Modern.az

Rusiyada və İranla sərhəddə baş verənlər Azərbaycana təzyiq ola bilər? - Deputat ŞƏRHLƏRİ

Rusiyada və İranla sərhəddə baş verənlər Azərbaycana təzyiq ola bilər? - Deputat ŞƏRHLƏRİ

Parlament

13 Mart 2019, 17:31

Son zamanlar Rusiyada azərbaycanlılarla bağlı baş verən hadisələr, medianın gündəmində yer alan İran-Azərbaycan sərhəddindəki toqquşmalar cəmiyyətdə fərqli fikirlərin formalaşmasına səbəb olub. Hətta bu hadisələrin bir-biri ilə bağlı olduğu, təsadüfən deyil, Azərbaycana qarşı təzyiq xarakteri daşıdığı barədə iddialar irəli sürülür.

Cəmiyyətdə yayılan bu informasiyalara Milli Məclisin deputatları da laqeyd qalmadı.

Rasim Musabəyov Modern.az-a açıqlamasında vurğulayıb ki, Rusiya və İranla baş verən iki hadisə arasında bağlılıq olduğunu düşünmür. Deputatın fikrincə, Rusiyanın daxilində baş verən, orada yaşayan azərbaycanlılara təsir edən hadisələr bu dövlətin öz daxili məsələləridir:

“Rusiya hazırda qarışıq durumdadır, sanksiyalar altındadır. İndiyə qədər miqrantların çalışdığı bazarlar vasitəsilə xaricə külli miqdarda vəsait çıxarılırdı. Ona görə, Rusiya bazarlarında araşdırılma aparılması və digər bu kimi addımları Azərbaycana təzyiq kimi qəbul etmək düzgün deyil. Azərbaycanlı olan, orada çalışan kütləyə qarşı da Rusiya dövlətinin hər hansı xüsusi təzyiqi yoxdur. Ayrı-ayrı iş adamları isə artıq uzun illərdir Rusiya vətəndaşlığını qəbul ediblər. Orada yaşayan iş adamlarımızın çoxu etnik cəhətdən dağ yəhudiləridir, Rusiya vətəndaşlarıdırlar. Azərbaycanda  anadan olub, böyüdüklərinə görə, biz onları həmyerlimiz kimi qəbul edirik, amma onların əksəriyyəti Rusiyada yaşayır, orada biznes qurublar”.

İranla sərhəddə baş verənlərə də aydınlıq gətirən deputat xatırladıb ki, bu cür insidentlər mütəmadi yaşanır:

“Görünür, İran tərəfi sərhədlərimizi sınağa çəkir. Hesab edirəm ki, sərhədlərimizin etibarlı qorunması ilə bağlı tədbirləri gücləndirməliyik. İran vətəndaşları Azərbaycana qanunsuz soxulsalar, bunun cavabını aldıqları təqdirdə yenidən təxribata cəhd etməyəcəklər.

Ümumilikdə sadaladığımız hadisələrin arxasında dövlətlərarası münasibətlərə kölgə salacaq məqamların, hər hansı siyasi mesajların olduğunu düşünmürəm”.

Aydın Mirzəzadənin sözlərinə görə, İran və Rusiya ilə baş verən hadisələr eyni dövrə təsadüf etsə də,  tamamilə bir-birindən fərqli məqamlardır:

“İran tərəfdən vaxtaşırı sərhədi pozaraq, Azərbaycana külli miqdarda narkotik vasitə və ya silah keçirmək istəyən şəxslər yaxalanır. Təəssüf ki, belə cəhdlərin qarşısı alınarkən bəzən itikilər də olur. Bütün bunlar göstərir ki, İran tərəfi ilə sərhədin onlar istiqamətindən daha yaxşı qorunması haqqında məsləhətləşmələrə ehtiyac var. Düzdür, İranın Azərbaycanla sərhəd hissəsi daha çox dağlıq ərazilərdən ibarətdir. Yenə də qonşu ölkə sərhəd qorunmasındakı problemlərini aradan qaldırmaq üçün Azərbaycan təcrübəsindən yararlana bilər. Hələ ki Azərbaycandan İrana sərhədini pozaraq, oraya keçmək cəhdlərinə rast gəlinməyib.

Nəzərə alsaq ki, İran böyük ölkədir. Burada dövlətə tabe olmayan böyük özəl sektor var. Mümkündür ki, İranda müəyyən dairələr bu vasitə ilə Azərbaycanı içəridən pozmağa cəhd etsin. Belə hadisələr fonunda İran tərəfindən qətiyyətli addımların atılmasına ehtiyac var”.

A.Mirzəzadə bildirib ki, Rusiya tərəfdən bazarlarda yoxlama aparılması sadəcə qanunsuz miqrasiyanın qarşısının alınması, pərakəndə satışın nizama salınması məqsədi güdürsə, heç bir iradımız ola bilməz:

“Əksinə, biz də vətəndaşlarımıza Rusiya qanunlarına uyğun hərəkət etməyi tövsiyə edirik. Rusiyada birbaşa azərbaycanlıların yoxlanması, onlara qarşı hüquqi əngəllərin yaradılması barədə məlumat yayılarsa, qonşu dövlətlə müzakirələr aparılacaq. Biz Rusiyanın öz ərazisində, ticarətdə, miqrasiya məsələlərində qayda-qanun yaratmaq addımlarına hörmətlə yanaşırıq. Hesab edirik ki, vətəndaşlarımızın hüquqları heç bir halda pozulmamalıdır”.

Fərəc Quliyev isə düşünür ki, qeyd edilən epizodlar dövlətlərasrası münasibətlərdə çox kiçik elementlərdir:

“Bunlar adi baş verə biləcək, hər gün rastlaşdığımız hadisələrdir. Rusiyada azərbaycanlıların çalışdığı bazarda aparılan axtarışların izahı oldu ki, sadəcə miqrantlarla bağlı araşdırma aparılır. Onlar yoxlanandan sonra bir neçəsi saxlandı, tədbir görüldü. Hazırda bazar da öz fəaliyyətinə davam edir.

İran-Azərbaycan sərhədində də bir həftə ərzində iki sərhəd pozuntusu qeydə alındı, insident yaşandı. İran tərəfi bu məsələdə məsuliyyət daşıyır, çünki  öz vətəndaşlarının sərhədi pozmasına mane olmalıdır. Burada sadəcə məsuliyyətsizlikdən söhbət gedir.

Hesab edirəm ki, bu da xüsusi qurulmuş plan deyil, sadəcə təsadüfən eyni vaxtlarda baş verən hadisələrlə qarşı-qarşıyayıq. Dövlətlərarası münasibətlərə bunu aid etmək, hər hansı sətiraltı mesaj olduğunu düşünmək düzgün deyil”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir