Cəlaləddin Qasımov
1984-cü ildə Moskva İdarəetmə Universitetinə (MİU) qəbul olundum. Bir ay idi ki, birinci kursda oxuyurdum.
Moskvada Puşkin metrostansiyasından çıxaraq, “Teverskoy”da Babayev adına karamel mağazasına girdim. Orada üç kilo “Mecta” konfeti almaq üçün çek götürdüm. Növbəyə durub satıcıya çeki təqdim etdim, konfeti verməsini istədim. Satıcı mənə bildirdi ki, adambaşına iki kilo verilir. Bu vaxt arxadan bir qız satıcıya dedi ki, biz iki nəfərik, üç kilo versin. Mən arxaya baxarkən gözəl bir qız gördüm. Ona təşəkkür etdim. Onun gözlərində, üzündə mənə aid nəsə olduğunu gördüm. Gözümü ondan çəkə bilmirdim. Satıcı mənim üç kilo konfetimi hazır edərək vermişdi. Mənim fikrim isə qızda qalmışdı. Onu hardan tanıdığımı düşünürdüm...
Satıcı dedi:
- Al konfetini get, növbəni gecikdirmə.
Növbədə olan o da qız çek verib bir kilo konfet aldı. Hər birimizə iki kilo düşdü. Mən yenidən mağazanın içərisindəki bölmələrə baxaraq, başqa konfet də almaq üçün qiymətlərə baxdım. Kassaya yaxınlaşaraq pulu ödəyib yeni çek götürdüm və gəlib almaq istədiyim həmin şokolat üçün növbə tutdum. Məndən qabaqda yenə həmin qızı gördüm. O, mənim konfet aldığım şöbəyə yenə bir kilo konfetin çekini vurdurdu. Mən o qızdan xahiş edərək dedim:
- Üç kilo alsam, mənə bir kilonun alınmasında kömək edərsinizmi? Qız:
- Sən alverçisənsə, kömək etməyəcəyəm, əgər alverçi deyilsənsə, kömək edərəm.
Mən gülərək qıza dedim:
- Mən konfet alverçisiyəm.
Qız da gülərək söylədi:
- Məni bağışla, sənə kömək etməyəcəyəm.
Çeki alandan sonra yenə konfet bölümünə getdim. Qız da orada növbəyə durmuşdu. Hər ikimiz özümüzə məxsus olan konfeti aldıq. Mən yenidən sıraya duraraq əlavə iki kilo da konfet aldım.
Mağazadan çıxıb “Teverskoy”dan aşağı düşdüm ki, mərkəzi poçtla aldığım konfeti rayona göndərim. Yol boyu mağazada gördüyüm qızın üzündəki nuraniliyi, mehribanlığı xatırladım. Lakin mənə alverçi dediyinə görə ondan incimişdim. Ona görə nuranilik, mehribanlıq bir anda xəyalımdan yox oldu. Poçta gəlib bir bağlama alaraq konfetləri yerləşdirdim. Sonra açıqca seçib qardaşımın ad gününü təbrik üçün ürək sözlərimi yazıb bağlamaya qoydum. Bağlamanı göndərmək üşün mənə bir vərəq verib dedilər ki, bunu doldur. Rus dilində yaxşı bilmədiyim üçün vərəqi doldura bilmədim. Yaxınlıqda bir qız teleqram yazırdı. Vərəq əlimdə ona yaxınlaşdım ki, mənə kömək etsin. O, başını qaldıranda mağazada mənə alverçi deyən qızın olduğunu gördüm. Yenidən dilim tutuldu. Geri çəkilib bağlama qoyduğum stola yaxınlaşdım. Yenicə vərəqi yazmaq istəyirdim ki, qız özü mənə yaxınlaşdı:
- Sizə kömək edəcəm, - dedi və vərəqi doldurdu. Sonra isə öz teleqramını yazmağa davam etdi. Mən Moskvada çəkdirdiyim bir neçə fotoşəklimi və ad gününə yazdığım açıqcanı bağlamaya qoydum. Bu vaxt həmin qız yenidən mənə yaxınlaşıb dedi:
- Sənə alverçi dediyimə görə, məndən incimisən?
Sonra da açıqcaya baxaraq əlavə etdi, - sən ad günü hədiyyəsi göndərirsən, kimin ad günüdür?
Dedim:
- Kiçik qardaşımın ad günüdür, 8-ci sinifdə oxuyur.
Qız açıqcada yazdığım yazını oxumaq istədi. Qardaşıma göndərəcəyim şəkillərimə də baxdı:
- Sizin dildə oxuya bilmirəm, - dedi və özü yeni ad günü açıqcası seçib aldı. Sonra rus dilində yazdı. Məndən qardaşımın adını soruşub nəsə əlavə edib dedi:
- Mənim də balaca qardaşım 8-ci sinifdə oxuyur. Qardaşının ad gününə konfet almaqda sənə kömək etmədiyimə görə məni bagışla. Sənə alverçi dediyimə görə, icazə ver bu açıqcanı da qardaşına mən həddiyə edim. Yəqin qardaşın rus dilində bilir.
- Mənim qardaşım məktəbdə rus bölməsində oxuyur.
O qız mənim və qardaşımın adını soruşub açıqcanı yazmağa başladı.
Onun üzündəki mehribanlığı, nuraniliyi yenidən görməyə başladım. Gözümü onun üzünə zilləmişdim. O, açıqcanı yazıb qurtardıqdan sonra soruşdum:
- Adınızı deyərsinizmi?
Qız dedi:
- Yox. Amma əgər üçüncü dəfə görüşsək, deyərəm.
Mən onun üzündəki mehriban ifaənin bir anda yox olduğunu gördüm. Qız getdi. Mən də bağlamanı poçta təhvil verdim. Sonra dayımgilin ev telefonunu yığmaq üçün poçtda qoyulmuş aparata yaxınlaşdım. Aparatla zəng etmək üçün mütləq iki qəpiklik olmalı idi. Zəng vurmaq üçün boş kabinəyə girdim. Telefon işləmirdi. Bu kabinədən çıxıb ikincisinə yaxınlaşdım. Burada isə bir qız zəng vururdu. Başqa aparatlar da məşğul olduğundan qızın danışığını bitirməsini gözləməli oldum. Onun əynindəki paltar mənə tanış gəldi. Diqqətlə fikir verdikdə, gördüm ki, telefonla danışan həmin qızdır. Arxadan onun yığdığı nömrəyə baxdım - 4225959. Yadıma düşdü ki, bu qızla bir neçə dəfə telefonla da danışmışam. Mən qaldığım evin telefon nöməsi 3225959 olduğundan, səhv salaraq bu nömrəyə çox zəng vurmuşam. Hətta qızın adının Lena olduğunu da öyrənmişdim. Lena telefonla danışırdı:
- Mənəm, mama, Lenadır. Atam evdədirmi? De ki, teleqramı vurdum.
Bu vaxt başqa kabinə boşaldı. Keçib telefon aparatından 3225959 nömrəsini yığdım.
Rayondan balaca dayım Hafiz gəlmişdi. Mənim instituta gedib-gəlməyimə nəzarət edirdi. Böyük dayımın isə Moskvada Bakinski ilə Sevanski küçəsinin kəsişməsində evi var idi. Mən kiçik dayımla orada qalırdım. Dayıma dərslərimin bitdiyini və institutdan çıxıb rayonda olan kiçik qardaşım Nizaminin ad gününə bağlama göndərdiyimə görə, yubanacağımı bildirdim. Dayım dedi:
- Şəhərin mərkəzində məni gözlə. Axşam kinoya gedərik. Mən gəlirəm.
Puşkin metrostansiyasının yaxınlığında görüş vaxtını dəqiqləşdirdik. Dayımla danışdıqdan sonra Lena zəng vurduğu kabinəyə yaxınlaşdım. Onu görmədim. Hər yerə baxdım, yox idi. Düşündüm ki, onunla bir gündə təsadüfən 4 dəfə görüşdüm.
Ona təsadüfən neçə dəfə zəng vurmuşam, onunla neçə dəfə telefonda danışmışam. İndi isə qızın üzündəki mehribanlığı gözümün qabağına gətirəndə, hiss edirdim ki, onun gözlərində mənə aid qeyri-adi nə isə var. Bir də onu görə biləcəyəmmi, deyə fikirləşdim. Yadıma düşdü ki, telefon nömrəsi məndə var. Hətta əzbərdən bilirdim. İndi mənə aydın olurdu ki, hərdən onlara səhv olaraq zəng etməyim təsadüf deyilmiş.
Yarım saatdan sonra dayımla görüşdük. Şəhərdə bir az gəzişdik, kinoya baxdıq. Dayım məndən tez-tez soruşurdu:
- Nə olub? Nəsə fikirlisən, bir problemin yoxdur ki?
Mən isə heç nə demirdim. Hafiz dayılarımın ən kiçiyi idi. Mənə siqaret çəkməyi də o öyrətmişdi. Aramız açıq idi. Ona heç nə demədim. Kino qurtaranda ayağa qalxdım. Həmin anda işıqlar yandı. Təsadüfən dönüb arxaya baxdıqda Lenanı gördüm. Donub qaldım. Rəngim qaçdı, əllərim əsməyə başladı. Ona baxa-baxa qaldım. Lenanın yanında atası, anası, qardaşı var idi. Mən hiss etdim ki, Lena da həmin anda şoka düşmüşdü. Qeyri-ixtiyari ikimiz də bir-birimizin üzünə baxdıq. Lenanın ailəsi zaldan çıxırdı, dayım isə digər sıra tərəfdən zaldan çıxırdı. Lenadan soruşa bildim:
- Bizim bu gün beşinci görüşümüzdür. Adını deməlisən.
O, gülərək mənə dedi:
- Adımı növbəti görüşdə deyəcəyəm.
- Onda səni sabah yenə tapacam, harada olsan belə.
Lena sözümdən bir az da xoşhallanaraq - sabah məni tapsan adımı mütləq deyəcəm, - dedi.
Bir az ara verib, - səninlə tanış da olacam, ancaq sabah. Çünki sabah mən bütün günü evdə olacam, şəhərə çıxmayacam, sabah istirahət günümdü.
- Sənə zəng vuracam, necə olsa səni tapacam, - dedim.
- Bizi izləyib evimizi öyrənəcəksən? Onu demək istəyirsən? Onda məni bir daha görməyəcəksən.
Lenanın valideynləri və dayım ön siradan kinoteatrdan çıxırdılar. Arxa sırada olduğumuzdan bizi görmürdülər.
- Yox, mən sənin adını da bilirəm, telefon nömrəni də, - dedim.
Lena:
- Nə? Ola bilməz. Mənim adımı desən, səninlə dost olacam.
- Adın Lenadır.
- Onda sən bayaqdan bizə qulaq asırmışsan. Sən təsadüfən bu sırada oturmamısan. Bəs telefonumuzun nömrəsi necədir?
Özümdən asılı olmayaraq tez - telefon nömrəniz 4225959-dur, - deyərkən, Lena:
- Nə dedin? Sən hardan bilirsən?
Qız qaçmağa başladı. Kinoteatrın pilləkanlarını tez-tez enib məndən uzaqlaşdı. Mən onun arxasınca getmək istəsəm də, ayaqlarım tərpənmədi. Sanki quruyub yerimdə qalmışdım. Bir də gördüm ki, qapının yaxınlığında Lenanın valideynləri onu axtarır. Onlar Lenanı tapdıqda sualı sual dalınca yağdırmağa başladılar:
- Biz səni axtarırdıq. Harda qalmışdın? Sənə nə olub, rəngin niyə qaçıbdır? Sifətin niyə pörtüb?
Onların iki addımlığına qədər gələ bilmişdim. Tamaşaçılar kinoteatrdan asta-asta çıxırdı deyə, qapının ağzın toplaşanlar növbə gözləyirdi. Lenanın valideynləri isə durmadan ona suallar verirdilər:
- Sən nə olub belə? Özündə deyilsən. Sənə kimsə söz deyib?
Lena məcburən yalan cavab verməli oldu:
- Yuxuya dalmışam. Bir də ayıldım ki, siz getmisiniz. Tək qalmışdım deyə, qorxmuşdum.
Onların danışıqlarını eşidirdim. Birdən camaatın içindən məni gö-rən dayım Hafiz uca səslə:
- Hardasan, mən də səni axtarıram, - dedi. Bir az üzümə diqqətlə nəzər etdikdən sonra, - sənə nə olub? Rəngin qaçıb, əllərin də əsir, deyə mənə suallar verirdi.
Lena da bizim yaxınlığımızda idi. Hiss edirdim ki, o, dayımın dediklərini başa düsür, mənim rəngimin qaçdığını, əllərimin əsdiyini görürdü. Biz kinoteatrdan yavaş-yavaş çıxırdıq, qapıya doğru yaxınlaşdıqda camaat hər tərəfdən bizi sıxdı. Lena ilə çiyin-çiyinə toxundum və on addım beləcə getdik. Elə oldu ki, əllərimiz də bir-birinə dəydi. Həmin an Lena gözlərimin içinə baxdı və mənim əlimdən möhkəm sixmağa başladı. Mən də onun əlini sıxdım. Beləcə bir neçə addım da getdik. Lenanın sağ tərəfində ailəsi gedirdi. O, mənə baxıb dedi:
- Sənin əllərin əsir, ürəyinin döyüntüsünü hiss edirəm əllərində.
- Mən də sənin ürəyinin döyüntüsünü əllərində hiss edirəm.
Addımlarımızı daha da asta atırdıq ki, vaxt uzansın. Biz ilk dəfə idi ki, bir-birimzə toxunmuşduq. Həmin an mən özümü dünyanın ən xoşbəxti hiss edir, sanki göylərdə uçurdum.
Biz yavaş yeridiyimizdən Lenanın valideynləri və dayım bizdən xeyli aralanmış, qapıdan çıxmışdılar. Biz isə əllərimizi sıx tutaraq ayrılmaq istəmirdik. Lena məndən soruşdu:
- Mənim adımı və telefon nömrəmizi sənə kim deyib?
- Səninlə telefonda çox danışmışam.
- Görüşəndə izah edərsən. Sabah bu vaxt burada səni gözləyəcəyəm.
- Səni görmək üçün səhər saat səkkizdən burada olacam.
- Sabah tezdən axşama qədər?
- Neçədə istəsən gələrsən. Mən burada olacam.
Biz qapıya yaxınlaşdıq. Lenanın valideynləri qapının kandarında onu gözləyirdilər. O, əlini əlimdən çəkdi. Lenanın atası, qardaşı yenidən ondan soruşmağa başladılar:
- Sənə nə olub? Təcili yardım çağıraqmı?
Qızın anası isə gözünü mənim üzümə zilləmişdi. Çox güman ki, o, nəsə hiss etmişdi. Çünki Lena ilə yanaşı olanda bizi görmüşdü. Bu vaxt dayım Hafiz yaxınlaşdı:
- Sən hardasan? Yenə səni itirmişdim. Rəngin niyə qaçıbdır? - deyə suallar verəndə də Lenanın anası onu eşidirdi.
Atası isə Lenaya sual verirdi:
- Həkim lazımdırmı, qızım?
Lenanın anası diqqətlə üzümə baxaraq ərinə - yox, həkim lazım deyil, - dedi.
Nəhayət hamımız kinoteatrın həyətinə çıxdıq. Lakin gözüm hələ də Lenada idi. Onun anası isə mənə baxırdı. Lena utandığından başını aşağı salmışdı.
Metroya qədər onların dalınca getdim. Onlar şirniyyat mağazasının qarşısından keçərək, univermaq tərəfə getdilər. Bu an Lenanın sözü yadıma düsdü. Onları izləsəm Lenaya yalan danışmış olacaqdım.
Xəyallardan aylmamışdım ki, dayım məni silkələyərək - özünə gəldinsə metroya gedək, - dedi.
- Yox, bir az havada qalım, - deyə bildirdim. Bir az dayımla gəzişdik. Sonra metroya düşüb evə getdik. Evdə dayıma hər şeyin yaxşı olduğunu dedim. Mən də Lena kimi yalan danışdım:
- Kinoteatrda yatmışdım. Yuxudan oyananda qorxdum, - deyə, onu sakitləşdirməyə çalışdım.
Səhər saat altı tamamda yuxudan oyandım. Paltarımı geyinib evdən çıxmaq istəyəndə dayım dilləndi:
- Səni instituta gedəndə saat səkkizdə yuxudan oyada bilmirdim, indi saat altıda yuxudan durmusan, həm də bazar günü.
- Dayı, gələndə sənə dəyəcəm, - deyərək, onunla xudahafizləşib evdən çıxdım. Saat yeddiyə qalmış “Rusiya” kinoteatrının qarşısına çatdım. Saat səkkizdə Lena gəldi. Onu görəndə sevincimdən uçmaq istəyirdim. Lenanı qucaqladım. O, gözümün içinə baxaraq adını dedi:
- Lena.
Mən də özümü təqdim etdim:
- Cəlal.
Lena:
- Cəlal hə, Qasımov?
Mən təəccübləndim:
- Mənim soyadımı hardan bilirsən? Yəqin bağlamanı yazanda yadında qalıb?
Lena davam etdi:
- Cəlaləddin Qasımov Qəzərnfəroviç, 1967-ci ildə Tovuz rayonunda anadan olub, 1974-cü ildə 1 nömrəli orta məktəbə daxil olub. Orta məktəbi bitirdikdən sonra MIU qəbul olunub, hazırda I kursda oxuyur. İki dayısı Moskvada yaşıyır. Biri akademikdir, biri professsor. Kiçik dayısı isə onun mühafizəçisidir. Bir bacısı və bir qardaşı var, adı da Nizamidir. Onun ad gününü mən də təbrik etmişəm.
- Mən çox təəccübləndim, bunları hardan bilirsən? Kimdən öyrənmisən?
Lena:
- Hardan öyrəndiyimi növbəti dəfə görüşəndə deyəcəm sənə.
Dedim:
- Bəs konfet alverçisi olduğumu öyrənmədin ki?
Lena gülərək:
- Yox, sən alverçi deyilsən. Səni səhv salmışdım, amma sən də konfetlərin ən yaxşısını, dadlısını seçməyi mənə öyrətdin. Mən moskvalı olsam da, sən Moskva konfetlərini məndən yaxşı tanıyırsan. Poçtda səndən ayrılandan sonra gedib həmin mağazadan sən aldığın şokolatların hərəsindən yarım kilo alıb evimizə apardım. Anam da, atam da, hətta qardaşım da mənə dedilər ki, nə dadlıdır bunlar. Sənə kim seçibdir? Onlara dedim ki, mənə hədiyyə alıblar, bir azərbaycanlı, Tovuz rayonundandı, adı da Nizamidir. Atam əsəbiləşdi ki, kimdir o azərbaycanlı? Sən hədiyyəni niyə qəbul etmisən? Mən də dedim ki, o, rus dilində yaza bilmirdi, bağlama göndərəndə onun əvəzinə vərəqi yazdım, o, da əvəzində bağlamanın içindəki konfetlərin hərəsindən bir dənə verdi. Mən də o konfetləri yedim, xoşuma gəldi, gedib onlardan aldım. Atamın sifəti dəyişmişdi. O, karameli yeməyi dayandırmışdı. Dedi ki, onda niyə çox almadın?
Konfeti çaysız yeyib qurtardıq. Düzünü bilmək istəsən, sən bağlamanı yığanda istədim ki, bağlamadakı konfetlərin hərəsindən bir dənə götürüb dadına baxım. Sən aldığın konfetlərdən heç almamışdım.
Onun bu sözlərindən sonra dedim:
- Rayona zəng edib deyəcəm ki, o bağlamanın ağzını açmasınlar. Səni rayona aparacam, onda sən özün o bağlamanı açarsan.
- Mən rayona gedəcəm? Həm də sizə, Tovuza? – təəccüblə dedi.
- Hə, gedəcəksən. Sən məni tanıyandan sonra mənə etibar edəcəksən, inanacaqsan və mənimlə gedəcəksən.
- Mən nə qədər inansam da, sən mənim xarakterimi öyrənənə qədər uzun bir vaxt lazımdır. Nədənsə çox tələsirsən.
- Səni illərcə, əsrlərcə gözləyərəm. Mən səni sevirəm. Hər şey bir anda, bir gündə baş verdi. Özüm də bilmirəm ki, ürəyim, əllərim niyə əsdi. Tanrının işi idi ki, bizi bir gündə beş dəfə görüşdürdü. Səni ilk dəfə görəndən səndə bir doğmalıq, hiss etdim, gözlərində ilahi varlığımı, sevgimi, həyatımın qadınını gördüm.
- Məni tanımırsan, barəmdə heç nə bilmirsən. Tez deyilmi mənə sevdiyini, ürəyini birinci gündən açmağın? Amma kinoteatrda səni görəndə, səninlə yan-yana gedərkən əllərimiz bir-birinə toxunanda, sanki ilahi bir qüvvə bizim əllərimizi birləşdirdi, bir-birinə yapışdırdı. Mən az qala atamın, anamın yanında da əllərimi ayırmırdım, amma atam görməsə də, anam görmüşdü. Evdə məni danladı. Anama dedim ki, həmişə bizə zəng vuran oğlandır. Səni səsindən tanıdım. Anam dedi ki, o, öz evlərinə yığarkən bizim evə düşür həmişə, o oğlandır? Dedim ki, hə, ana, təsadüfən biz onunla bir gündə dörd dəfə gorüşdük. Anam isə dedi: “Elə gün olub ki, o, bir gündə 4 dəfə bizim evə zəng vurub, sonra üzr istəyib ki, səhv yığıb, burada nəsə var” - deyərək gülümsədi. Amma dünən elə bildim ki, sən dördüncü dəfədə məni görmədin.
Mən dedim:
(ardı var)