrağın döyüşdə itirilməsi böyük məğlubiyyət hesab olunub və onun uğruna qanlarını, canlarını belə əsirgəməyiblər. Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin zamanında qəbul edilib. Bu bayraq bir millətin bütün keçmişini özündə əks etdirir. Vaxtilə türkçülüyün böyük alimlərindən və aydın insanlarından olan Əli bəy Hüseynzadə özünün məqalələrində əks etdirdiyi Türkləşmək, Müasirləşmək və İslamlaşmaq fəlsəfəsini ilk dəfə praktiki olaraq səhnəyə gətirildi. Bu fəlsəfə bir milllətin dövlətinin dövlətçilik prinsiplərinə çevrildi. Üzərindən 70 illik bir Sovet imperializminin dalğası keçməsinə baxmayaraq bu ideallar unudulmadı və bir daha türkün şanlı ulduzu parladı. Hazırda da başımızı üzərində dalğalan bu üçrəngli bayraq – Mavi, Qırmızı və Yaşıl rənglərdən ibarət 1:2 nisbətində olan – tarix durduqca bizim şərəfimiz olaraq qalacaqdır.

Bütün bu sadalananlar Dövlət Himninə də aiddir. Nə zaman bu möhtəşəm musiqini eşidəndə insanda bir ruhi yüksəliş yaşanır. Biz hər zaman belə gözəl əsərə görə iki böyük Azərbaycan övladına minnətdar olacağıq. Bunlar Üzeyir Hacıbəyli və Əhməd Cavaddır. Ruhunuz şad olsun, ey böyük insanlar!

Azərbaycan gəncliyi hazırda bu qloballaşan dünyada inkişafın tərkib hissəsi kimi öz renessansını yaşayır. Gənclərin dövlət rəmzləri haqqında biliklərinin yetərli olmamasının əsas səbəblərindən biri kimi informasiyanın yoxluğudur. Gənclərin də əsas hissəsi televiziya verilişlərinə baxırlar. Ancaq efirdə isə tamam başqa məsələlər verilir. Bunların isə bizim gəncliyimizə heç bir xeyri yoxdur. Əgər biz hazırda gənclərin ən sıx olduğu yerdə bir sorğu keçirsək, tamam fərqli situasiya ilə qarşılaşacağıq. Səbəb isə bəllidir. Məlumatsızlıq. Əgər tele-radio məkanında bütün günü şou-proqramlarına yer ayrılırsa, gənclərin heç bir informasiya almaq imkanı olmursa, nəticə də bu cür olacaq. Gənclərin problemlərinin həlli istiqamətində əsas addım kimi maarrifləndirici proqramların həyata keçirilməsi olduqca vacibdir. Əgər gənclərin milli-dövlətçilik dəyərlərinə gələcəkdə sahib çıxmasını istəyiriksə bunun ilk növbədə təməlini möhkəmləndirməliyik. Yoxsa ki, gələcəyimiz təhdid altında qalmış olacaq. Möhkəm zəmin üzərində qurulmuş gələcəyi silkələmək, titrətmək heç kimin gücündə deyildir.

Bütün bunlarla yanaşı, biz bu maarifləndirmə işinə elə uşaqlarımızın körpə yaşından başlamalıyıq. Burada isə müəllimlər böyük məsuliyyət daşıyır. Elə bağçada, məktəbdə hər gün uşaqlarla birgə himnimiz oxunsa bununla biz həqiqətən böyük bir irəliləyiş edə bilərik.

Amma hazırda təhsil almış gənclərin dövlət rəmzləri haqqında bilgilərini qənaətbəxş qiymətləndirmək olar. Bunun da məsuliyyəti Qeyri-Hökümət Təşkilatlarının üzərinə düşür. Hamı cəmiyyətdə öz sosial məsuliyyətini dərk edərsə, bizi maraqlandıran problemlərə də son qoymuş olarıq. İnanırıq ki, buna bir gün nail olacağıq.

Azərbaycan Respublikasının bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən rəmzlər və atributlar nəsillərdən-nəsillərə keçərək günümüzədək gəlib çatmışdır. Dövlətçilik tariximizdə və ənənələrimizdə iz buraxan atributlar və fərqləndirici əlamətlər sonradan müəyyən formada rəmzlərimizdə öz əksini tapıb.

Bu bayrağı əldə etmək üçün çox mücadilələrdən keçmişik. Bu da bayrağın bizim üçün nə qədər önəmli olduğunu sübut edir. Bizlər 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik və onun bayrağını qəbul etmişik.

Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Bayrağına, Gerbinə və Himninə hörmət ruhunda tərbiyə edilməsi onlarda vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə xidmət edir.  .

 Gənclərə yeni əldə etdiyimiz müstəqillik kimi, bayrağa olan sevgini də artırmalıyıq. Bayraq hər bir millətin qürur yeridir. Dövlət rəmzlərinin təbliğatı üçün gənclər arasında təbliğat işlərini genişləndirmək lazımdır.

Sevinc İltifatqızı
Qərb Universteti, magistr 1-ci kurs

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?