Modern.az

ABŞ azərbaycanlılarının qərib məzarlığı - FOTOLAR

ABŞ azərbaycanlılarının qərib məzarlığı - FOTOLAR

Ölkə

7 Aprel 2019, 09:44

Qubad İbadoğlu

Gəzməyə qərib ölkə ölməyə vətən yaxşı olsa da, onlara bu da qismət olmayıb.

Amerika Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tomris Azəriyə minnətdar olmaqla əsasən İkinci Dünya savaşından sonra ABŞ-a köç etmiş cümhuriyyətçi baba və nənələrimizin məzarlığını ziyarət etdim. 

ABŞ-ın Nyu Cersi ştatının Paramus şəhərinin Corc Vaşinqton Memorial Parkındakı qəbirstanlıqda yerləşən müsəlman məzarlığı 1972-ci ildə burda yaşayan azərbaycanlılar tərəfindən yaradılıb. O zaman ABŞ Azərbaycanlıları bu məqsədlə mövcud qəbiristanlıqdan təqribən 50 məzarlıq torpaq alıblar. Bu torpaqda uyuyanlar arasında Azərbaycanın əksər bölgələrini (Bakı, Naxçıvan, Gəncə, Qarabağ, Sabirabad və sairə) təmsil edənləri görmək olur. Burda həmçinin türklər və qaraçaylar da dəfn olunub.

Diqqətdən kənarda qalan qəriblər məzarlığındakı bəzi qəbirlər itmək üzrədir. Qəbirstanlıqda həqiqətən də görüləsi işlər çoxdur, burda ən azından məzarlığın Azərbaycanılara aid olmasını təsbit edən lövhə yerləşdirilərsə, eləcə də Azərbaycanın bayrağı dalğalanarsa, bundan qəbirstanlıqda uyuyan cümhuriyyətçilər və onların ailələrinin də ruhu şad olardı. Tomris xanımla bərabər, buranı tezliklə təkrar ziyarət edib, bəzi abadlıq işləri aparmağı qərarlaşdırdıq. 

Bura həm də Azərbaycan tarixinin müqəddəs bir parçası olduğundan tarixçi alimlərin gəlib araşdırma aparmasına da ehtiyac vardır. 

Allahdan Corc Vaşinqton Memorial Park qəbiristanlığında uyuyan bütün müsəlmanlara rəhmət diləyir, qəbrləri nurla dolsun deyirəm.


P.S. Vikipediya-nın məlumatına görə, Azərbaycan Demokratik Respublikasının tənəzzülündən sonra 20-yə yaxın azərbaycanlı ABŞ-a gedib. Onlar əsasən bolşevik təzyiqindən qaçanlar olublar. Daha sonra İkinci Dünya Müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi ABŞ-a mühacirət ediblər. Onların təxmini sayı 250-300 nəfər olub. 
Onların bir qismi mənim ziyarət etdiyim Corc Vaşinqton Memorial Park qəbirstanlığında dəfn olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi