Modern.az

Azərbaycandan “Euronews”a daha bir etiraz məktubu göndərilib

 Azərbaycandan “Euronews”a daha bir etiraz məktubu göndərilib

17 Dekabr 2009, 11:47

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı bu yaxınlarda qeyri-obyektiv süjet yayan “Euronews” televiziya kanalına etiraz məktubu göndərib. Modern.az xəbər verir ki, məktub “Euronews” televiziya kanalından başqa, Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Avropa Yayım İttifaqı (EBU),  Beynəlxalq Mətbuat İnstitutu (IPI) şəbəkələrinə də ünvanlanıb.

Məktubda bildirilib ki, bu günlərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə tanışlıq səfəri çərçivəsində “Euronews” əməkdaşları tərəfindən hazırlanan və telekanal vasitəsilə yayımlanan reportaj təssüf doğurub: “Həmin süjetdə Belçikanın Lüven Katolik Universitetinin Akademik Şurasının direktoru, professor Bernar Kuli çıxış edərək Dağlıq Qarabağın Ermənistan ərazisində zəngin mədəniyyətə malik bir bölgə olduğunu bildirib. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və separatçı rejimin idarə etdiyi Dağlıq Qarabağ “müstəqil dövlət”, separatçıların başçısı Bako Saakyan isə qondarma qurumun “prezidenti” kimi təqdim olunub. 

Müxtəlif ölkələrdə milyonlarla tamaşaçısı olan “Euronews” Azərbaycan Respublikasında kabel televiziyaları vasitəsilə yayımlanır. Azərbaycan tamaşaçıları bu telekanalın məlumatlarını tərəfsiz, professional xəbər mənbəyi hesab edirlər. Lakin telekanalın Dağlıq Qarabağda səfərdə olan əməkdaşlarının təqdim etdiyi reportaj bizdə böyük narazılıq doğurub. Bu material “Euronews”in ənənəvi standartlarına uyğun deyil, birtərəfli və məqsədli şəkildə hazırlanıb. Bir vaxt sovet rejiminin təsiri ilə yayımlanan qeyri-obyektiv informasiyalar Qarabağ münaqişəsinin gündən-günə alovlanmasına və problemin həllinin uzanmasına şərait yaratdı. Qarabağ məsələsini yanlış, qərəzli  informasiya və məlumatlar hesabına qanlı toqquşmalara çevirən qüvvələr indi də münaqişənin həllinə maneçilik törətməklə məşğuldurlar. 

Biz belə hesab edirik ki, rəsmi Bakının rəyi öyrənilmədən belə bir verilişin nümayiş etdirilməsi nəinki telekanalın prinsiplərinə, ümumiyyətlə beynəlxalq jurnalistika standartlarına ziddir və bu cür yanaşma telekanalın nüfuzuna xələl gətirir.  

Birmənalı şəkildə və qətiyyətlə bildiririk ki, telekanal əməkdaşlarının Dağlıq Qarabağa  Ermənistan ərazisindən daxil olması qanuna, beynəlxalq hüquq və normalara zidd və hörmətsizlikdir”.

BAMF bu cür verilişlərin geniş auditoriyada yayımlanmasının bölgədə münaqişənin həllini daha da çətinləşdirdiyini və belə süjetlərin verilməsinin bu yaxınlarda 32 beynəlxalq təşkilat tərəfindən imzalanan “Terrorizm, Media və Hüquqa dair Vyana Deklarasiyası”nın prinsiplərinə də zidd oluğunu vurğulayıb. 

“İnanırıq ki, bu məktubumuz “Euronews” telekanalının rəhbərliyi tərəfindən anlaşıqla qarşılanacaq, Dağlıq Qarabağ probleminin həlli və regionda münaqişənin nizamlanması istiqamətində göstərilən səylərə mane olacaq bu sayaq verilişlərin yayımlanmasına bir daha yol verilməyəcək. Əmin olmaq istərdik ki, telekanalın rəhbərliyi yayımlanan süjetin həqiqətə uyğun olmadığını və birtərəfli məqsədə xidmət etdiyini nəzərə alaraq məsələyə efir vasitəsilə öz obyektiv münasibətini bildirəcək”-deyə məktubda bildirilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir