Modern.az

“Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir” - Nikola Yurçeviç

“Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir” - Nikola Yurçeviç

25 Mart 2019, 21:42

Futbol üzrə Azərbaycan Milli komandasının baş məşqçisi Nikola Yurçeviç Bakıda Litva ilə yoxlama oyunundan sonra mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, Nikola Yurçeviç  maraqlı və gözəl oyun izlədiyini bildirib.

 

- Hərçənd oyunun gedişi asan deyildi. Qələbə qazanmaq üçün hər şeyi etdik. Qalib gəlmək istəyirdik. İlk hissədə daha çox qol imkanlarımız var idi. Xorvatiya ilə çətin matçdan sonra mümkün olan hər şeyi etdik. İkinci hissədə bir çox dəyişikliklər oldu. Bunun fonunda oyunun ritmi itdi. Ümumi götürdükdə rəqibdən güclü idik. Sadəcə, bir qol olmadı ki, ardı gəlsin. Ümumilikdə, komandadan razı qaldım.

 

- Bu gün sizin üçün nəticə, yoxsa sərgilənən oyun önəmli idi?

 

- Əvvəlcədən hədəfimiz qələbə idi. Bunun komandanın oyununa inam gətirəcəyini bilirdik. Ancaq bizim üçün təkcə hesab yox, oyunçuları görmək də vacib idi. Bu üzdən də matça 4 fərqli oyunçu ilə başladıq. İkinci hissədə də mümkün qədər çox futbolçunu iş başında görmək istədik. Nəticədən narazı deyiləm. Oyunçuları müxtəlif situasiyalarda görmək istəyirdim. Həm mövqe, həm də düzülüş etibarı ilə asan deyildi. Bir çox şeyi qaçırmamağa çalışdıq. Yekunda alındıra bildiyimiz budur. Buna əlavə misal gətirmək istəyirəm. Rüfət Dadaşovu mərkəzdə oynatmaq istədim. Belədə Ramil Şeydayevin cinahdakı bacarığını görmək, Araz Abdullayevə şans vermək istədim. Ömər Buludova da şans vermək istəyirdim. Təkcə bir şeyə yox, çox nüansa fikir verməli olduq. Bu üzdən məmnun qaldım.

 

- Vitse-çempiona qol vuran komanda bu gün rəqib qapısına yol tapa bilmədi. Rəqibin baş məşqçisi də sizin kimi deyir ki, birinci hissəni yaxşı keçirdik...

 

- Bir daha təkrar edirəm ki, ilk hissəni daha yaxşı keçirdiyimizi düşünürəm. Qol imkanlarımız da daha real idi. 100 faizlik şanslarımız oldu. İkinci hissədə oyunçularda yorğunluq başladı, üstəlik, dəyişikliklər oldu. Ümumi gəldiyim qənaət o oldu ki, oyun planında  biz daha güclü idik.

 

- Pavel Paşayevin çağırılmaması zədəli olması ilə bağlı idi?

 

- Paşayev zədəlidir. Əslində o, heyətdə yer almalı oyunçudur. Sadəcə, zədəli olduğu üçün çağırılmadı.

 

- Yoldaşlıq görüşünü nəzərə alsaq, fərqli "11-lik"lə başlaya bilməzdinizmi? Məsələn, Emil Balayev, Ömət Buludov kimi oyunçuları ilk dəqiqələrdən meydana buraxmaq olmazdımı?

 

- Bir çox şeyi etmək olardı. Sadəcə, Buludova da şans vermək yaxşı olardı. Həmçinin, ikinci qapıçıya da. Buna görə təəssüf edirəm. Hamını razı salmaq asan deyil. Həm udmaq, digər tərəfdən hamıya şans vermək istəyirik. Bütün bunları eyni anda etmək asan deyil. 10 gün mənim üçün faydalı oldu. Yeni oyunçular gördük, komanda daxilində yaxşı atmosfer oldu. Bu, mənim üçün çox vacibdir. Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir.

 

- Millətlər Liqası səviyyəsində olan bir komanda ilə öz meydanımızda heç-heçə etdik. Rəqiblərin səviyyəsi, hətta baş məşqçinin milliyyəti də dəyişməyib. Qələbə üçün başqa nə etmək lazım idi?

 

- Çox çətin sualdır. Əgər şanslardan istifadə edə bilirsənsə, qələbə şansın daha çox olur. Biz də bunlardan yararlanmağa çalışacağıq. Oyuna da hücumameyilli başlamışdıq, sonradan da ön xətt oyunçuları meydana buraxdıq. Heyf ki, qol vura bilmədik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...