Modern.az

YAP-çı deputatdan Əli Nağıyevə SƏRT CAVAB: “Deməli o, ziyalı deyil, fikirləri əxlaqa sığmır”  

YAP-çı deputatdan Əli Nağıyevə SƏRT CAVAB: “Deməli o, ziyalı deyil, fikirləri əxlaqa sığmır”    

28 Mart 2019, 16:48

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev  son günlər bəzi açıqlamaları ilə gündəmə gəlib.

O, “Demokrat.az”a müsahibəsində Yeni Azərbaycan Partiyasının üzvləri barədə  danışarkən sərt ifadələrdən istifadə edərək, “700 min inək” sözünü işlədib.

Belə ki, Ə.Nağıyev jurnalistin YAP üzvləri barədəki sualına cavabında “...sən deyirsən ki, YAP-çılar, hansı ki, 700 min üzvü var. Mən bilmirəm ki, bu gün Azərbaycanda 700 min inək var, ya yoxdur. Sən məni niyə bunlarla yanaşı qoyursan? Mən YAP-ın ideya müəllifiyəm, qurucusuyam” vurğulayıb. 


YAP-ın qurucularından biri olan və hazırda da onun sıravi üzvü kimi fəaliyyət göstərən Əli Nağıyevin bu cür fikirlər səsləndirməsi partiyadaşlarının qəzəbinə tuş gəlib.


YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında Əli Nağıyevin Yeni Azərbaycan Partiyası haqqında dediyi fikirləri təhqir adlandırıb:

“Açığı, Əli Nağıyevin bu fikirlərini oxuyanda dəhşətə gəldim. Ona görə ki, heç bir ziyalı öz ölkəsinin vətəndaşını bu formada təhqir etməz. Çünki insan insandır. Üzr istəyirəm, heyvan heyvandır. Ceyran,  inək, maral olmasının fərqi yoxdur. İnsan Tanrının yaratdığı ali varlıqdır. Hesab edirəm ki, Əli Nağıyevin bu fikirləri Azərbaycan vətəndaşına, eləcə də, partiya üzvlərinə qarşı təhqirdir”.

YAP-çı  deputat bildirib ki,  Əli Nağıyev özünü Yeni Azərbaycan Partiyasının qurucularından  hesab edirsə, o  heç vaxt partiyanın üzvlərinə belə münasibət göstərməməlidir.:


“Əli Nağıyev özü də YAP-ın bir müddət rəhbərliyində çalışıb. İcra katibliyi yaranmamışdan öncə təşkilati məsələlərə rəhbərlik edib. Onun zamanında  vətəndaşların YAP-ın üzvlüyünə qəbul olunması prosesində bilavasitə iştirak edirdi. Özünün qəbul etdiyi insanlara belə yanaşması ziyalıya yaraşmayan hərəkətlərdir. Heç bir ziyalı bunu deməz. Bunu ziyalı deyibsə, deməli, o, ziyalı deyil. Bu, etik də deyil. Əxlaqa da yaraşmır”.

Məlahət İbrahimqızının sözlərinə görə, onlar bu partiyanın sıralarında formalaşıblar:

“Əli Nağıyev kimi insanlar düşünməlidirlər ki, onlar ulu öndərimiz Heydər Əliyevin kölgəsində formalaşıblar. Əli Nağıyev də daxil, Heydər Əliyevin işığına  toplaşırdılar. Belə olmasaydı, özləri partiya yaradıb rəhbərlik edərdilər. Bilirdilər ki, arxalarınca kimsə getməyəcək. Onlar bu partiyanın sıralarında formalaşıblar. Cənab prezident İlham Əliyevin rəhbərliyində dövlət vəzifələri tutublar. Bunu heç vaxt unutmamalıdırlar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir