Arxiv
12 mart 2019, 15:59 | PARLAMENT
Deputat: “O spikerdən yubiley medalını qəbul etməyi mənliyimə sığışdırmadım” - MÜSAHİBƏ

Eldar Quliyev: “Mətbuat səhifələrinə “deyirlər”lə yazılar çıxarılmamalıdır”

 

 

Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Kooperasiya Universitetinin rektoru Eldar Quliyev Modern.az saytına müsahibə verib.

 

- Eldar müəllim, bu yaxınlarda İstanbuldan, Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısından qayıdıbsınız. Orada hansı məsələlər müzakirə olundu?

 

 

- Bu dəfə Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) işçi qrupunun toplantısı idi. İstanbulda iki günlük müşavirə oldu.
 Hazırda Milli Məclisin sədri Oqtay Əsədov bu quruma sədrlik edir və quruma sədr 6 aydan bir seçilir. QDİƏT PA-nın növbəti plenar iclası iyun ayının 19-21 tarixlərində Bakıda keçiriləcək. Azərbaycan quruma sədrliyi Bolqarıstana təhvil verəcək. Bununla əlaqədar olaraq biz İstanbulda toplanmışdıq. Təşkilata üzv olan ölkələrin nümayəndələri tərəfindən müəyyən təkliflər səsləndirildi. Bəzi təkliflər qəbul olundu. Gələcəkdə 3 komitənin ayrı-ayrı ölkələrdə iclasları olacaq. Sonra biz bütün məsələləri Bakıda müzakirə edəcəyik. Konkretləşdirsək, üç komitənin iclaslarının yekunu ilə bağlı Azərbaycanda toplantı olacaq. Baş katibin seçilməsi məsələsi də gündəmdə var. Azərbaycan tərəfi yenidən özünün nümayəndəsini baş katibliyə namizəd kimi irəli sürüb. Hesab edirəm ki, bizim namizədlə bağlı məsələ müsbət qarşılanacaq. Baş katibliyə alternativ olaraq Yunanıstandan da bir namizəd var. Yaşlı bir insan olduğu üçün onun seçilməsi şansı bizim namizəd Asəf Hacıyevlə müqayisədə azdır. Asəf Hacıyev bu sahədə daha peşəkardır. Bunu qurum üzvü olan nümayəndə heyətləri də bilir.

 

 

- Maraqlıdır, QDİƏT PA-nın Bakıda keçiriləcək toplantısında nələr müzakirə olunacaq?

 

- İlk növbədə gündəlik hazırlanıb təsdiq olunmalıdır. Bayaq qeyd etdim ki, siyasi, iqtisadi və mədəniyyət komitələrinin ayrılıqda iclasları olacaq. Biz İstanbulda işçi qrupunun toplantısında bu məsələlərə baxdıq, hələ ki, gündəlik təsdiq olunma ərəfəsindədir.

 

- Azərbaycan nümayəndə heyətinin qurumdakı fəaliyyəti barədə məlumat verərdiniz.

 

- Son illər Azərbaycanın istər ayrı-ayrı ölkələrdə, istərsə də beynəlxalq qurumlarda nüfuzu günbəgün artır. Biz QDİƏT PA-da çox önəmli bir Bəyannamə qəbul etmişik. Bəzi ölkələrdən olan deputatların müqavimətinə baxmayaraq nəticədə Bəyannamə qəbul olundu. Bəyannamədə qeyd edilir ki, quruma üzv dövlətlər işğalçılıq siyasətindən əl çəkməlidirlər. Torpaqlar işğaldan azad olunmalı və qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdırlar. Düşünürəm ki, QDİƏT PA-nın qəbul etdiyi bu Bəyannamə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş bölgələri ilə bağlı 4 qətnamədən sonra xüsusi əhəmiyyətə malik bir sənəddir.
Təxminən iki il öncə Füzuli rayonunda 2 yaşı tamam olmayan balaca Zəhra erməni əsgərləri tərəfindən qətlə yetirilmişdi. O zaman QDİƏT PA-nın yay sessiyası keçirilirdi. Mən qətlə yetirilmiş qızcığazın şəklini əcnəbi deputatlara paylayıb sessiyada çıxış etdim. Çıxışım zamanı Zəhranın şəklini bir daha nümayış etdirərək “bu körpə nə qünahın sahibi idi?” deyə sual etdim. Sessiya iştirakçıları qınayıcı nəzərlərlə Ermənistan nümayəndələrinə baxdılar. Sualıma özüm cavab verdim ki, bu körpənin yeganə qünahı azərbaycanlı olmasıdır. Başqa bir bəhanə tapa bilməyən Ermənistan nümayəndələri məsuliyyəti öz üzərlərindən ataraq Dağlıq Qarabağ ermənilərini təqsirləndirdilər.


Demək istədiyim odur ki, biz bütün imkanlardan istifadə edib Ermənistanın işğalçılıq siyasətini ifşa edirik, bu ölkənin uşaq qatili olduğunu dünyaya sübut edirik.
Bir faktı da diqqətinizə çatdırım. Ötən il noyabrın sonlarında QDİƏT PA-nın növbəti toplantısı Ermənistan paytaxtında keçirilirdi. Sessiyanın qündəliyində iştirakçı ölkələrin nümayəndə heyətləri rəhbərlərinə qurumun yubiley medalının verilməsi nəzərdə tutulurdu. Mən bir Azərbaycan vətəndaşı olaraq torpaqlarımızın 20 faizini işğal altında saxlayan, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsinə bais olan bir ölkənin spikerindən yubiley medalını qəbul etməyi mənliyimə sığışdırmayaraq təltifdən imtina etdim. Bununla bir daha Ermənistanın işğalçılıq siyasətini diqqətə çatdırdım. Mənim ardımca Gürcüstan, Türkiyə və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri də təltifdən imtina etdilər.

 

- Qeyd etdiyiniz Bəyannamə xaricdəki beynəlxalq təşkilatlara da göndərilibmi?

 

- Bəli, Bəyannamə bizim XİN-nə göndərildi, hesab edirəm, gələcəkdə bu sənəddən istinad kimi başqa beynəlxalq təşkilatlar da istifadə edəcəklər.

 

 - Eldar müəllim, son illər Azərbaycanda çoxsaylı islahatlar həyata keçirilir. Bu islahatlar beynəlxalq təşkilatlarda necə qiymətləndirilir?

 

 - Harada olmağımızdan asılı olmayaraq xalqımız bunu bilir ki, aparılan islahatlar ölkəmiz üçün müsbətə doğru çox böyük dəyişiklik deməkdir. Bunu yalnız biz deyil, xarici ölkələr, beynəlxalq təşkilatlar da yüksək qiymətləndirir. Qəbul olunur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar Azərbaycanın bu gününə və gələcək inkişafına hesablanıb və bu, öz müsbət nəticəsini verir.
Şəhid ailələrinə verilən 11 min manat birdəfəlik müavinətin ödənilməsi, uşaq pullarının, I, II, III qrup dərəcəli əlillərə verilən təqaüdün 2-3dəfə artırılması, çoxuşaqlı analara əlavə ödənişlər, yeni doğulan uşağa görə 200 manat müavinət verilməsi, tələbələrə təqaüdün artırılması, mənzillərə qeydiyyat çıxarışlarının verilməsi və bu qəbildən olan digər qərarlar cənab Prezidentin əhaliyə olan diqqət və qayğısının göstəricisidir.

 

- Son zamanlar təhsildə də ciddi islahatlar aparılır. Amma mətbuatda ölkədə fəaliyyət göstərən universitetlər barədə, eləcə də Sizin rəhbərlik etdiyiniz universitet barədə neqativ yazılar yer alır.

 

- Ümumiyyətlə, son zamanlar elə saytlar fəaliyyət göstərir ki, onların gördükləri işin mahiyyətini anlamaq çox çətindir. Bunu yaradanların məqsədi bəlli deyil. Biz dövlətimizin birliyi üçün birgə çalışmalıyıq. Prezidentimizin apardığı islahatlar əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Vətəndaş olaraq bunu anlamalı, xaricdən bizə diş qıcayanlara qarşı birlikdə mübarizə aparmalıyıq.


Konkret özümə gəlincə, belə xoşagəlməz yazıları çox mənfi qiymətləndirirəm. Sadəcə səviyyəmiz, tutduğumuz mövqə həmin adamlara öz səviyyələrinə uyğun cavab verməyə imkan vermir. Mənim son illər xaricdə kitablarım çap olunub və məqalələrim yayımlanır. Təkcə bir faktı qeyd edim ki, 2017-ci ildə “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabım Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada ingilis dilində nəşr olunmuşdur. Kitab BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görülmüşdür. BMT-nin Cenevredəki kitabxanasının Ekspertlər Şurası monoqrafiyamın bu kitabxanaya qəbul olunması barədə qərar qəbul etmişdir. Bu, ölkəmizin müstəqilliyi dövründə azərbaycanlı alimin həmin kitabxanaya qəbul edilən ilk elmi əsərdir.


Bu illər ərzində müxtəlif dövlətlərin orden və medalları ilə təltif olunmuşam, fəxri adlar almışam. 2018-ci ildə BMT-nin Mükafatlandırma Komitəsi tərəfindən Elm, təhsil və siyasətə verdiyim töhfələrə görə “BMT-nin xoşməramlı Fəxri səfiri” seçilmişəm.
Azərbaycanın bütün ziyalıları bunu yüksək qiymətləndirir. Təəsüf ki, bəzilərinin apardığı qara piar və məqsədli şəkildə edilənlər bizim dövlətimizin inkişafına qarşı yönəlib.


Təhsildə böyük dinamika var. Qanunvericilik sahəsində bütün addımlar atılır. Bu baza formalaşdırıldıqdan sonra məsələlərin praktiki olaraq həlli asanlaşır. Yəni təhsilə kompleks yanaşılır. Bu da təhsilin inkişafına çox böyük töhfələr verir.
Struktur islahatlarına gəlincə, bütün bunlar həm də Prezidentin gənclərə verdiyi dəstək və onların yüksək postlara təyinatı onlara olan etimadın göstəricisidir. Hesab edirəm ki, bizdə iqtisadiyyatı və siyasəti dərindən bilən gənclər kifayət qədərdir. 

Bizim universtitetlə bağlı neqativ fikir yaratmağa cəhd edənlərə  iki faktla cavab vermək istəyirəm 2018-ci ilin yayında Təhsil Nazirliyinin nəzarəti ilə başqa universitetlərdən bizim universitetə 74 nəfər tələbə gəldi. Bizim universitetdən isə 14 tələbə başqa universitetə getdi. Carı ilin fevral ayında isə universitetimizə 56 nəfər köçürülmüş, 12 nəfər isə bizdən başqa ali məktəblərə keçmişdir. Bu rəqəmlərdəki fərq də universitetimizin prestijli universitetlər siyahısında yer aldığını deməyə əsas verir. Mən Təhsil naziri cənab Ceyhun Bayramovun yanında olarkən o sual verdi ki, Eldar müəllim, sizin universitetə gələn tələbələrin sayında artım müşahidə olunur, bu nə ilə əlaqədardır? Mən cavabında bildirdim ki, bu, bizim tələbələrə olan qayğımızla, tələbə-müəllim münasibətlərinin yüksək səviyyədə olması ilə əlaqədardır. Biz dəfələrlə “Açıq qapı” günü təşkil etmişik. Bu gün tək bizim universitet haqqında deyil, digər universitetlər haqqında da şər-böhtan xarakterli yazılar yazılır. İnsanın şəxsiyyətini alçaldan, təhqiramiz ifadələr səsləndirilməsi, bunlar hamısı məqsədli şəkildə aparılır. Mən Kooperasiya Universitetinin həm təsisçisi, həm də rektoru olaraq bu kimi şər-böhtanı pisləyirəm. Ulu öndər Heydər Əliyev Kooperasiya universitetinə böyük dəyər verdi. 31 avqust 2000-ci ildə Fərman imzaladı. Və universitetin fəaliyyətinin genişləndirilməsi üçün Nazirlər Kabinetinə göstəriş verdi və institutdan universitetə çevrildi. İxtisasların sayı artırılır, tələbələrin şəraitinin yaxşılaşdırılması üçün yataqxanalar tikilir. 2014-cü ildə universitemizin 50 illiyi keçirildi, cənab Prezident İlham Əliyev tərəfindən müəllim və professor heyətinə fəxri adlar verildi. Bu dünənin universiteti deyil, tarixi olan universitetdir. Sovet dövründə yaranan ali təhsil müəssisələrindən biridir. Bunu başa düşməyən insanlar bu kimi fikirlər səsləndirirlər.


Bunu edən insanlar, azərbaycanlının öz həmvətənlisi haqqında şər-böhtan deməsi yolverilməzdir və onlara ayıb olsun. Bunu edən insanlar dövlətimizin düşmənləri tərəfindən maliyyələşdirilir. Kimin nə ilə məşğul olduğunu yaxşı bilirəm. Mətbuat səhifələrinə “deyirlər”lə yazılar çıxarılmamalıdır. Bu, jurnalistikaya qara ləkədir.


Azərbaycanda sülh və əmin amanlığın qorunması üçün cənab Prezident İlham Əliyev böyük işlər görür. Dövlətimizin güclü ordusu var. Vətən yolunda şəhid olmağa hazır olan gənclərimiz var. Belə gəncliklə qürur duyuruq. Amma təəsüf ki, özümüzə qarşı qarayaxma işləri görənlər də var. Bir daha deyirəm, jurnalist faktla danışmalıdır. Necə olur ki, azərbaycanlı öz həmvətənlisi haqqında bu qədər şər-böhtan xarakterli sözlər deyir, amma bir erməninin öz yerlisi haqqında bunu dediyini eşidə bilmirik.


Qeyd etməliyəm ki, ölkəmizdə aparılan bütün islahatlar xalqımızın rifahına xidmət edir. Cənab Prezidentimiz İlham Əliyev və çox hörmətli Birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın vətəndaşlarımıza yanaşmasında humanizm prinsipləri əsas götürülür. Ölkəmizdə Amnistiya Altları qəbul edilir, Əfv Fərmanları verilir. Əminik ki, Novruz Bayramı ərəfəsində daha bir Əfv Fərmanı veriləcək. Insanlar bayram ərəfəsində öz doğmalarına qovuşacaqlar. Budur dövlət başçımızın yanaşması.
Ölkəmizdə insanların banklara olan kredit borclarının dövlət tərəfindən ödənilməsi ilə bağlı Prezidentimizin imzaladığı sənədlərə diqqət edək. Hansı ölkədə bu şəkildə güzəştlər olur vətəndaşlara? Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə cənab Prezident bu fərmanı imzaladı.


Ölkə Prezidenti rayonlara səfərləri zamanı insanları şəxsən dinləyir, onların məktublarını şəxsən qəbul edir. Hansı ölkənin Prezidenti gedib vətəndaşlardan ərizə yığır, belə bir addım hansı ölkədə görübsünüz? Bu,İlham Əliyevin xalqa  olan   sevgi- sidən irəli gəlir.
 Biz torpaqlarımızın işğaldan azad edilməsi üçün bir olmalıyıq. Biz özümüzə dəyər verməsək, kimsə bizə dəyər verməz. Cənab Prezidentin əhaliyə olan diqqəti və qayğısı göz önündədir. Prezidentin xalq artisti Rasim Balayevə telefon açması onun böyüklüyünün, sənət və sənətkara verdiyi diqqətin göstəricisidir.


Ölkənin Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər göz önündədir. Mən hər zaman dövlətimə, millətimə, xalqıma bağlı insan olmuşam. Bundan sonra da dövlətçiliyimizin qorunub saxlanması üçün əlimdən gələni edəcəyəm. Bizim sonrakı nəsillər də bizlərdən örnək götürməlidir. Ona görə də çalışmalıyıq ki, onlara yaxşı nümunə olaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45