Arxiv
15 mart 2019, 11:33 | HADİSƏ
Nazirlikdən Afət Fərmanqızının mahnısına görə işdən qovulan tibb işçiləri haqda AÇIQLAMA - VİDEO  

Müğənni Afət Fərmanqızının Nəsiminin “Sığmazam” qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı qalmaqallı mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən qovulub. 

Bu məlumatı prodüser Tarix Əliyev Instagram hesabından paylaşdığı videoya şərh verərəkən bildirib.

T.Əliyevin sözlərinə görə, xəstəxananın baş həkimi Elçin Əmirovla əlaqə saxlamaq cəhdləri baş tutmayıb. Tolik daha sonra işdən çıxarılan xanım əməkdaşlardan biri ilə əlaqə saxlayıb. Özünü xəstəxananın tibb bacısı kimi təqdim edən İlahə adlı xanım bildirib ki, 10 saniyəlik videonu çəkərək şəxsi Instagram və Whatsapp hesablarından paylaşıb. Qadının iddiasına görə, martın 6-da səhər saat 10-nun yarısı baş həkim onları işə çağıraraq “siz məni bütün Azərbaycanda biyabır etdiniz” deyib və ərizə yazaraq işdən çıxmalarını tələb edib. Aylıq 160 manata işlədiyini deyən qadın işdən çıxarılan digər 4 nəfərin xəstəxanada tibb işçisi, bufetçi və xadimə çalışdıqlarını qeyd edib. 


Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hüquqi dövlətdə idarə rəhbərliyilə işçilər arasındakı məsələlər məhkəmə yolu ilə həll edilir:


“Biz də hüquqi dövlətdə yaşayırıq. Əgər o xanım işdən çıxma barədə ərizəni ondan məcburi aldıqlarını iddia edirsə, ilk olaraq məhkəməyə müraciət etməlidir. Məhkəməyə ədalətsiz olaraq, məcburi qaydada ərizə yazdırıldığı barədə yazılı məlumat verməlidir. Amma bu xanım hələ ki Şəki Rayon Məhkəməsinə müraciət etmək əvəzinə “Xəzər” televiziyasının əməkdaşı Toliklə əlaqə saxlayıb”.

P.Əbubəkirov qeyd edib ki, bütün idarələrdə rəhbərlərlə xəstəxanadakı əməkdaşların münasibətlərini nazirlik tənzimləmir:

“Şəki Mərkəzi Rayon Xəstəxanasında 1400 işçi var. Hər idarə rəhbərilə hər bir işçinin mübahisəsinə nazirlik müdaxilə edə bilməz. Ona görə də, xanım hesab edirsə ki, o, etik davranış qaydalarını pozmayıb və ərizəni ona məcburi yazdırıblar, buyursun Şəki Rayon Məhkəməsinə müraciət etsin. Məhkəmə onun lehinə qərar çıxaracaqsa, həmin qərarla işə bərpa olunacaq. Amma hələ ki, xanım bu addımı atmayıb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv