Modern.az

Dövlət rəmzləri: səkkizguşəli ulduz və onun anlamı...

Dövlət rəmzləri: səkkizguşəli ulduz və onun anlamı...

20 Dekabr 2011, 12:07

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki,  “Dövlət rəmizləri və gənclik” mövzusunda tələbələrin yazılarına çox diqqətlə baxacaq: “Mən tələbələri bu məsələdə fəal olmağa çağırıram”.   
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***

“Dövlət atributları” dövlətin varlığının əsas göstəricilərindən biridir. Mövzu “dövlət rəmzləri və gənclər” haqqında olduğuna görə, bir gənc kimi bu barədə daha həvəslə yazıram.

Azərbaycan Respublikası bir parlamentli-konstitusiyon dövlət olduğuna görə, dövlət rəmzləri əsas qanun olan- Konstitusiyanın 23-cü maddəsində təsbit olunmuşdur. Həmin maddədə Azərbaycan Respublikasının dövlət rəmzləri “Azərbaycan Respublikasının bayrağı, gerbi, himni” kimi göstərilmişdir. Və ayrı-ayrılıqda hər bir rəmzin xüsusiyyəti haqqında məlumat verilmişdir.

Önəmlisi isə odur ki, Azərbaycan Respublikasının bayrağının, gerbinin və himnin yaranma tarixi Şərqin ilk müsəlman respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) adı ilə bağlıdır.

Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da AXC-nin dövlət bayrağı kimi  qəbul edilmişdir. Lakin 1920-ci il aprelin 28-də Cümhuriyyətin süqutuyla əlaqədar, yeni yaranan Sovet höküməti bu bayraqdan imtina etmişdir. İkinci dəfə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmiş, sonra isə 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti ay-ulduzlu bayrağımızın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. Bayrağımız bir-birinə bərabər üç enli zolaqdan ibarətdir: mavi,qırmızı və yaşıl.   Bayrağın eninin uzunluğuna nisbəti isə 1:2-dir. Qırmızı rəngin hər iki üzündə ağ rəngli aypara və səkkizgüşəli ulduz təsviri var. Rənglərin mənası: Mavi rəng - Türk mənşəli olmağımız, türkçülük ideyalarının olması, həmçinin qədim türklərin üstünlük verdiyi əsas rəng, (bu rəng Elxanilərin əzəmətini də əks etdirir), Qırmızı rəng – Demokratiyanı inkişaf etdirmək, müasirləşmək və müasir bir cəmiyyət qurmaq (bu rəng burjua inqilabları dövründə Avropa simvolu rolunu oynayırdı), Yaşıl rəng – İslam sivilizasiyasına və islam dininə mənsubluq. Qırmızı rəngin ortasında təsvir edilmiş aypara və səkkizguşəli ulduzun mənası haqda tədqiqatçıların və alimlərin fikirləri müxtəlifdir. Fikirlərin birində ayparanın Bizansın gerbi olduğu bildirilir. Osmanlılar Konstontinopolu tutduqdan sonra, həmin gerb islam dinin simvolu kimi seçilib və bu dindən olan xalqlar arasında yayılıb. Başqa bir fikirdə isə ayparanın türk xalqlarının simvolu olduğu göstərilir. Səkkizgüşəli ulduzun mənası haqqında da müxtəlif fikirlər vardır. Bəzi fikirlərdə Rəsulzadə dövləti qurarkən 8 pirinsipə əsaslandığı, başqa bir fikirdə isə səkkiz güşənin “Azərbaycan” sözünün əski əlifbadakı yazılışı ilə bağlı olduğu göstərilir. Yəni, Azərbaycan sözü əski əlifbada səkkiz hərfdən ibarətdir. Digər maraqli fikir isə bayraqdakı səkkizgüşəli ulduzun mənasının səkkiz türk tayfasının adı ilə bağlı olmasıdır.

2009-cu ildən isə hər ilin noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü qeyri-iş gunu bayram kimi qeyd edilir.
Azərbaycan Respublikasının Dövlət Gerbinin də təməli Azərbaycan Xalq Cümhuriyyətinin vaxtında qoyulmuşdur. Musabiqə elan olunmuş, lakin Sovet hakimiyətinin qurulması ilə elaqədar olaraq 1920-ci il aprelin 28-də Cümhuriyyət süqut etmiş və nəticədə müsabiqə yarımçıq qalmışdır. Ancaq Müstəqillik əldə etdikdən sonra Dövlət Gerbi üçün yenidən müsabiqə keçirilmiş. 1993-cü il yanvarın 19-da  Azərbaycan Xalq Cümhuriyyəti vaxtında  təklif olunan “Dövlət Gerbi” layihələrdən birini müəyyən dəyişiklərlə Azərbaycan Respublikasının Dövlət Gerbi kimi qəbul edilmişdir. Gerbin qurluşuna nəzər yetirəndə onun üçrəngli bayrağın fonunda olan bir qalxana bənzədiyini aydın sezmək olar. Palıd budaqları və sünbüllər sarmış qalxanın üstündə səkkizguşəli ulduz, ulduzun ortasında alov təsviri vardır. Dövlət gerbindəki simvolların mənası haqda da maraqlı fikirlər mövcuddur. Palıd budaqları- Dövlətin palıd kimi uzunömürlü olmağının əlaməti, sünbüllər- ölkənin bol-bərəkətli olmasının əlaməti, qalxan- mərdlik, səkkizgüşəli ulduz- Dövlət bayrağında olduğu kimi, alov- bu bir tərəfdən Odlar yurdu olmağımızın simvolu, digər tərəfdən isə ərəbcə “Allah” yazılmasıdır.

 Azərbaycan Respublikasının Dövlət Himni də digər atributlar kimi Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Dövlət himninin seçimi üçün müsabiqə elan olunmuş, lakin Azərbaycan Xalq Cümhuriyyətinin Sovet hökuməti tərəfindən süquta uğradılması Dövlət Himni və Gerbinin seçilməsi üçün başlanan müsabiqəni dayandırmışdır. Əsarətdən qurtulduqdan sonra isə müstəqil dövlət kimi öz atributlarımızı yenidən yaratmağa başladıq. Parlamentin 1992-ci il may ayının 27-də “ Azərbaycan Respublikasının Dövlət himni” haqqında qəbul etdiyi qanun və Milli Məclisin 1993-cu il 2 mart tarixli qərarı ilə himnimiz qəbul edildi. Himnin müəllifləri: musiqisi dahi bəstəkarımız olan Üzeyir Hacıbəyov, sözləri isə bütün türk ölkələrində dillər əzbəri olan “Yol ver türkün bayrağına” şeirin müəllifi Əhməd Cavad güman edilir. Lakin AMEA-nın Ədəbiyyat İnstitunun alimlərinin son araşdırmalarına görə, güman olunur ki, himnin sözlərinin müəllifi Əhməd Cavad yox, o dövrdə “Milli nəğmələr” məcmuasında “Cəmo bəy ” imzası ilə himnin mətnini nəşr etdirən dövrün publisist və şairi Cəmo bəy Hacinskidir.

Yuxarıda dövlət rəmzləri haqqında bildiyim və axtarış nəticəsində əldə etdiyim məlumatları bacardığım qədər qeyd etməyə çalışdım. Mövzunun ikinci hissəsi olan gənclər haqda da bəzi düşüncələrim var. Ancaq gənclərin bu mövzu etrafında nə dərəcədə biliyə malik olduğunu deyə bilmərəm, ümumilikdə onu deyə bilərəm ki, gənclərin əksəriyyətinin dövlət rəmzləri haqda müəyyən qədər də olsa məlumatı var. Hələ  məktəbdə oxuyan vaxtı hər gün dərsə başlamamışdan əvvəl məktəbin həyətində himn oxuyar, sonra məktəbə daxil olardıq. Bu da himnimizin öyrənilməsi üçün ilkin təməl rolunu oynadı. Ardınca bayraq və gerb haqda da bəzi biliklərə yiyələndik. Bəlkə indi elə gənclər və yaxud elə insanlar var ki, nə bayraq, nə gerb, nə də himnimiz haqda yetərli məlumata malik deyil. Buna səbəb kimi, birbaşa heçnəyi göstərə bilmərəm. Ancaq onu yada salmaq istəyirəm ki, indi başımızın üstündə dalğalanan 3 rəngli bayraqdan ötrü canlarından keçənlər olmuş, təkcə vətənini, millətini, bayrağınını düşünərək, özünü qurban vermiş, hətta öz azadlığını belə qurban verərək bayrağın  yağı tapdağı altında qalmasına razı olmamışdır. Əvvəl özünü, sonra bayrağını, gerbini, himnini, millətini düşünən və yaxud heç bunları da düşünməyən insanlar bilməlidirlər ki, Ramil Səfərov kimi oğul bayrağının düşmən tərəfindən tapdalanmasına dözməyərək vətənindən ayri yerdə öz azadlığını qurban verdi. Bu bayrağa, millətə görə neçə-neçə igid oğullar canlarından keçdilər... Yazıma Azərbyacan Xalq Cümhuriyyətinin qurucusu olan Məhəmməd Əmin Rəsulzadənin məşhur cümləsi ilə yekun vurmaq istəyirəm: “Bir daha qalxan bayraq, bir daha enməz”...

                                               
Nail Mehdi
Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir