Modern.az

“Azərbaycan yığmasının texnikalı oyunçuları var” - Rəqib baş məşqçi

“Azərbaycan yığmasının texnikalı oyunçuları var” - Rəqib baş məşqçi

25 Mart 2019, 21:11

Litva yığmasının baş məşqçisi Valdas Urbonas Bakıda millimizlə yoxlama oyunundan sonra mətbuat konfransı keçirib.

Modern.az xəbər verir ki, Baş məşqçi əvvəlcə matç barədə fikirlərini bildirib.

 

- Maraqlı və əzmkar oyun getdi. Oyuna ciddi hazırlaşmışdıq. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Müdafiədə etibarlı çıxış etdik. Fikrimcə, ilk hissədə daha yaxşı oynadıq. Topa sahib olur, təşkilatlanmış hücumlar edirdik. Bu oyuna mövqelər üzrə yanaşırdıq. Meydan sahibləri bu gün ikinci hissədə daha fəal idilər. Ancaq nəticə oyuna görə idi. Hər iki komandanın qol imkanları çox olmadı. Komandamın oyunundan razı qaldım.

 

- Yəqin ki, qapınızda qol görmədiyiniz üçün razı qaldınız? Çünki oyun ərzində qol imkanı yarada bilmədiniz...

 

- Bir daha təkrar edirəm, Azərbaycan yığmasının individual cəhətdən texnikalı oyunçuları var. Onlara qarşı qrup şəklində düzgün müdafiə olunmaq vacib idi. Azərbaycan yığmasına qapımız qarşısında rahat oynamaq imkanı vermədik. Təbii ki, hücumlar etməyə də çalışırdıq. Pressinq edərək, qol vəziyyətləri yaratmaq istədik.

 

- Lüksemburqla Azərbaycanı müqayisə etsəniz, hansını daha güclü sayarsınız?

 

- Onları müqayisə etmək istəmirəm. Çünki biri rəsmi, digəri yoldaşlıq görüşü idi. Bunlar arasında böyük fərq var. Bir o qədər də uğurlu təqvim deyildi. Birinci yoldaşlıq görüşü keçirməyimiz daha yaxşı olardı. Sizin komandanız Xorvatiyaya çətin anlar yaratmağı bacarmışdı. Orda müdafiədən oynamağa məcbur idi. Bu gün də topla oynamaq bacardığını göstərdi. Top səndə olanda yaradıcılıq qabiliyyətin daha yaxşı büruzə verir. Heyətdə bəzi rotasiyalar etdim. İki səfər oyunundan sıfırla qayıtmaq istəmirdik. Sevindik ki, bu gün 0:0-la qayıdırıq.

 

- Azərbaycan yığmasının zəif cəhəti nə idi?

 

- Baş məşqçiniz yeni idi. Fərdi cəhətdən yaxşı oyunçularınız var. Ümumilikdə təhlil etmək baş məşqçinizə hörmətsizlik olardı. Bir daha rəqibin yaxşı komanda olduğunu gördüm. Azərbaycan yığmasına uğurlar arzulayıram.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır