Modern.az

Tanıdığımız və tanımadığımız həmkarlar ittifaqları...

Tanıdığımız və tanımadığımız həmkarlar ittifaqları...

Dünya

4 Dekabr 2011, 10:41


Azərbaycan müstəqilliyinin 20 ili tamam oldu. Bu müddət ərzində bir sıra sahələrdə olduğu kimi, həmkarlar ittifaqlarının fəaliyyətində də ciddi dəyişiklər baş verdi. Azərbaycan Respublikası Həmkarlar İttifaqlarının 5 fevral 1993-cü ildə keçirilmiş birinci qurultayında inzibati amirlik sistemi dövründə yaranmış həmkarlar ittifaqları şurası özünü buraxaraq səlahiyyətlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) verdi. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, yeniliyə, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı. İstehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən həmkarlar ittifaqları müstəqil, ictimai və qeyri-siyasi təşkilata çevrildi.

Bu gün 26 sahə həmkarlar ittifaqını, 18 minədək ilk təşkilatını öz ətrafında birləşdirən AHİK və onun üzv təşkilatları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və səlahiyyətlərin yerinə yetirilməsində ciddi addımlar atırlar.

AHİK-in əsas funksiyalarına dövlət orqanlarında üzv təşkilatların mənafelərinin təmsil edilməsi, əmək və sosial-iqtisadi məsələlər üzrə qanunvericilik aktlarının işlənib hazırlanmasında iştirak, qanunlara, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinə zidd olan qanunaltı aktlara yenidən baxılarkən təkliflərin irəli sürülməsi, vətəndaşların əmək hüquqlarının qiymətlərin və həyat səviyyələrinin yüksəlməsinə uyğun olaraq qorunması məqsədilə tədbirlərin həyata keçirilməsi daxildir. Bundan başqa, məşğulluq sahəsində qanunvericiliyə əməl olunmasına zərurətin təmin edilməsi, beynəlxalq həmkarlar ittifaqı hərəkatında iştirak etməsi, tabelikdə olan və əməkçilərin sanatoriya - kurort müalicəsi və istirahəti, ekskursiya - turizm, mədəni-maarif və idmanla məşğul olan təşkilatların fəaliyyətlərinin istiqamətləndirilməsi də konfederasiyanın funksiyalarına aiddir. Bütün bunların sayəsində respublikada həmkarlar ittifaqı hərəkatı xeyli dərəcədə möhkəmlənib və fəallaşıb. Bu fəallığın özünü daha qabarıq göstərdiyi sahələrdən biri də işçilərin hüquqlarının qorunmasıdır.

Müşahidələr göstərir ki, indi ən çox hüquqların pozulması əsasən əmək haqlarının aşağı olması, xarici şirkətlərdə Azərbaycan qanunlarının təmin edilməməsi, işçilərin işəgötürən tərəfindən təhqirlərə məruz qalması, xaricdən işçi qüvvəsinin gətirilməsi nəticəsində yerli işçilərin ixtisara salınması, yeməkxanalarda ictimai nəzarətin olmaması, iş yerlərində həmkarlar təşkilatının yaradılmasına maneçiliyin törədilməsi, işçilərin ərizə və şikayətlərinə baxılmaması,əmək müqaviləsinin bağlanmaması və s. ilə bağlıdır.

Hazırda işçilərin əmək hüquqlarının pozulması, həmkarlar təşkilatının yaradılmasına mane olmaq halları ən çox Azərbaycandakı xarici şirkətlərdə müşahidə olunur. Araşdırmalara görə, belə şirkətlərdən biri də «McDonalds» restoranlar şəbəkəsidir. Bu restoranlar şəbəkəsində 70-dən çox üzvü olan həmkarlar təşkilatı yaradılsa da, sonradan onun rəhbərliyi işçilərdən həmkarlar ittifaqını buraxmağı tələb edib. Halbuki, «Həmkarlar ittifaqları haqqında» qanunun 3-cü maddəsinə görə, işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. Restoranlar şəbəkəsinin rəhbərliyinin işçilərdən həmkarlar ittifaqından imtina etmələrini istəməsi qanunun pozulmasından xəbər verir. Qeyd edək ki, AHİK hazırda adıçəkilən restoranlar şəbəkəsinin rəhbərliyi ilə məhkəmə çəkişməsindədir.

Hələki ”Coca-Cola”, “Pepsi-Cola” kimi nəhəng transmilli kampaniyalarda da həmkarlar ittifaqı yaratmaq mümkün olmayıb. Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar - “Bakcell” və “Azercell” böyük işçi qüvvəsinə malik olmasına baxmayaraq, onlarla da uzun illər aparılan danışıqlar nəticə verməyib və həmin şirkətlərdə də həmkarlar ittifaqı yaradılmayıb.
Bəs işçilər niyə xarici şirkətlərdə, həmkarlar ittifaqlarına qoşulmur? Araşdırmalar göstərir bunun əsas səbəb onunla bağlıdır ki, həmin şirkətlərdə əməkhaqqı yerli təşkilatlarla müqayisədə yüksəkdir və işçilər üçün müəyyən şərait yaradılıb. Bununla yanaşı, həbin qurumlarda həmkarlar ittifaqı yaratmağa cəhd etmək istəyən işçilər işdən çıxaracaqları ilə hədələnirlər. Yüksək əməkhaqqı olan iş yerini itirmək qorxusu Azərbaycan vətəndaşlarını xarici kampaniyaların belə tələbi qarşısında susmağa məcbur edir. Nəticədə işçilərin kütləvi şəkildə əmək və sosial hüquqlarının pozulması davam edir.

Xarici şirkətlərdə işçilərin məzuniyyətdən istifadə etmək hüququ da pozulur və onlara Azərbaycan qanunverciliyində nəzərədə tutulan qədər məzuniyyət verilmir. Ən çox hüquq pozuntusu yerli və xarici şirkətlərdə Azərbaycanın milli bayramlarında işçilərin istirahətdən məhrum olunması ilə bağlıdır. Bir sıra hallarda isə əməkhaqqı düzgün hesablanmır. Mövcud qanunvericiliyə görə, işçilər iş vaxtından artıq işə cəlb edildikdə, bayram və istirahət günlərində işə çıxdıqda, onların əməkhaqqı ikiqat ödənilməlidir. Təəssüf ki, bu günkü reallıqda iş vaxtından artıq işləməyə cəlb edilən işçilərə nəinki ikiqat əmək haqqı verilir, heç onların halal zəhmət haqqı düzgün ödənilmir. Eynii vəziyyət gecə növbətçiliyi və ya uzadılmış iş rejiminə görə əmək haqqı hesablanarkən də özünü göstərir. Neqativ hallar yol tikintisi sahəsində də müşahidə olunmaqdadır.

İtaliyanın “Todini” şirkətinin Ələt-Astara yolunda apardığı tikintidə iş şəraitinin və əmək haqlarının fəhlələri qane etməməsi etiraz aksiyasına səbəb olub. Fəhlələr əmək haqlarının artırılmasını, əmək şəraitinin, yaşayış şəraitinin və yemək şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Çünki azərbaycanlı fəhlələrin yedikləri və qaldıqları yerin şəraiti əcnəbi işçilərin şəraitindən ciddi şəkildə fərqlənir. Bundan başqa, fəhlələr arasında ciddi ayrı-seçkilikyə yol verilir. Eyni işi görən italiyalı işçi 3-4 min avro, yerli işçi isə 300-400 manat maaş alır. Aksiya iştirakçıları haqsız yerə işdən çıxarılanların da işə qaytarılmasını tələb ediblər. Yəqin ki, əgər həmin şirkətdə həmkarlar təşkilatı fəaliyyət göstərsəydi, hadisələr bu mərhələyə çatmazdı və işçilərin hüquqları vaxtında qorunardı.

Sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulması yalnız bunlarla məhdudlaşmır. İşəgötürən bir sıra əlavə xərclərdən yaxasını qurtarmaq məqsədilə müxtəlif bəhanələrlə əmək müqaviləsinin bağlanmasından yayınırlar. Halbuki, əmək müqaviləsinin bağlanması işçi ilə işəgötürən arasında yarana biləcək hər hansı anlaşılmazlığın hüquqi yolla həlli üçün ən etibarlı sənəddir. Təəssüf ki, bir çox özəl sektorda, xüsusən tikinti, ticarət və iaşə xidməti sahələrində əmək müqaviləsinin bağlanmasına elə də diqqət yetirilmir. Əmək müqaviləsinin bağlanmaması isə işçilərin qanunvericilikdə təsbit olunmuş digər hüquqlardan istifadəni məhdudlaşdırır. Belə ki, əmək müqaviləsi olmadan işə cəlb edilən işçilər üçün heç bir halda layiqli əmək şəraiti yaradılmır. Əmək qanunvericiliyində işçilərin haqqı ödənilməklə məcburi istirahətə göndərilməsi işəgötürənin üzərinə bir vəzifə kimi qoyulsa da, bu qayda sahibkarlara sərfəli olmadığından onlar işçiləri tez-tez dəyişmək praktikasına üstünlük verirlər.
Hələ belə işçilər üçün tərtib edilən ikili mühasibat hesabatından danışmırıq. Məhz bu kimi qanunsuz halların nəticəsidir ki, əksər özəl sektorda çalışan işçilər üçün sosial sığorta haqları ödənilmir ki, bu da gələcəkdə onları pensiya hüququndan məhrum edir.

Əməyin mühafizəsi, əməyin təhlükəsizliyi kimi amillər də arxa plana keçirilir. Hamıya bəllidir ki, özəl sektorda işçilərin xəsarət və yaxud əmək zədəsi alması faktları gizlədilir, əmək müqaviləsi olmadığından kompensasiya verilmir, nəticədə işçi qanunvericilikdə nəzərdə tutulmuş heç bir imtiyazdan istifadə edə bilmir. Çünki işçilər əmək müqaviləsi bağlamadan işə cəlb edilir, bədbəxt hadisə baş verən zaman isə işçilərə qeyri-qanuni vəsait ödəməklə ağzını yumurlar.
Bağlanan əmək müqavilələri isə adətən altı aylıq, bir illik, bəzən isə bir aylıq olur. Nəticədə «özünü doğrultmayan» işçilər heç bir xəbərdarlıq edilmədən tutduğu vəzifədən azad edilirlər. Beləliklə, əmək müqaviləsi olmayan işçilərin pozulmuş əmək hüquqlarını məhkəmə qaydasında da bərpa etmək mümkünsüz olur. Bu, yerli və xarici şirkətlərin çoxsaylı problemlərdən yaxa qurtarmasına, məsuliyyətdən kənar qalmasına səbəb olur. Elə bu səbəbdən də onlar həmkarlar təşkilatlarının yaradılmasında maraqlı olmurlar.

Belə bir vəziyyətin yaranmasını Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədr müavini Aqil Dadaşov vaxtı ilə Azərbaycana ilk dəfə gələn xarici şirkətlərə geniş hüquqların verilməsi ilə əlaqələndirir: «Onların Azərbaycanla bağladığı müqavilələr Milli Məclisdə təsdiqlənirdi və Azərbaycan qanunları ilə eyni gücə malik olan sənəd sayılırdı. Həmin vaxt bu şərait ölkəyə xarici şirkətləri cəlb etmək üçün yaradılmışdı və bu şirkətlərdə əmək qanunvericiliyinə əməl olunmurdu». Onun sözlərinə görə, artıq həmin dövr keçmişdə qalıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən istər yerli, istərsə də xarici müəssisələrdə həmkarlar ittifaqı hökmən yaradılmalıdır. Belə olarsa, işçilərin işdən qovulmasının, hüquqlarının pozulmasının da qarşısı alınar.

Konfederasiya sədrinin müavini bildirib ki, Əmək Məcəlləsinə həmkarlar ittifaqları üçün vacib olan maddə salınıb. Bu maddəyə əsasən, işəgötürən həmkarlar ittifaqına üzv olan işçini işdən çıxarmaq üçün həmkarlar təşkilatından yazılı icazə almalıdır. Yəni, işəgötürən həmkarlara müraciət edir, öz növbəsində həmkarlar təşkilatı 10 gün ərzində öz rəyini bildirir: «Məsələn, bir qədər əvvəl Azərbaycan Dəmir Yolunda təşkilati dəyişiklik baş verəndə - təşkilat Səhmdar Cəmiyyətə çevriləndə orada işçilərin bir hissəsinin ixtisarı məsələsi ortaya çıxmışdı. Onda biz bu maddənin köməyi ilə onları işdə saxlaya bildik. Nəticədə, orada ixtisara düşənlər çox az oldu, onlar da əsasən pensiya yaşını keçənlər idi».

Bundan başqa, müdiriyyətin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə və ya qismən dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilərsə, belə tədbirlər qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir. Həmkarlar ittifaqları isə öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarət edirlər.

Göründüyü kimi, həmkarlar təşkilatları olan qurumlarda çalışanların əmək hüquqlarının pozulmasının qarşısı alınır. İşçi bilir ki, üzləşə biləcəyi hər hansı problem, yaxud pozulmuş hər hansı əmək və sosial hüquqlarının bərpası ilə bağlı danışıq apara biləcəyi qurum mövcuddur. Digər tərəfdən, həmkarlar təşkilatlarının fəaliyyət göstərdiyi təşkilatlarda işçilər üçün normal iş şəraiti yaradılır, işçilər əmək vasitələri ilə təmin olunur, əməyin mühafizəçi və əmək təhlükəsizliyi məsələlərinə ciddi diqqət yetirilir. Hətta ağır və zərərli iş şəraitində çalışan şəxslərə qanunvericilikdə nəzərdə tutulan bütün imtiyazlar tətbiq edilir. Aydındır ki, iri şirkətlərdə sıravi işçilərin rəhbər şəxslər, yaxud adi menecerin qəbuluna düşüb pozulmuş hüquqlarının bərpasını tələb etməsi elə də asan məsələ deyil. Ancaq belə problemlərin rəhbərlik qarşısında qaldırılması həmkarlar təşkilatlarının birbaşa vəzifəsidir. Deməli, bu vəziyyətdə həmkarlar təşkilatları işçilərlə işəgötürən arasında körpü rolunu oynamalıdır. Çünki işçinin öz tələblərini xarici menecerə çatdırmaq imkanı azdır - həmkarlar təşkilatı isə bunu edə bilərlər.

Bu və ya digər müəssisədə həmkarlar təşkilatının fəaliyət göstərməsi onlara daha çox nəzarətə imkan verir. Onların əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə, kollektiv müqavilənin şərtlərinə, əmək və sosial məsələlər üzrə sazişlərə müdiriyyətin necə əməl etdiyini yoxlamaq səlahiyyəti var. Rəhbərliyə həmkarlar ittifaqı nümayəndələrinin həmkarlar ittifaqı üzvlərinin iş yerlərinə getməsinə mane olmaq qadağan edilir.

Təkcə 2010-cu ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ümumilikdə daxil olan 158 627 ərizə-şikayətin 98,5 faizi işçilərin mənafelərinə uyğun olaraq öz müsbət həllini tapıb. 2011-ci ilin 6 ay ərzində isə həmkarlar ittifaqlarına 400 mindən artıq ərizə və şikayət daxil olub ki, bunların da 85 faizi müsbət həllini tapıb. Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib. S.Mehbalıyev deyib ki, bu dövr ərzində rəhbər işçilər tərəfindən 17854 nəfər qəbul edilib. Qanunsuz olaraq işdən kənarlaşdırılmış 102 nəfər işçinin hüquqları həmkarlar ittifaqının müdaxiləsindən sonra bərpa edilib. İl ərzində işəgötürənlərin həmkarlar ittifaqlarına müraciət etməsinə baxmayaraq, həmkarlar ittifaqları tərəfindən 452 nəfərin işdən çıxarılmasına razılıq verilməyib:
“Həmkarlar ittifaqlarının bu cür prinsipiallıq və obyektivlik göstərməsi, qərəzsiz olması onlara inamı artırır. Bəzi işəgötürənlərin müqavimətinə baxmayaraq, həmkarlar ittifaqlarının bacarığı və fəallığı sayəsində ötən il işəgötürənlərlə 11890 kollektiv müqavilə və 130 saziş bağlanıb”. Konfederasiya sədri işçilərlə müəssisə arasında «Baş Kollektiv Saziş» adlı sənədin imzalanmasının əhəmiyyətini də vurğulayıb: «Bu sazişlərin bağlanması işçinin sosial vəziyyətinin yaxşılaşmasına və normal məvacib almasına xidmət edir».

Əfqan Qafarlı

Yazı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının elan etdiyi müsabiqəyə təqdim edilir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!