Arxiv
18 mart 2019, 11:40 | MEDİA
O dövrdəki “fırtınaları”  hər jurnalist qələmə ala bilməzdi

Sakit Ocaqlı,
Telejurnalist, qarabağ müharibəsi veteranı


Bu gün  dövlət başçısı  İlham Əliyev bütün sahələrdə olduğu kimi, mediada da peşəkarlara yüksək dəyər verir. Və sözsüz ki, peşəkarların iş başında olması o sahənin daha da inkişafı, tərəqqisi deməkdir.
Bu günlərdə  həmkarım, tanınmış jurnalist Telli Pənahqızı  dövlət başçısnın sərəncamı ilə Milli Televiziya və Radio Şurasına üzv seçilib. Bu çox məsuliyyətli və mühüm bir vəzifədir. Atalar yaxşı deyib, “çörəyi ver çörəkçiyə, birini də üstəlik”.

Gərək  hər kəs öz peşəsinin  ustası olsun. Mən 33 il əvvəl  AztTV-yə “Günün ekranı” Xəbərlər redaksiyasına gələndə Telli Pənahqızı  bu  redaksiyada Mədəniyyət şöbəsinin müdiri idi. O illərdə “Xəbərlər” redaksiyasında xanım jurnalistlər çox az idi. Mən də Telli xanımın şöbəsinə  redaktor təyin olunmuşdum.

Düzünü deyim ki, vaxtilə ad-san qazanmış, televizya sahəsində təcrübəsi olan insanlarla bir cərgədə olmaq  nə qədər qürurverici idisə,  məsuliyyəti də bir o qədər agır idi. O dövrdə, yəni  1987-ci ildə ölkədə  yalnız bir televiziya fəaliyyət göstərirdi və ölkə əhalisi yalnız  bu televiziyanın tamaşaçısı idi. Bir sözlə, ölkənin sanki bütün baxışları bu televizyaya yönəlmişdi. Və məhz elə o dövrdə dövlət televiziyasının  müxbiri olmaq  çox şərəfli və məsuliyyətli  bir vəzifə idi.

Mən hələ tələbə olanda Telli xanımın imzasına  qəzet səhifələrinə də tez-tez  rast gəlirdim. Əlbəttə,  Alı Mustafayev, Telli Pənahqızı  kimi jurnalistlərlə  bir cərgədə olmaq  şərəfli idi, öyrənəcəyimiz çox şeylər var idi. Yadımdadır, Telli xanımın mənə ilk yaradıcılıq tapşırığı geyim rəssamı Bədurə Əfqanlı haqqında reportaj hazırlamaq oldu. İlk müsahibim də xalq rəssamı Mürsəl Nəcəfov idi. Bu fikirlərimi və düşüncələrimi niyə bölüşürəm sizinlə? Cavabı çox sadədir: Telli xanım televiziyanın anatomiyasına bələd olan bir jurnalistdir.

Telli xanım həmişə tamaşaçını  düşündürən, narahat edən məsələlər, problemlərlə bağlı reportajlara daha çox üstünlük verirdi.  O illərdə bu cür reportajlar hazırlamaq çətin idi, çünki rəsmilərdən cavab almaq müşkülə çevrilirdi və çoxlu sayda maneələr yaradılırdı.  O dövrkü “fırtınaları” ötən ilin 90-cı illərinin əvvəllərində  hələm-hələm jurnalist qələmə ala bilməzdi. Telli xanımda bu cür cəsarət olduğu üçün çoxlarından fərqli düşüncədə idi. Dəyər verdiyi insanlarla  da əsl dost  olmagı bacarırdı. Hazırladığı reportaj və süjetlərdə əxlaqi dəyərləri ,milli-mənəvi  saflığı hər şeydən uca tuturdu. Elə  20 yanvar faciəsində, Qarabağ uğurunda geən döyüşlərdə mərdliklə vuruşan əsgərlərimizə, xalqımıza  mənəvi dayaq duranlardan biri də  Telli Pənahqızı idi. 

Amma Azərbaycanın bu tanınmış jurnalisti üçün həyat heç də hamar olmayıb. Televiziyada çalışdığı illər ərzində manelərlə, qadağalarla, haqsızlıqlarla çox rastlaşıb. Qələmini, sözünü qısqananlar az olmayıb. Amma həmişə də səbri, dəyanəti və təmkini ilə haqsızlıqlara sinə gərib.  

Uzun illərin təcrübəsi, neçə-neçə illər ərzində hazırladığı veriliş və layihələrin  zənginliyi mənə əsas verir deyəm ki, Telli Pənahqızı  ona göstərilən  bu etimadı dogruldacaq. Milli Televiziya və Radio Şurasının üzvü  kimi televizyalarımızda yaranan bir sıra nöqsanların, problemlərin həllində öz dəstəyini əsirgəməyəcək. Bir sözlə,  cəmiyyətimizdə Telli Pənahqızı kimi  peşəkarlara həmişə ehtiyac olub və bu gün də ehtiyac var.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv