Modern.az

Siyasi “meyit”in dirçəlmək cəhdləri

Siyasi “meyit”in dirçəlmək cəhdləri

25 Mart 2019, 11:59

Elman Babayev


Günlərdir ki, Novruz bayramı ərəfəsində verilən əfv sərəncamını gözdən salmaq kampaniyası gedir. Gah bu sərəncamın yarımçıq olduğu, gah bu addımın 19 yanvar mitinqinin nəticəsi kimi ortaya çıxdığı, gah da beynəlxalq təzyiqlərin sayəsində verilməsi kimi yanlış mülahizələrlə ictimai rəyi aldatmağa göstərilən cəhdlər indi də Rəsul Quliyevin simasında davam edir.  


Həmişəki kimi uzaqlarda oturub özünü “cəsur ” aparan, hakimiyyəti hədəf seçən eks-spiker əfv mövzusu üzərindən öz siyasi varlığını gündəmə gətirməyə başlayıb. Rəsul Quliyev hökümətin bu addımının görüntü xatirinə atıldığını, sərəncamın beynəlxalq aləm tərəfindən alqışlanmasının müvəqqəti xarakter daşıdığını və ölkədəki rejimin demokratik olmadığını, insan azadlıqlarının təminində böyük qüsurlar qaldığını  iddia edib.

 

Əslində çox gözəl anlaşılır ki, hər bir tənqidi fikrin arxasında belə adamların öz şəxsi maraqları gizlənir- beynəlxalq təşkilatların diqqətini öz üzərinə çəkmək və Azərbaycan toplumunun dəstəyini qazanmaq!

 

Əfv sərəncamından sonra istər cəmiyyətdə, istərsə də beynəlxalq aləmdə müşahidə olunan müsbət əhval-ruhiyyə bu adamları narahat etməkdədir. Əfv addımının  kifayət qədər əhatəli və siyasi əhəmiyyətinin ağır olması hakimiyyətə qarşı mümkün hücumları heçə endirib. Çünki hakimiyyətin gözdən salınması üçün ictimai-siyasi aktiv şəxslərin həbsdə olması amilindən daha çox istifadə olunurdu ki, indi bu arqument əldən çıxmaqdadır. Bu səbəbdən də atılan addımı qaralamaq məqsədilə hər cür yalanlara baş vurulur.

 

Məsələnin maraqlı tərəfi budur ki, əks mövqeli insanlar tənqid xoruna başlayanda Rəsul Quliyev niyə bu xora qoşulmayıb, üstündən 2 həftə keçəndən sonra bəyanat verməyə başladı?!

Artıq burada şübhələrə düşməyə əsas yaranır. Zaman və təcrübə bizə dəfələrlə sübut edib ki, siyasətçilər gözlənilmədən ortaya çıxanda, fərqli bəyanatlarla gündəmə gələndə, onların hansısa sifarişli fəaliyyəti mövcud olur. Əfvə vaxtı ötmüş münasibəti Quliyevin kiminsə sifarişi ilə ortaya çıxmasına əsas vermirmi?

 

Rəsul Quliyev vaxtilə müxalifəti kənardan-kənara idarə edəndə, onlara maliyyə stimulu yaradaraq, bir araya gətirib, radikallaşma göstərişi verəndə də təkbaşına deyildi. Amerika siyasi dairələrindən, müxtəlif ölkələrdə xaos yaradan təşkilatlardan təlimat alaraq aktivləşirdi. Özünü elə tanıdırdı ki, guya Azərbaycanda müxalifətin güclü olması hamıya lazımdır, xüsusilə özünə. Lakin seçkilərdə Müsavat bir az önə çıxan kimi Rəsul Quliyevin İsa Qəmbərə qıcqanc damarları oyanır, onun şanslı olmasını “həzm” edə bilmirdi. Açıq deyirdi ki, hakimiyyətə gəlsə, İsa Qəmbərə vəzifə təklif etməz. Belə münasibətlərdə bəlli olurdu ki, əslində Rəsul Quliyev hakimiyyətə yarayan birisi olmadığı kimi, heç müxalifət  üçün gərəkli birisi deyil.

 

Hakimiyyətə yaramır, müxalifətə yaramır, bəs onda bu adam kimə yarayır? Təbii ki, xarici dairələrə və özünə.     

 

Digər tərəfdən, Rəsul Quliyevin demokratiya ilə bağlı fikirləri diqqəti cəlb edir. Çünki demokratiya onun baxışları, kimliyi ilə elə ziddiyyət təşkil edir ki, uzun illər Amerikada yaşamaq insanın dünyagörüşünü artıra bilər, amma ondan demokrat, çətin yetişdirər. Ümumiyyətlə,  Rəsul Quliyev və demokratiya anlayışını yanaşı qoymaq gülüncdür.  Eks-spiker “Demokratiyaya gedən yol” kitabını əgər sətirbəsətir özü yazmış olsaydı, -yəni iddialara görə kitabın əsl müəllifi əslində  ADP sədri Sərdar Cəlaloğludur- o zaman onun demokratiya təsəvvürləri mübahisə predmetinə çevrilməzdi.

Rəsul Quliyevin qalın-qalın kitablarla özünə alim obrazı vermək üçün hətta yəhudi bir yazarı puluyla satın alması haqqında da iddialar dolaşırdı. Baxmayaraq ki, o, bunu təkzib etməyə çalışırdı, lakin Rəsul Quliyevin iqtisadi savadı şübhə doğurmasa da, siyasi savadına Azərbaycan cəmiyyətində heç kim inanmırdı. Əgər o, hakimiyyətin etibarlı, güvənəcəyi bir kadr olaraq qalsaydı, iqtisadçı statusundan çıxa bilməyəcəkdi. Parlamentin sədri olmaq siyasətə meylləndirsə də, siyasətdə sabit mövqeyini saxlamaq hakimiyyətlə konflikti davam etdirmək qisasçılığından doğdu, amma onun uğurlu siyasi bioqrafiyasını yaratmadı. Amerikada əsas fəaliyyət biznesini inkişaf etdirməkdən ibarət oldu.       

 

Azərbaycan cəmiyyətinə o adamlar xitab edə bilər ki, o, xalqdan oğurlamasın; xalqın pulunu xarici banklara daşımasın. Rəsul Quliyevin 20 ildən artıq müddətdə Amerikada necə oturması, nəyin hesabına yaşaması özü bir vacib sualdır və bu suala obyektiv cavab verərsə, onun başını qaldırıb Azərbaycan xalqının üzünə baxmağa haqqı çatmaz!

Azərbaycan cəmiyyətinə o adamlar müraciət edə bilər ki, onun sanbalı, dəyəri var;  

onun dövlət qarşısında xidmətləri olub; o, sevilib, ona sayğı göstərilib.

  

Eks-spiker özünün siyasi fəaliyyəti dövründə daha çox avantürüst, öz opponentlərinə qarşı qısqanc, siyasi  potensialı ilə deyil, maddi imkanları ilə siyasi manevrlər edən birisi olmaqdan uzağa gedə bilməyib.

Azərbaycan xalqı qarşısında ən böyük günahı lağ intonasiyası ilə dediyi “bədbəxt” kəlməsidir ki, ona heç zaman bağışlanma gətirməyəcək...    

 

Vaxtilə təmsil olunduğu hakimiyyəti parçalamaq üçün etdiyi cəhdləri də, əlini uzaqlardan buraya məhz bu məqsədlə uzatdığını heç kəs unutmur. Əfv sərəncamı ilə azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanovun hələ 2005-ci ilin oktyabrında, yəni konkret ittihamlar əsasında həbs olunduqdan dərhal sonra bağışlanmaq üçün prezident İlham Əliyevə etdiyi müraciətə toxunmaq yerinə düşər. “Fikrət Yusifovun vasitəsilə uzun illər boyu düşmən münasibətdə olduğum Rəsul Quliyev məni özünün avanturist planlarına bağlamış oldu. Mən düşünürəm Rəsul Quliyevə mənim yardımım yox, məni Sizin nifrətinizə tuş etmək, ona qarşı apardığım kampaniyaların əvəzində məni birdəfəlik məhv etmək lazım imiş. Bununla belə çox təəssüflənirəm ki, Rəsul Quliyevin çirkin niyyətlərlə Vətənə qayıtmaq planları mənim üçün qətiyyən inandırıcı olmasa da, bildiyim bu məlumatları Sizə çatdırmamışam. Möhtərəm Cənab Prezident! Mənim Rəsul Quliyev kimi perspektivsiz, ölkədə heç bir nüfuzu olmayan avanturistə qoşulmağım əcaib və bağışlanmazdır, nifrətə layiqdir. Ancaq Sizin yüksək humanistliyinizə və böyük qəlbinizin olmasına da bələdəm. Mənim Ümummilli Liderimiz Heydər Əliyevin qarşısında az da olsa xidmətlərimi nəzərə alıb, ilk və son səhvimi əfv etməyinizi dönə-dönə xahiş edirəm”- deyə İnsanov öz müraciətində bildirib...

 

Beləliklə, Rəsul Quliyevin son açıqlaması siyasi “meyit” statusunda olan birisinin dirçəlmək üçün etdiyi uğursuz cəhddən başqa bir şey deyil. Onun nəinki hakimiyyəti parçalamaq imkanları, müxalifətdə söz sahibi olmaq imkanları da çoxdan heçə enib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi