Modern.az

Qacarlar dövrünün bərpa edilmiş xörəkləri

Qacarlar dövrünün bərpa edilmiş xörəkləri

14 Mart 2019, 16:31

Respublika Mİlli Kulinariya Mərkəzi onları Sumqayıta gətirdi 


Sumqayıtın "Turan-park" istirahət mərkəzində “Azərbaycan mətbəxi. Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabının təqdimatı olub. Uzun müddət bərpası üzərində iş aparılan və Azərbaycan Milli Kulinariya Mərkəzinin himayədarlığı ilə “Elm və təhsil” nəşriyyatında yenicə işıq üzü görmüş kitab üzərində Beynəlxalq Elmlər Akademiyasının və Gürcüstan Millı Elmlər Akademiyasının həqiqi üzvü,  professor Tahir Əmiraslanovun rəhbərlyi ilə əsasən kulinarlardan ibarət olan müəlliflər qrupu - Oruc Əliyev, Ağakərim Şamidzadə, Bəyim Məmmədova, Aynurə Əmiraslanova, Mübariz Quliyev işləmişlər. Kitab respublika Dövlət Turizm Agentliyinin vəsatəti ilə nəşr olunub, elmi rəy Dövlət İqtisad Universitetinin "Qida məhsulları texnologiyası" kafedrası tərəfindən verilib. Kitabda Azərbaycanın qədim mətbəx nümunələri barədə geniş və dolğun məlumatlar yer alıb.   


Kitabın nəşrinə maliyyə dəstəyi göstərmiş "Turan-park" istirahət mərkəzinin rəhbəri, Qarabağ müharibəsi veteranı Mübariz Quliyev öz çıxışında hər bir xalqın mətbəxinin onun mədəniyyətinin tərkib hissəsi olduğunu qeyd edərək bildirib ki, respublikanın tanınmış kulinarlarının təqdim etdikləri bu kitab bir-neçə il davam etmiş gərgin, həm də köklü, fundamental elmi-tarixi araşdırmaların nəticəsi olaraq mühüm əhəmiyyət kəsb etməklə xalqımızın əsrlər boyunca formalaşmış mətbəx mədəniyyətindən söhbət açır.


M.Quliyev 1989-cu ildən fəaliyyət göstərən "Turan" restoranlar şəbəkəsinin öz 160 nəfərlik personalı ilə sumqayıtlılara və şəhərin qonaqlarına yüksək mədəni xidmət göstərdiyini, xarici turistlərə Azərbaycan milli mətbəxinin ən gözəl, dadlı nümunələrini təqdim etməklə həm də milli mətbəx mədəniyyətimizi təbliğ etdiyini diqqətə çatdırmış, bu xüsusda yeni çap olunmuş “Azərbaycan mətbəxi. Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabının ötən dövr xörəklərimizin bərpası, milli mətbəximizin zənginliyi ilə yanaşı onun qədimiliyinin təsdiqi sahəsində də böyük rol oynayacağını bildirmişdir ki, bu da mədəniyyətimizin müxtəlif sahələrini həyasızlıqla zəbt etməyə, milli mətbəximizi öz mənfur adlarına çıxmağa cəhd göstərən bədnam qonşulara elmi-tarixi əsaslı, tutarlı bir cavabdır.


Tədbir iştirakçılarına fəxrlə o da bildirilmişdir ki, son illərdə innovasiya amili özünü təkcə elm və texnika sahəsində deyil, həm də milli mətbəximizdə də özünü göstərir. Belə ki, hələ iki il əvvəl tanınmış sahibkar, maraqlı ideyalar müəllifi Hümbət Quliyev bilavasitə Sumqayıtın adı ilə bağlı yeni dolma növü icad etmişdir - "Sumqayıt dolması" və ya - "ikiqat dolma".  "Turan"ın Hümbət Quliyev resepti üzrə hazırladığı yeni dolma növü yalnız sumqayıtlıların deyil, şəhərin qonaqlarının da tez-tez sifariş etdikləri, sevdikləri yeməklərdəndir. 

Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti, professor Tahir Əmiraslanov mərasimdə çıxış edərək diqqətə çatdırıb ki, maddi və mənəvi dəyərlərin bərpasında olan çətinliklər mətbəximizdə də mövcuddur. Belə ki, bir qədim xörəyin bərpası və xidmət menyusuna daxil edilməsi üçün 3 ilə yaxın vaxt sərf olunur. Burda onu da unutmaq olmaz ki, illər keçdikcə ərzaqların da tərkibi və keyfiyyəti dəyişir. 


O, “Azərbaycan mətbəxi. Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabı haqqında danışaraq qeyd etmişdir ki, kitab 3 hissədən ibarətdir. Və onun ən mühüm əhəmiyyəti, yeniliyi yeməklərin restavrasiya olunmasına həsr edilməsidir. Araşdırmalar nəticəsində dünya mətbəx mədəniyyəti tarixində ilk dəfə olaraq yemək dəsturlarının - reseptlərin bərpası mümkün olmuşdur.


Qeyd edilmişdir ki, yeni kitabda bir vaxtlar Təbrizin valisi olmuş Nadir Mirzə Qacar Bərdəlinin “Karnamə” risaləsində söhbət açılan yeməklərin bərpa olunan reseptləri oxuculara təqdim edilir. Nadir Mirzə Qacar həmin risaləni öz xanımı ilə birlikdə 1875-ci ildə yazmağa başlayaraq, 8 il sonra - 1883-cü ildə tamamlamışdı.


“Karnamə” risaləsi (Qacar dövrünün xörəklərinə dair) hələ 2013–cü ildə Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Milli Əlyazmalar İnstitutu ilə birlikdə tərcümə və nəşr edilmişdi. Lakin orada qeyd olunan 203 xörəyin bəzilərinin adı sadəcə qeyd edilmiş, lakin onların haqqında heç bir məlumat, dəsturlar (reseptlər) və ya başqa heç bir sənəd verilməmişdi. Yeni kitab indiyə qədər yazılmış toplulardan xeyli fərqlənir. Belə ki, burada risalədə verilən, lakin unudulmuş, bişirilməsi çətin olan milli mətbəx nümunələrinin son beş il ərzində tam elmi-tarixi tədqiqatlara əsaslanaraq bərpası iüzrə aparılmış böyük iş öz əksini tapmışdır. 200-dən artıq olan həmin xörəklərin dəsturları kitabın müəlliflər qrupu tərəfindən bərpa edilib və hər xörəyin müasir texnologiyalar əsasında hazırlanması üsulu tam olaraq resept şəklində göstərilib. 


Kitab milli mətbəximizin yazılı abidəsinin sübutu olmaqla yanaşı, həm də restoran biznesində və ailələrdə istifadə edilə biləcək vəziyyətə salınıb. Bu isə milli mətbəxin sistemləşdirilməsi, qorunması, təbliğatı və milli mədəni irsə aid edilməsini təmin etmək istiqamətində atılan vacib addımdır.


Təqdimat mərasimində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin deputatları Qənirə Paşayeva və Adil Əliyev, respublika Dövlət Turizm Agentliyinin nümayəndələri və digərləri kitabın məziyyəti və əhəmiyyəti haqqında danışaraq, ölkəmizin mədəniyyətinin təbliği sahəsində göstərdikləri xidmətə görə müəlliflərə minnətdarlıqlarını bildirmişlər. Kİtabın Azərbaycan mətbəxinin inkişafı və qorunmasında, qədim xörəklərin bərpasında, mətbəıx mədəniyyətimizin təbliğatı sahəsində  mühüm  rol rol oynayacağı xüsusi olaraq qeyd edilmişdir. Gələcəkdə kitabın digər dillərə tərcüməsi də nəzərdə tutulub. 


Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri, respublikanın Əməkdar Mədəniyyət işçisi Tahir Əmiraslanov və digərləri kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkür etmişlər.


Mədəniyyət və mətbuat, həmçinin şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda təqdimat iştirakçıları qacarlar dövrünün kitabda yer alan, bərpa edilmış qədim xörəklərinin reseptləri əsasında “Turan-Park” restoranlar şəbəkəsi tərəfindən hazırlanmış mətbəx nümunələrinə qonaq edilmişlər. Onlara həmçinin müəlliflərin avtoqrafı ilə“Azərbaycan mətbəxi. Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabı, milli mətbəximizlə, onun tarixi ilə bağlı məlumat xarakterli bukletlər və kitablar  bağışlanılıb.  

  

Qadir SULTANOV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu