Modern.az

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi

20 Mart 2019, 11:59

Qazaxıstan parlament Senatının rəhbəri Kasım-Jomart Tokayev martın 20-də parlament palatalarının birgə iclası zamanı Qazaxıstan xalqı qarşısında and içib və bununla da Prezident vəzifəsinin icrasına başlayıb.


Modern.az
saytı Qazaxıstan mediasına istinadən xəbər verir ki, Tokayev 2020-ci ildə keçiriləcək növbəti seçkilərə qədər prezident postunda qalacaq.

Bugünkü andiçmədən sonra yeni vəzifəsinin icrasına başlayan Kasım-Jomart Tokayev nitq söyləyib. O qeyd edib ki, martın 19-da dünya Nursultan Nazarbayevin timsalında tarixi hadisənin şahidi oldu.

"Qazaxıstan dövlətçiliyinin atası - yaradıcı, Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Abışoviç Nazarbayev könüllü olaraq səlahiyyətlərindən əl çəkdi. Elbaşının (Nazarbayevin xalq arasındakı ləqəbi) bu gözlənilməz qərarı onun böyük siyasi səviyyədə olduğunu bir daha sübut etdi", - Kasım-Jomart Tokayev vurğulayıb.

 
Tokayev qeyd edib ki, Qazaxıstan özünün bütün nailiyyətləri, uğurları və "müqəddəs müstəqilliyi" üçün ilk prezidentə borcludur.

 
Yeni prezident Kasım-Jomart Tokayev Qazaxıstan paytaxtı Astana şəhərinin adının dəyişdirilərək, Nursultan qoyulmasını təklif edib. Eyni zamanda, paytaxtda Nazarbayevin abidəsini ucaltmağa və bütün şəhərlərin mərkəzi küçələrinə ölkənin ilk prezidentinin adını verməyə çağırış edib.

Xatırladaq ki, dünən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev respublika telekanallarının efirində istefa verdiyini və qalan müddətə səlahiyyətlərini Senatın (parlamentin yuxarı palatası) sədri Kasım-Jomart Tokayevə verdiyini açıqlayıb.

Qazaxıstanda seçkilər 2020-ci ilə planlaşdırılır.

Nursultan Nazarbayev bundan sonra ölkənin Təhlükəsizlik Şurasına başçılıq edəcək, "Nur Otan" partiyasının başında qalacaq və respublikanın Konstitusiya Şurasının üzvü olacaq.

78 yaşlı Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edirdi. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır