Modern.az

Əlahiddə mütərcim  - Tehran İmranoğlu

Əlahiddə mütərcim  - Tehran İmranoğlu

27 Mart 2019, 09:53

Xeybər Göyallı              
                    

Bəri  başdan  ədalət naminə deyim ki, Tehran Vəliyev haqqında  (Çoxları kimi mən də  onu İmranoğlu ədəbi  imzasından  çox-çox  əvvəl Tehran Vəliyev  imzası ilə tanımışam)  yazılan  bu yazının  impulsu  Aydın  Canıyevin  "Feysbuk"  şəbəkəsində tirajlanmış yazısından gəldi. İnsafən onu da  vurğulayaq  ki, Aydın  Canıyevin  Tehran Vəliyev barəsində qələmə aldığı yazı son dərəcə  təbii və səmimi, kifayət qədər rəngli (əslində, bu vaxta qədər  Aydın Canıyevin boz yazısına rast gəlinməyib) və duyğusal bir yazıdır. Tam  səmimi deyirəm ki, Tehran Vəliyev bu işıqlı dünya ilə vidalaşandan sonra  beynimdən, ürəyimdən onun haqqında yazmaq keçib, amma hansı izaholunmaz səbəbdənsə bu istək alınmayıb...  Demək, bir çınqıya, ani qığılcıma əşhədü ehtiyac varmış...

Mən də bir çoxları kimi,  tanınmış tərcüməçi  Tehran Vəliyevi  şəxsən tanımazdan  əvvəl  onu  Azərbaycanın  Folkneri, Sellinceri kimi tanımışam. Tehran Vəliyevlə həyatda şəxsi tanışlığım isə  2007-ci ilə təsadüf etdi. Bu tanışlığın səbəbkarı onun kiçik  qardaşı Rafiq Vəli oldu. Tale elə gətirdi ki, 2006-cı ilin son aylarında yenidən formalaşdırılan “Mədəniyyət “  qəzetinə işə dəvət olundum.  
Tehran Vəliyevin qardaşı Rafiq Vəli də yenidən təşkil olunan  “Mədəniyyət “  qəzetində  fəaliyyətə başlayanlar  arasında idi. Həmin vaxt Tehran Vəliyev Azərbaycan Respublikasının Mədəniyyət   və  Turizm Nazirliyində çalışırdı, nəşriyyat şöbəsində sektor müdiri idi. Yenidən formalaşdırılan  “Mədəniyyət“  qəzeti nazirliyin  xüsusi diqqət mərkəzində idi.   Tehran müəllim nazirliyin  məsul  əməkdaşı kimi bir müddət qəzetin hər sayını mətbəəyə getməzdən əvvəl nəzərdən keçirmək üçün axşamlar işdən sonra redaksiyaya  gələrdi. Çapa gedəcək qəzetin  dizayn olunmuş səhifələrinə  baxar, lüzum bilmədiyi məqalələri çıxarmağı məsləhət görərdi. Tanınmış tərcüməçi  Tehran Vəliyevi ədəbi camiyənin sakini kimi  zahirən tanısam da, yaxınlığım yox idi, ünsiyyətdə olmamışdım.  İlk dəfə  onunla “Mədəniyyət“  qəzetinin redaksiyasında   üzbəüz görüşdüm, ünsiyyətdə oldum. 




TEHRAN İMRANOĞLU

 
Onunla  bir neçə dəfə Dövlət Film Fondunun  binasının  sonuncu mərtəbəsində yerləşən “Mədəniyyət“  qəzetinin  redaksiyasının  üzü gündoğana baxan pəncərəsinin qarşısında  ayaq  üstündə durub söhbətləşmiş (daha doğrusu, o, danışmış, mən diqqət kəsilmişdim), bir dəfə isə çörək kəsmişdik. Sözün düzü, mənə çox fərqli bir insan təsiri bağışlamışdı. Mənə (bəlkə də,  çoxları  bunu müşahidə  etmiş və  onlar da bu qənaətdədirlər) elə gəlirdi ki, o, daim fikirləşir, hətta üzə-üzə baxıb söhbət edəndə belə.Təmkinli və səbatlı  bir həmsöhbət idi. Nitqində, danışığında çox orijinal idi. Zahirən psixoloji cəhətdən  fleqmatik tipə mənsub olduğu görünsə də, daxilən sorğu-suallı, özlüyündə var-gəlli, dünya və cəmiyyətə  hesab-kitablı bir adam idi. Çoxları kimi gündəlik  qulaq “döyənək” edən, adamı bezdirən söz-söhbətdən yeddi ağac uzaq idi. Fərqli söz-söhbət, orijinal fikir sahibi olsa da, həyat və cəmiyyət işlərində  kifayət qədər praqmatik idi. Söhbətlərindən görünürdü ki, geniş mütaliəsi olan erudisiyalı insandır. Sistemli, nizamlı bir insana oxşayırdı,  milli ruhlu olduğu qədər də bəşəri hisslərin  daşıyıcılarından idi. Belə düşüncə sahibi olmasaydı, Folkner, Selincer, Fiscerald  və b. kimi bəşəri duyğuları təbliğ edən nəhəng yazıçıların  tərcüməçisi olmazdı. 


Mən  onun  ağzıbütöv, sözübütöv adam olduğunu da  əminliklə təsdiqləyə bilərəm. “Mədəniyyət“ qəzetinin  15 yanvar 2010-cu il  tarixində  işıq üzü görən sayında “Ədəbiyyat söz oyunu deyil” sərlövhəli bir köşə yazım dərc olunmuşdu. Köşə yazısının özəyi və özəti belə idi: ədəbiyyata söz oyunu kimi yanaşanlar uzağa gedə bilmir, ədəbiyyatda hər kəsin öz yeri var, hər kəs öz yerini tutur, heç kim heç kimin yerinə iddialı ola bilmir, necə ki, paytaxtımızda hər bina (köhnə və təzə hündürmərtəbələr) öz yerini  tutub. Bu  analogiyada yazmışdım ki, ünlü şairlərimiz  R.Rövşən və V.Bayatlı  ədəbiyyatımızın canlı klassikləridir, onlar  həyatda ikən Azərbaycan ədəbiyyatına öz möhürlərini vurub,  ədəbiyyatda öz yerlərini tutublar. 

Yazı işıq üzü görəndən ən azı ayyarım  sonra (çox güman ki, bu  xain və xəbislərin alt-üst  nə isə çatdırmalarından sonra olmuşdu) görünməmiş  bir  tufan, şiddətli  fırtına  başladı, nə başladı... Baş redaktoru və məni məhşər ayağına çəkdilər, sorğu-sual, haqq-hesab başladı. Nazir  əsəbi bir situasiyada  bizi qəbul etdi,  çox sərt sözlər dedi. Yaranmış ab-havadan açıq-aşkar görünürdü ki, bu kiçik yazının “barıtı” həddindən artıq çox olub, kimlərinsə əsəblərini tarıma çəkib, ciddi səs-küy yaradıb. (Haqq üçünə  onu da deyim ki, nazir həmin məqamda ürəyindən gələn nidanı və  vicdanının  səsini də  dilinə gətirdi. Həmin o  bir kəlməni  bu məqamda  dilə gətirmək, yəqin ki,  mərdimazarlıq  olardı, hələlik  qalsın). Mən intuitiv olaraq  zərbənin  haradan  gəldiyini  ehtimal edirdim və  bu barədə  Tehran Vəliyevin  qardaşı Rafiq Vəli  ilə fikirlərimi də isti-isti bölüşmüşdüm. Çox təəssüflər olsun ki, ehtimal və gümanlarım doğru çıxdı- knopka yuxarıdan basılmış, zəng yuxarıdan gəlmişdi. Səlahiyyət sahibi olan tanınmış bir yazara nazirliyə zəng  etdirilmişdı. Bu səbəbdən ultimativ formada  “Mədəniyyət “  qəzetindən getməyimi  bildirdilər...

Həmin ərəfədə Tehran Vəliyev bu  mərəkəni,  tufanı qoparanların kimliyi barədə qardaşı Rafiqə belə bir söz  deməmişdi. Nazirliyin binasını silkələyən bu olayın  ssenari  müəllifləri və  rejissorlarının kim olduğunu  nazirliyin  digər əməkdaşları kimi  Tehran Vəliyev də bilməmiş olmazdı. Tehran Vəliyevin  bu  olayın  ssenari müəllifləri  və icraçıları barəsində qardaşına belə həmin günlərdə bir kəlmə deməməsi onun bir kişi kimi ağzıbütöv olması ilə bərabər, dövlətçiliyə və idarəetmə prinsiplərini lazımınca dəyərləndirməsindən irəli gəlirdi. Ancaq Tehran Vəliyev  nazirliyin  bir çox əməkdaşlarından   fərqli olaraq  “zəlzələ” yaratmış bu kiçik yazı ilə bağlı mənə ağ bir, qara iki heç nə demədi, əksinə,  özünü elə apardı ki, elə bil heç belə bir şey olmayıb.  Əslində   hiss olunurdu ki, əsassız yerə yaradılmış  mərəkəyə  təəssüflənir. Ancaq  bəzi mənsəb sahiblərinin  əsəblərini tarıma  çəkmiş bu yazıya  görə heç  bir əsas olmadan məni  günahlandıran,  hətta məni  yerliçilikdə  qınayanlar   da oldu.


Tehran Vəliyev  uzun müddət nəşriyyat və poliqrafiya sahəsində çalışmışdı. Nəşriyyat və poliqrafiya  sahəsinin mükəmməl bilicilərindən idi. Nəşriyyat və poliqrafiya  demişkən,  qardaşı Rafiq Vəli Tehran Vəliyevlə bağlı  mənə danışdığı  olayı  bu gün də heç cür əsəb sarsıntısız, ağrısız  xatırlamaq olmur. Rafiq Vəli danışır ki, qardaşı Tehran Vəliyev 1994-cü ildə  Azərbaycan Respublikasının  Mətbuat və İnformasiya  Nazirliyinin tabeçiliyində olan “Maarif” nəşriyyatında   baş redaktor vəzifəsində çalışdığı dönəmdə gözləmədikləri bir olayla qarşılaşıblar. Çox  ağlasığmaz  bir olay baş verir. Ölkənin   tanınmış nəşriyyatında   məsul vəzifədə çalışan yazıçı-tərcüməçini  gözlənilmədən hərbi xidmətə çağırır, onu  ön xəttə- döyüş bölgəsinə göndərirlər. Əslində,  buna heç bir hüquqi və mənəvi  əsas yox idi. Həmin vaxt  ölkənin tanınmış yazıçı- tərcüməçisinin  hərbi xidmətə çağırış vaxtı deyildi. Onun  nə az, nə çox, düz 40 yaşı vardı. Ölkədə rəsmi formada hərbi səfərbərlik elan olunmayıb, əksinə atəşkəs müqaviləsi  imzalanıb. Tehran Vəliyev ali   hərbi  məktəb də bitirməyib ki, onun hərbi  xidmətinə ciddi bir ehtiyac duyulsun.  İndi  heç bir  günah işlətmədən tam məsuliyyətlə deyə bilərik ki, bu “quyunu” məkrli niyyət sahibləri qazmışdılar. 

Tehran Vəliyevi tanıyanlar mənimlə  bu məqamda həmfikir olarlar ki, o, özünü düşmənsiz adam sanırdı, ətrafı da həmişə  bu qənaətdə olublar. Tehran müəllim ömürbillah  heç kəsə pislik etməyib, heç kəsə daş atmayıb. Onu tanıyanlar da təsdiqləyərlər ki, o,  tərəf adamı, kiminsə haqsız mövqeyinə tərəf çıxan adam olmayıb. Bu,  onun xarakterinə  yad bir olan hal idi. O, intiriqa, münaqişə adamı deyildi ki, kimdənsə şübhələnsin. Amma burada çözələnməli çox nəsnələr var...

Tehran Vəliyev ciddi müqavimət göstərmədən, hay-həşir salmadan  əmrə müntəzir olur, döyüş bölgəsinə yollanır. Heç sonradan ona qarşı qurulmuş bu məkrli planın  pedant müəlliflərinin kimliyi ilə  heç maraqlanmadı  da. O, kin-küdurətdən uzaq adam  olduğundan  bu məsələni Tanrının umuduna buraxdı.


Tehran Vəliyev tərcüməçiydi, özü də əsl  mütərcim. Onu  da  tam məsuliyyətlə demək olar ki,  görkəmli tərcüməçiydi. Mənə elə gəlir ki, ədəbi camiyədə  bu  fikrin əleyhinə gedən bir nəfər tapmaq olmaz, əksinə, hamı  bir nəfər kimi onun  peşəkar tərcüməçi olduğunu səmimi etiraf edər. Onu da   etiraf edək ki, bu gün  tərcümə işinə  “çörək ağacı” kimi baxanların boysırası  xeyli artıb  (bunun əleyhinə  getmək olmaz, amma... “əmma”sı da başqa bir  söz konusudu), amma Tehran Vəliyev  bu boysırasında  hələ  də  uzaqdan  görünür. 

Onun oxuduğum  son tərcüməsi  Elvira  Araslının  atası, akademik  Əli  Əmiraslanov barədə  yazdığı “İnsan və onun zamanı”  adlı  memuarıdır. Orijinalı rusca olan bu əsər  tərcüməçinin istedad və peşəkarlığı sayəsində  bir az da cilalanmış və oxunaqlı  olmuşdur. Ədəbiyyat arenasının yüksək  ədəbi zövqlü  sakinləri mənim bu fikrimlə  də tamamilə şərik olarlar ki, ədəbi-bədii materialın alternativ dilə çevrilməsində mütərcimin xüsusi əməyi vardır, bu danılmazdır. Səhv etmirəmsə, düşüncə sahibləri tərcüməçini əsərin ikinci müəllifi adlandırıblar. Bu mənada  Tehran Vəliyevin Azərbaycan tərcümə sənətində  əlahiddə  yeri  vardır. O,  həyatda  özünü tapmış, ədəbiyyatda  imzasını,  həyatda  isə  izini qoymuş  insanlardandır. Tehran Vəliyev  ömür-gününü  boşuna keçirməyib,  saysız-hesabsız  dəyərli  kitabları,  onlarla  bestselleri  dilimizdə  canlandırmışdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir