Modern.az

O gənclər olan yerdə bayraq yerə düşməz

O gənclər olan yerdə bayraq yerə düşməz

21 Dekabr 2011, 13:40

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki,  “Dövlət rəmizləri və gənclik” mövzusunda tələbələrin yazılarına çox diqqətlə baxacaq: “Mən tələbələri bu məsələdə fəal olmağa çağırıram”.   
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***
Əslində yazımın informativ xarakterli olmasını istəmirdim. Ancaq hər halda əvvəlcə qısaca bir məlumatın olması da pis olmazdı. Lakin bir daha təkrar edim ki, bayraqdakı rənglərin mənası, himnin sözlərinin müəllifliyinin şübhəli olması, gerbdəki nişanələr kimi anlamların aydınlaşdırılmasına girişməyəcəm, çünki bu ensiklopedik məlumatları əksəriyyətimiz bilirik.

Dövlət simvolları hər hansı dövlətin Konstitusiya və ya xüsusi qanunla təsdiq edilmiş, tarixən formalaşmış və onun özünəməxsusluğunu, müstəqilliyini əks etdirən fərqləndirici nişanələrdir. Dünya təcrübəsində gerb, himn, bayraq üçlüsü üstünlük təşkil etsə də, onlardan başqa dövlət rəmzləri də mövcuddur:

Dövlətin devizi – bir sıra ölkələrdə dövlətçiliyin rəmzi olan qısa bir kəlamdır və dövlətin və cəmiyyətin ən ali dəyərlərini əks etdirir (məs, Böyük Britaniya -“Allah və şəxsiyyətin hüququ”, Fransa – “Azadlıq, Bərabərlik, Qardaşlıq” ).

Prezidentin bayrağı  (ştandart) – dövlət bayrağının kiçik nümunəsi olub, ətrafı qızılı qotazlarla haşiyələnir və üzərində Prezidentin adı, soyadı, vəzifədə olduğu illər qeyd olunur.

Ölkəmizdə bu rəmzlərin sayı üçdür, rəmzlər triadası ilk dəfə 1918-ci ildə qəbul olunmuş, Sovet İttifaqı dağıldıqdan və müstəqil dövlət qurulduqdan sonra ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmişdir.

Digər bir məsələ, xalqın bu rəmzləri qəbul etməsi və ümumiyyətlə, rəmzlərin qəbul edilməsi fonunda mübahisə və narazılıqların yaranmaması da son dərəcə  təqdirəlayiq haldır. Xatırlamaq yerinə düşərdi ki, keçmiş SSRİ dövlətlərindən Rusiya, Belarus və Ukraynada bu rəmzlərin qəbul edilməsi çox böyük mübahisələrə səbəb olmuş, xalq təklif edilən variantı qəbul etməmiş, təklif edilən variantlar yetərsiz olmuş və nəticədə bu proses bəzən hətta on ilə qədər uzanmışdır.

Ölkəmizdə gənclər – xüsusən bizim kimi –80-ci illərin sonları, 90-cı illərin əvvəllərində doğulmuş gənc nəsil, bütün şüurlu həyatını müstəqil dövlətimizdə yaşamış gənclər milli dövlət rəmzlərimizə xüsusi rəğbət bəsləyirlər.

İtirilmiş torpaqlarımız bir çox gəncimiz kimi mənim üçün də ağrılı məsələdir. Xüsusən Qərbi Azərbaycan və Cənubi Azərbaycanın durumu. Bizim burada müstəqil olmağımızdanmı, rəmzlərimizin açıq-aşkar nümayiş etdirilməsindənmidir bilmirəm, amma cənublu gənclər üçün bu rəmzlər xüsusən də, bayraq son dərəcə əzizdir. Son dövrlər bayraq deyəndə yadıma bir hadisə düşür.

Tədbirlərdən birində qəribə bir gənc var idi. Həmsöhbətlərinə hərarətlə bir şeylər izah edirdi. Sən demə, yenicə həbsdən çıxıbmış. Səbəbini soruşanda “polisə hücum etdim bacım” dedi. Maraqlı göründü, axı arıq, çəlimsiz, son dərəcə mülayim və nəzakətli gənci nə özündən bu qədər çıxara bilərdi ki. Danışmağa başladı:
iyulun  birində hər il olduğu kimi Babəkin ad günü münasibətilə azərbaycanlıların Bəzz qalasına yürüşü keçirilirmiş, o da qatılır və əlində bayrağımızla addımlamağa başlayır. Bir qədər irəlilədikdən sonra yürüşə müdaxilə edən bir polis onun əlindəki bayrağı yerə atıb tapdalamağa çalışır. Bunu nəql edəndə onun simasını görmək lazım idi, həm kövrəlmiş, həm qəzəbindən boğulurdu, hiss olunurdu ki, o anları təkrar yaşayır.
“O bilirsən neynədi? O mənim bayrağımı yerə atdı. Olmaz axı belə. O millətimin tarixini, heysiyyətini tapdalamaq istədi. Araz qoymadı. Araz (özü haqqında üçüncü şəxs kimi danışırdı) qoymaz! Yüz dəfə də zindana atsalar, yenə edərəm” dedi. Hamı da inanırdı, onun bunu edəcəyinə, hamı təsəvvür edirdi, onun bayrağı necə müdafiə etdiyini. Danışıb qurtaran kimi əvvəlki simasını aldı. Hamı anlayırdı ki, belə gənclər olan yerdə bayraq yerə düşməz, heç kim onu düşürməyə cürət etməz.

Gənclərimizin milli rəmzlərə daha böyük sevgi ilə bağlanmasını istərdim. Məhz sevgi ilə. Çünki milli rəmzlərə münasibət əslində xalqın özünə olan hörmətini göstərir. Milli rəmzlərə ehtiram gənclərin sosial və şəxsi kimliyini tapmalarına yardımçı olan vətəndaşlıq hissləridir. Gənclər rəmzlərə keçmişin abidəsi, dövrün xəzinəsi kimi baxa bilməlidirlər. Milli rəmzlər millətin bir növ imzasına çevrilir. Və millət bu imzanın dəyərini itirməsini istəmir. Hazırda dünyadakı dövlətlərin demək olar ki, hamısının öz dövlət rəmzləri mövcuddur. Azərbaycan rəmzləri də onlar arasındakı layiqli yerini tutmuşdur.

Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı !

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı !

(R.Qusarçaylı
)

Turac Qəhrəmanova-Əliyeva
BDU, beynəlxalq jurnalistika II kurs magistrant

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı