Modern.az

“Sevincin atası Osman müəllimi və əmisi İmran Mirzəyevi yaxşı tanıyırdım…” - DEPUTAT

“Sevincin atası Osman müəllimi və əmisi İmran Mirzəyevi yaxşı tanıyırdım…” - DEPUTAT

Parlament

31 Mart 2019, 15:36

Sevinc Osmanqızına bir-iki məsləhət

 

Mən bəzi siyasət alverçilərinin, yalançı vətənpərvərlərin, vətəninə, xalqına qara yaxanların saxta icmallarına, müsahibələrinə, reportajlarına bir o qədər də əhəmiyyət vermirəm.

 

Çünki onların hamısı bir-birini tamamlayır və hiss olunur ki, eyni mənbədən qidalanırlar. Reallıqdan uzaq olan, əsaslı faktlara arxalanmayan bu müsahibələrin çoxunun təhqir, söyüş xarakterli olması isə bu adamların hansı məqsədə, əqidəyə, əxlaqa malik olduğunu açıq-aşkar göstərir. Azərbaycan xalqının əxlaqına, mənəviyyatına, milli dəyərlərinə zidd olan bu ifadələr mənə görə kimisə təhqir etmək, söymək yox, bütöv bir xalqa hörmətsizlikdir, sayğısızlıqdır.

 

Çünki nöqsanı olanı olanı atalarımız, babalarımız söyüşlə yox, təmkinlə, ağılla, əyani nünunə ilə başa salıblar, düz yola qaytarıblar. Digər tərəfdən, tənqidin konkret ünvanı obyekti olmalıdır. Böyük bir xalqı müti, qoyun, yaltaq, fərasətsiz kimi qələmə vermək, dövlət rəhbərlərinin, məmurların, millət vəkillərinin, ziyalıların ünvanına ən təhqiramiz ifadələr işlətmək, onların ailə üzvlərini, qohum-əqrabalarını rüsvay etmək insanlığa, azərbaycanlı adına yaraşan hal deyil.

 

Dünyada nöqsansız dövlət və səhvə yol verməyən insan yoxdur. Kiminsə səhvini, çatışmamazlığı bütün cəmiyyətə şamil etmək, xalqın, dövlətin adına yazmaq isə yolverilməzdir, ədalətsizlikdir. Əxlaqsız kəlmələrin, hələ dünyanın gəldi-gedərinin, xalqın-millətin kim, dövlətin, torpağın nə olduğunu bilməyənlərin, hələ ağlı, şüuru bir o qədər də formalaşmayanların dilindən eşitmək adamda o qədər narahatçılıq doğurmasa da, ancaq bunu az-çox nəsli-nəcabəti ilə tanınan, müəyyən savad sahibi, dünyagörüşü olan insanların dilindən eşitmək çox təəssüfedicidir.

 

 

Fikirlərim Sevinc Osmanqızına daha çox aiddir. Mən Sevincin atası Osman müəllimi və əmisi İmran Mirzəyevi yaxşı tanıyırdım. Savadlı, obyektiv, xeyirxah, vətənpərvər insanlar idilər. Rəhmətliklərin dilindən inciyən, əməllərindən əziyyət çəkən olmamışdı. Yaxşı, ziyalı insanlardı. Ancaq Sevinc Osmanqızının icmallarında, müsahibələrində, söhbətlərində tamamilə başqa bir əxlaq, xalqa, dövlətə başqa yanaşma görürəm. Son günlərdə onun dövlət məmurları, ziyalılar, millət vəkilləri haqqında söylədiyi ifadələr isə məni tamamilə ağrıdır. Çünki Sevinc millət vəkillərinin hamısını oğru, yaramaz, yaltaq, ikiüzlü adlandırmaqla bir xalqın seçiminə hörmətsizlik göstərir. Ilk növbədə özünü təhqir  edir, əxlaqını ortaya qoyur, əslinin, kökünün ruhunu incidir. Onun jarqon ifadələri azərbaycanlı adına, ana adına, qadın adına, jurnalist peşəsinə ziddir. Sevinc bir qadın, ana kimi özünə hörmət qoymur. Axı, parlamentdə tanınmış alimlərimiz, akademiklərimiz, ziyalı qadınlarımız, ağsaqqalarımız  təmsil olur. Onları təhqir etmək nə dərəcədə doğrudur?

 

 

Milli Məclisin sədri haqqında həqiqətlərə uyğun olmayanları dilə gətirmək və yaraşmayan ifadələr işlətmək qadına, insana yaraşarmı? Oqtay Əsədovun atası Sabir müəllim tarixi düşmənlərimiz olan ermənilərə qarşı mübarizə apardığı, erməni faşistlərinin iç üzünü dünyaya bəyan etdiyi, buna görə təqiblərə, çətinliklərə məruz qaldığı, ancaq öz yolundan bir an belə çəkinmədiyi, dönmədiyi dövrlərdə, illərdə Sevinc harada idi? Bəlkə hələ də doğulmamışdı. Milli Məclisdə təmsil olunanların bəziləri Sevincin atası yaşındadır. Onları təhqir etməklə, o, öz böyüklərinə hörmətini ifadə edirmi, yaxud, hörmət qazanırmı?

 

Milli Məclis üzvlərinin əmək haqqının miqyasını, miqdarını dəqiq bilmədiyi halda, yalançı rəqəmlər ətrafında manipulyasiya etmək, əmək haqqını yalandan şişirdib 6-7 min manat miqdarında göstərmək və bununla da deputatların haram yolla dolanmaqları barədə təsəvvürlər yaratmağa cəhd, əslində millət vəkillərinin deyil, Sevincin özünü gözdən salır və onun yalançı obrazını yaradır, insanların ona olan inamını sarsıldır. Biz hardan və nə qədər əmək haqqı aldığımızı bilirik. Bunu xalq da bilir. Ancaq Sevincin hardan və kim tərəfindən maliyyələşdirildiyi, nə qədər məvacib aldığı heç kimə dəqiq məlum deyil. O, ABŞ-da elə-belə oturmayıb. Qəpik-quruşla dolanmır və ac-yalavac həyat keçirmir.

 

Mən Sevinc Osmanqızını təhqir etmək, onun şəxsiyyətinə toxunmaq fikrində deyiləm. Çünki o, qadındır, azərbaycanlıdır, anadır.

 

Ancaq bir-iki məsləhətimi çatdırmaq istərdim. Bir vətəndaş kimi bunu özümə borc bilirəm. Qoy Sevinc azərbaycanlı adını, əxlaqını, milli-mənəvi dəyərlərini qorusun, uca tutsun. O, qadın, ana olduğunu unutmasın. Qadına xas olan ifadələr işlətsin, hərəkətlər etsin, jurnalist peşəsinə, insan hüquqlarına hörmət qoysun.

 

Yoxsa, təhqirlərinə ciddi cavablar alar və əzizlərinin ruhunu daim narahat edə bilər.

 

Tahir RZAYEV,

Millət vəkili

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi