Modern.az

Osman Sarıvəlli ocağının son oğul yadigarını itirdik  

Osman Sarıvəlli ocağının son oğul yadigarını itirdik   

28 Mart 2019, 20:45

Babək Qurbanov bu müvəqqəti dünyaya “əlvida” deyib gözlərini yumdu, əbədiyyətə qovuşdu. 

Böyük filosof, böyük alim, böyük vətəndaş, böyük nəzəriyyəçi, böyük şəxsiyyət.
Bilirəm, bu gün bu “böyük” sifəti və ya təyini son dövrlərdə hətta, qeyri-ciddi “sənət” aləmində yeni iməkləyən hansısa təsadüfü adamlara da şamil olunur. Amma...

Amma nə yazıqlar ki, çox ciddi alimlər bu gün bizim cəmiyyətimizə layiqincə təqdim olunmur.
Professor Babək Qurbanov ciddi alim və nəzəriyyəçi idi. O, Azərbaycanın Xalq sairi Osman Sarıvəlli ocağının son oğul yadigarı idi.

Mən Babək müəllimlə həmkar idim, uzun illər onunla EA-nın Fəlsəfə İnstitutunda birgə işləmişdik.
Babək Osmanoğlu ömrünün son illərində Türkiyə Cümhuriyyətinin müxtəlif universitatlərində çalışmışdı. Ümumiyyətlə, müxtəlif auditoriyalarda müxtəlif dillərdə- Azərbaycan, türk, rus, ingilis dillərində mühazirələr söyləyən Babək Osmanoğlu unikal bir insan idi.

Mən onu tanıyan vaxtdan özümə dost, sirdaş, qardaş bilmişəm. O, hər yerdə Azərbaycanımızın layiqli təbliğatçısı idi. 

Babək Qurbanov mənim barəmdə də bir çox məqaləlır yazıb və həmin məqalələri Türkiyə, Rusiya və Azərbaycan mətbuatında dərc etdirib. Sonralar həmin yazılar ayrıca kitab şəklində nəşr olunub. “Firuz Mustafanın yaradıcılığı (Dörd bucaq)” adlı həmin kitab mənimçün bu gün də çox əzizdir.

Mən vaxtlə onun barəsinsə bir rübai yazmışdım:

Bizim çoxumuza örnəkdi Babək,
Uşaqtək həssasdı, kövrəkdi Babək.
.Daim dostlarının ürəyindədir,
Elə özü boyda ürəkdi Babək.

Bəbək xocam, mən adətən ona bu cür müraciət edirdim, özü ilə bizim, öz dostlarının və doğmalarının ürəyinin bir parçasını da özü ilə getdiyi o əbədi dünyaya apardı.

...On gün əvvəl zəng vurmuşdu. Sonra bir ümumi tanışımızla mənə öz yeni kitabını və ruscadan türkcəyə çevirdiyi məşhur bir əsəri göndərdi. Bir xeyli söhbət etdik. Arada Babək müəllim məndən soruşurdu: “Dərdiş, ağlın nə kəsir, mənim xəstəliyim sağala bilərmi?”

Mən ona ürək-dürək verərək dedim:

- Xocam, sənin xəstəliyin, ötəridir, müvəqqətidir. Allah qoysa, tezliklə sağalacaqsan.

Telefon dəstəyində onun, ağır xəstəliyin cəngində çırpınan Babəkin, uşaq kimi təvazökar, səmimi və sadəqəlbli sirdaşımın dirçələn səsini eşidirəm:

- Xocam, bəs bu nə zaman və harada olacaq?

Mən ona təskinlik verirəm:

- Xocam, Allah qoysa lap tezliklə, elə bu yaz sağalacaqsan. Sənin dərdinin dərmanı Şınıxda və Şıxlıdadır.

O, az sonra mənə yenə zəng edib dedi:

- Sən mənə yeni ümid verdin. Mən günəşli yazı gözləyirəm.

Babək Qurbanov bu gün, bu günəşli yaz günü böyük sənətkarımız, Xalq şairi Osman Sarıvəllinin əbədi uyuduğu Qazaxdakı İkinci Şıxlı qəbristanlığında torpağa tapşırıldı...


Firuz Musatafa

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir