Modern.az

Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - IX YAZI

Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - IX YAZI

Ədəbi̇yyat

8 Aprel 2019, 11:52

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor 

 

Türk başqalarından fərqli olaraq özündə gördüklərinin qüsurlu olub-olmamasının fərqinə varmamış, hər şeyi olduğu kimi söyləmişdir. Burada hər şeydən əvvəl, özünə inam psixologiyası və üstün, yaxşı cəhətlərin yanında qüsurlu görünənlərin çox az olması prinsipi əsasında “Eyibsiz bir Allahdır” atalar sözü imkan verir deyək ki, türkün aqilliyi bu işdə az rol oynamamışdır. Bu mənada atalar sözünə diqqət yetirək:

Ərəb toyunca yeyir, türk ölüncə yeyir.

Kölənin  sufisindən  //  sofisindən  (?), 

türkün avamından qorqmaq gərək.

Türkə yüz vermə kim, cahanı yıqar.

(Oğuznamə, Bakı, Yazıçı, 1987, s. 85, 137, 158).

Türk başqalarının onun barəsində söylədiklərinə də nəzakətlə yanaşmış, səxavət göstərərək yabançıların dediklərini onların öz adları ilə çağırmışdır. Bununla da bilməyənləri bilməyə, bilənləri isə bildiklərini yaymağa dəvət etmişdir. Məsələn, farsların türk bəyləri arasında adı ən məşhur olan Tonqa Alp Ər barəsində yazdıqları türklər tərəfindən məmnunluqla qəbul olunmuşdur. Türkün bilikli, idraklı, kamil adamı Yusif Balasaqunlu bu barədə yazmışdır:

 

İndi baxsan görərsən ki, türk bəyləri

Dünya bəylərinin ən yaxşılarıdır.

Bu türk bəyləri arasında adı məşhur

Tonqa Alp Ərdir ki, taleyi bəllidir.

O, yüksək biliyə və çoxlu ərdəmə sahib idi,

Bilikli, idraklı xalqın seçilmişi idi.

 

İranlılar ona Əfrasiyab deyirlər,

Bu Əfrasiyab neçə-neçə ellər tutmuşdur.

Dünyanı ələ keçirmək üçün

Çoxlu hünər sahibi olmaq, idrak və bilik lazımdır.

Farslar bunu kitabda yazmışlar,

Kitabda olmasaydı, onu kim tanıyardı?

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 35-36).

Türklərin tarix boyu müxtəlif ərazilərdə yaşaması, onların aborigen sakinlər olmasına baxmayaraq, qonşularla mədəni əlaqələrə səxavətli mövqedən yanaşması eyni məzmunun (məs.: atalar sözlərinin) ekvivalentinin yaranmasına geniş imkan yaratmışdır. Türk münasibətlər sistemində ərəb, fars dillərinə də hörmət və rəğbətlə yanaşmışdır. Məhz bu cür yanaşmanın səbəbi türkün münasibətlər sistemində kifayət qədər mədəni və dünyəvi olması ilə bağlı olmuşdur. Bu mənada “Oğuznamə”də işlənmiş və oğuzlar arasında zərbi-məsələ çevrilmiş nümunələrin varlığını çox təbii qəbul etmək olar. Belə dil nümunələri fars və türk dillərində məzmununa görə ortaqlıdır və ekvivalentlik təşkil edir. Məs.: “Əl-əlhəlal” (“Əl ilə verilən-alınan halaldır”), “Eşək-zəfəran çe başəd?” (“Eşşəklə zəfəran nə olur?”), “Balatər əz siyahi rəngi-digər nəbaşəd” (“Qaradan qatı başqa rəng olmur”), “Məqsud hosne-tost, digərha bəhane əst” (“Məqsəd sənin gözəlliyindir, qalan şeylər bəhanədir”). (Oğuznamə, Bakı, Yazıçı, 1987, s.13).

Türklərin müxtəlif ərazilərdə yaşaması onların başqa xalqlarla qonşuluq münasibətində olmasına gətirib çıxarmış və bu da əlaqələr sisteminin güclənməsinə səbəb olmuşdur. Hətta əlaqələr zamanı heç bir qısqanclıq göstərmədən elm, poeziya dili kimi ərəb və fars dillərinin imkanlarından da istifadə etmişlər. Klassiklərimizin bir qismi türk düşüncə tərzini saxlamaqla elmi və bədii əsərlərini ərəb və fars dillərində yaratmışlar. Əlbəttə, bütün bunların hamısı türkün zamanın, dövrün nəbzini tutmaq qabiliyyətindən, eyni zamanda genetik yaddaşını saxlamaq şərtilə müasirləşmək — dünyəviləşmək keyfiyyətindən xəbər verir.

Türkün hikmət xəzinəsində qadın, övrət barəsində deyilənlər dərin müşahidə və təcrübə sınağından çıxmış müdrik kəlamlar kimi bir daha türkün arifliyindən, aqilliyindən, müdrikliyindən xəbər verir. Türk xəyala, röyaya və romantikaya yox, gördüyünə, bildiyinə istinad edir. Və bir daha qeyd edək ki, onun qadın və övrət barəsində dedikləri röyadan, xəyaldan, romantikadan çox-çox uzaqda olan, əsil həyat təcrübəsinin sınağından çıxmış kəlmələridir. Bunu qadın, övrət barəsində “Oğuznamə”də olan atalar sözləri bir daha təsdiq edir.

Övrət ölmək ev yıqılmaqdır.

Övrətdən ərün əqli artıqdır.

Övrətin əri ilk əridir, ğeyrisi yamadur.

Övrət kişiyi atadan-anadan ayırar,

eşindən-dostundan kəsər.

Övrətlər qırqınadək bir əlilə ətmək və bir əlilə... tutar;

Qırqından sonra ətməgi qour, ... yapışur.

Övrətə inanma, suya tayanma.

Övrətdən vəfa gəlməz.

Övrətin ətməgi dizindədir.

Övrət yapdığı ev yıqılmaz;

övrət yıqdığı ev yapılmaz.

Övrətin saçı uzun, əqli qısadır,

Övrət, əri “qocam” deyin tez qocaldır.

Övrətə bir ətək aqçadan bir tatlu dil yegdir.

Gözəl övrətdən çirkinlər yegdir.

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 137, 138, 165).

Qadını həm qorumaq gərəkdir, həm də ondan qorunmaq lazımdır. Bu zəif, incə, nəcib varlığın qeyd olunan keyfiyyətləri onun qorunmasını tələb edir.

Qadının əsli ətdir, əti qorumalı,

Qorumasan ət qoxar, buna çarə yoxdur.

 

Qadına hörmət elə, nə istəsə ver,

Qapını kilidlə, yad kişini evə qoyma.

Bunlarda əzəldən vəfa yoxdur,

Gözləri baxan yerə könülləri axar.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 335).

Oğuz babalarımız qadının üç şeydən çökdüyünü söyləmişlər:

Xatun kişilər üç nəsnədən çökər: bir oğlan toğurmaqdan, bir geyəsi yumaqdan, biri un yoğurmaqdan.

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 97).

Qadının hiyləsi, şəri, böhtanı da zərərli və qorxulu olur. Odur ki, kişi olan (ər olan) hər bir kəsin qadından özünü qoruması barədə də deyilənlər az olmamışdır. Məs.:

Onlar zəhmətlə bar verən ağaca bənzər,

Meyvəsi zəhərdir, onu yemə.

Neçə min qüdrətli ərənlər əri

Qadınlardan ötrü məhv olmuşdur.

Neçə al yanaqlı, üzü gözəl ər,

Qadınların üzündən qara torpaq olmuşdur.

Qadınlar minlərlə adlı-sanlı qəhrəmanı

Diri-diri torpağa gömmüşlər.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 335).

Türkün hikmət xəzinəsi övlad məhəbbətindən — ata-oğul, ata-qız, ana-oğul, ana-qız münasibətlərinin təcrübəsindən çıxmış, möhür kimi dil nümunələrinə öz damğasını vurmuşdur. Övladın tərbiyəsi, məhz sağlam tərbiyəsi, uşaqların ədəbli olması türk babalarımızın həyat tərzinin ən mühüm hissələrindən biri olmuşdur. Türk babalarımızı hələ təlim və tərbiyədən əvvəl oğul-qıza bilik və ədəb öyrədən südanasının kimliyi maraqlandırmışdır. Ona görə də türk babalarımız evlənmək istəyində olan türk ərlərinə yaxşı qız axtarmağı məsləhət bilmişdir.  Yaxşı  qız  hansı  tələblərə  uyğun  gəlməlidir? sualının cavabı belə bəyan edilmişdir:

Əgər evlənmək istəsən,

Yaxşı qız axtar, gözünü iti tut.

Kökü, ailəsi, nəsəbi yaxşı olsun,

İffətli, namuslu, təmiz olsun.

Əl dəyilməmiş qız al,

Səndən başqa ər üzü görməmiş olsun.

Beləsi səni sevər, səndən başqasını tanımaz,

Yaramaz hərəkət də eləməz.

Özündən aşağı dərəcə ilə evlən,

Yuxarı dərəcədən evlənsən, əsir olarsan.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 332).

Türk babalarımız ərlərin dörd növ qadınla evlənmək istəyində olduqlarını ailə-məişət münasibətlərinin təcrübəsində daha çox müşahidə olunan məsələ kimi bəyan etmişlər. Bunlardan biri varlı qadın, biri gözəl qadın, biri əsil-nəcabətli qadın, biri namuslu qadındır. Bunların hansının düz olmasını türk balalarımız ailə-məişət münasibətlərində  dəfələrlə  təcrübədən  keçirmiş və belə bir nəticəyə gələrək söyləmişlər:

Bunların hansı düzdür - sənə deyim,

Evlənmək istəsən mənə qulaq ver.

Varlı qızla evlənməyi arzu edib

Ona əsir olma, ey bilikli və seçkin insan.

O, malına güvənərək dilini uzadar,

Çox şey istər, sən nə edərsən?

Ey gözəllik arayan gözəl insan,

Gözəllik arama, gülünc hala düşərsən.

Qadının gözəlliyini hamı istər,

Ancaq onu tanrının fəzli qoruyar.

Ey nəcabət, böyüklük arayan insan,

Bu nəcabət içində kiçik mövqeyə düşmə.

Nəcabətlilər yüksəkdən danışırlar,

Sən qadın əsiri olma.

Ey qadının namuslu olmasını istəyən bəyzadə,

Beləsini tapsan, bu dörd şeyi birlikdə taparsan.

Yaxşı və namuslu bir qadın tapsan,

Dərhal evlən, ey gözəl insan.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 333-334).

Şərq aləmində ismətli, namuslu, dindar, evdar, ərini sevən, həyalı, təmizkar, başıaşağı, üzüyola, əlidüz, malyığan qadın gözəl qadın sayılmışdır. Qadının gözəlliyi bu qeyd olunan keyfiyyətlərlə bağlanmışdır. Şərqlilər belə deyirlər: “Gözəl arvad həyatın bəzəyi olanıdır”. Şərqin müdrikləri həm də onu deyiblər ki, arvad mehriban, ürəyəyatan, gözəl olsa da, o saat özünü arvadın bəxtiyarına verib onun əmrlərinə tabe olmaq düzgün deyildir.

Bu barədə Nizamülmülkün “Siyasətnamə”sində yazılır: “Arvadlar nə desə, əksini etmək lazımdır ki, düz olsun. Əgər arvadların ağlı kamil olsaydı, peyğəmbər ə.s.-in dilindən deməzdilər: “Onlarla məsləhətləşin, lakin əksini edin”.

Arvadın əmrinə tabe olan, ondan zərər çəkib əziyyət və məşəqqətə düşən birinci kişi Adəm ə.s. olmuşdur. O, Həvvanın felinə uyaraq buğda yemiş və behiştdən qovulmuşdur. Adəm iki yüz il ağladıqdan sonra Allahın ona rəhmi gəlib onu bağışlamışdır”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 146, 148).

 

DAVAMI VAR …

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!