Modern.az

Gürcüstan azərbaycanlıları üçün tarixi ŞANS

Gürcüstan azərbaycanlıları üçün tarixi ŞANS

Diaspor

5 Aprel 2019, 10:55

Xəbər verdiyimiz kimi, Gürcüstanın Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzi (GAİM) açılıb.

Açılış mərasimində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilivə digər rəsmi şəxslər iştirak ediblər.

Sirr deyil ki, Gürcüstan azərbaycanlıları uzun illərdir gürcü cəmiyyətinə inteqrasiya oluna bilmir. Bu da müəyyən problemlərin yaranmasına səbəb olur.

Maraqlıdır, azərbaycanlıların kompakt yaşadığı bölgədə İnteqrasiya Mərkəzinin açılması Gürcüstan azərbaycanlılarına nə verəcək?

Modern.az saytı mövzuya münasibət öyrənməyə çalışıb.

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov  belə bir mərkəzin açılmasını müsbət qiymətləndirib:

“Gürcüstanda azərbaycanlılarla bağlı belə bir mərkəzin açılmasına çoxdan ehtiyac vardı. Ancaq illər ərzində bu. həyata keçirilmirdi.  Marneuli rayonu azərbaycanlıların sıx yaşadığı yerdir. Azərbaycanlı əhalinin sıxlığı 85%-dən yuxarıdır. Dünən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adıçəkilən bölgəyə səfər etməsi və belə bir mərkəz açması müsbət haldır. Təbii ki, bunun faydası çox yaxşı olacaq. İllərdir soydaşlarımız məskunlaşdıqları dövlətin cəmiyyətinə inteqrasiya oluna bilmirdilər. Düşünürəm ki, bundan sonra bu məsələ də öz həllini tapacaq”.

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü  Rasim Musabəyov bildirib ki, inteqrasiya mərkəzinin açılması mühüm hadisədir:

“Hər bir halda Gürcüstanda inteqrasiya mərkəzinin yaradılması müsbət addımdır. Ancaq mərkəzin yaradılması ilə bütün məsələlərin öz həllini tapmasını düşünmək  sadəlövhlük olardı. Sadəcə, mərkəzin yaradılması ilə konkret iş görülür. Gürcüstan universitetlərində 2000-ə yaxın azərbaycanlı tələbə hazırlıqdan keçərək, oxumaq imkanı qazanıb.  Mənə elə gəlir ki, bu da çox önəmli layihədir. Azərbaycanlılar Gürcüstan universitetlərində gürcü dilində təhsil alaraq gürcü cəmiyyətinə inteqrasiya olunmaq, mövqe tutmaq şansı qazanır. Hər halda, inteqrasiya mərkəzinin yaradılması müsbət haldır. İnsanlar bu mərkəzə getməlidir. Əsas odur ki, ordakı azərbaycanlılar gürcü dilini bilməli, ölkənin maraqları çərçivəsində öz yerlərini tutmalıdır. Eyni zamanda, Azərbaycan dilini, mədəniyyətini unutmamaq şərtilə gürcü cəmiyyətinə inteqrasiya oluna bilsinlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır