Modern.az

Yorğun İskəndər

Yorğun İskəndər

18 Dekabr 2011, 17:43

Hər şey həmişə olduğu kimi idi. Səhnədə Mirzə Cəlilin "Ölülər" tragikomediyası göstərilirdi. Hər bir səhnə ssenariyə uyğun gedirdi. Tamaşaçılar əzbər bildikləri bu tamaşaya yenə baxırdılar. Əsərin sonundakı İskəndərin monoloqu səhnəsi gəldi. Hər kəs hamını heyrətə salan bu monoloqu bir daha dinləməyə hazırlaşdı. Lakin birdən nə isə baş verdi. Aktyor sanki bir anlıq dəyişdi. Sanki İskəndər obrazını keçmişdən bu günə gətirdilər. Rejissor bilmirdi nə eləsin. Axı İskəndərin söylədiyi monoloq ssenariyə uyğun deyildi. Digər aktyorlar və tamaşaçılar da çaşmışdılar. Hamı təəccüblənmişdi.

İskəndər isə bütün bunlara əhəmiyyət verməyərək gözlərini tamaşaçılara zilləyib yarı nifrət, yarı təəssüflə onlara baxırdı. O, elə baxırdı ki, elə bil əsərdə iştirak edən mövhumat, avamlıq içində boğulan insanlar zalda idi və ona baxıb gülürdülər. Şeyx Nəsrullah da onların arasında idi.

İskəndər özünü toplayaraq nitqini söyləməyə başladı:

"Məni dinləyin deməyəcəm. Onsuz da dinləsəniz də yenə öz bildiyinizi edəcəksiz. Mən-kefli İskəndər 1909-cu ildə yaranmışam. Lakin bu gün də yaşayıram. Yaşım yüzü keçib. Kim bilir bundan sonra nə qədər yaşayacağam. Amma mən bu qədər uzunömürlü olmaq istəmirəm. Çünki mənim uzunömürlü olmağımın səbəbi sizin hələ də düzəlməməyinizdir. Hələ də Şeyx Nəsrullahlar var və onların sayı artır. Şeyx Nəsrullahlarla bərabər onlara inananların da sayı artır. Qızların yenə də azadlıqları əllərindən alınır və onlar Şeyx Nəsrullah kimilərə qurban olurlar. Əgər bu gün də ricət məsələsi ortalığa qoyulsa, siz çox az adamın dirilməyini istəyəcəksiniz. Mənim yaşım yüzü keçib. Mən bunları sizə deməkdən yorulmuşam, amma siz pis əməllərinizdən yorulmamısınız. Artıq içmirəm. Çünki içkiylə də bu dərdləri unutmaq olmur. Daha aktual əsərin aktual obrazı olmaq istəmirəm. İstəyirəm elə bir dövr gəlsin ki, nə Şeyx Nəsrullah olsun, nə ona inananlar, nə də mən".

Aktyor monoloqunu bitirib öz-özünə təəccüblə baxdı. Sanki danışan o deyil, Mirzə Cəlilin ruhu idi. Monoloq fərli deyilsə də, tamaşa həmişəki kimi sona yetdi və pərdələr aşağı salındı....

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir